XX Əsr Güney Azərbaycan Milli Azadlıq Hərəkatının Zirvəsi- "21 Azər"

Xəbərin çap versiyası
Tarix: 6-12-2017, 21:49    |    Xəbər oxunub: 673 dəfə
XX Əsr Güney Azərbaycan Milli Azadlıq Hərəkatının Zirvəsi-


"21 Azər" ərəfəsində sosial-syasi və iqtisadi vəziyyət


1-ci hissə

Rza şah hakimiyyəti (1925- 1941) 20-ci əsr Güney Azərbaycan tarixinin ən dəhşətli, qaranlıq və zorakılıq illəri kimi yadda qalmışdır. Hakim rejimin daxili siyasətinin əsas istiqaməti tez bir zamanda ölkədə iki ən böyük xalqlardan biri olan azərbaycanlıları assimilyasiya etməkdən, onun dilini aradan aparmaqdan, yer adlarından tutmuş soy adlara qədər farslaşdırmaqdan və s. ibarət olmuşdur. Azərbaycana göstərilən ögey münasibət onu mərkəz əyalətlərdən xeyli geri salmış, onun sənayesində, kənd təsərrufatında infrastrukturunda tənəzzül yaratmışdır. İndi olduğu kimi həmin illərdə azərbaycanlılar iş axtarmaq, ailələrini dolandırmaq məqsədilə iş dalınca İranın iri şəhərlərinə getmək və ağır fiziki işlərdə çalışmaq məcburiyyətində qalmışlar.


Milli regionlarla mərkəz arasında ziddiyyət yeni düyünlər yaradırdı. Milli burjuaziyanın orta və aşağı təbəqələrindən tutmuş geniş kəndli kütləsinədək, hamı, o sıradan mütərəqqi ziyalılar, ruhanilər rejimin zorakılıq və özbaşınalığından cana gəlmişdilər. Rejimə qarşı çıxanlar dəstə-dəstə zindanlara doldurulmuş, ab-havası ağır yerlərə sürgün edilmiş, ölkə vətənpərvərlər və azadlıqsevərlər üçün zindana çevrilmişdi. Belə bir şəraitdə, 1941-ci il avqust ayının 25-də 1921-ci il Sovet-İran müqaviləsinin 6-cə maddəsinə əsaslanan sovet ordusunun (daha sonra İngiltərə və ABŞ-ın hərbi qüvvələrinin) hitlerçilərin fəallaşdığı İrana daxil olması ilə ölkənin işğal edilməsi, Rza şahın öz oğlu Məhəmməd Rzanın xeyrinə istefa verməsi (16.09.1941) və ölkədən getməsi (17.09.1941), dövlət ordusu və jandarm qüvvələrinin pərən-pərən düşməsinin objektiv nəticəsi kimi irtica geriyə çəkilməyə məcbur oldu. Bunlar hamısı bütün İranla birlikdə Güney Azərbaycanda da demokratik və milli qüvvələrin əl-qolunu açdı, onu yeni mübarizəyə ruhlandırdı. Zindanlardan azad olanlar və sürgünlərdən qayıdanlar sırasında milli qüvvələrin ziyalı, təcrübəli və dəyanətli nümayəndələri çox idi. Onlar azadlığa çıxan kimi vətənin taleyini, onun qurtuluş yollarını düşünüb, axtarmağa başladılar. Bütün vətənpərvərləri vahid cəbhədə birləşdirmək günün zəruriyyəti kimi qarşıya çıxdı. Azərbaycanlı vətənpərvər və azadlıqsevərlər müxtəlif partiyalar və cəmiyyətlərdə, o cümlədən 1941-ci il sentyabrın 29-da Tehranda yaradılmış İran Xalq Partiyası (İXP) Azərbaycan təşkilatlarında, İran Həmkarlar İttifaqında, antifaşist cəmiyyət və birliklərdə, müxtəlif milli-mədəni cəmiyyətlərdə fəaliyyətə başladılar. Bu təşkilatlardan "Azərbaycan" cəmiyyətinin fəaliyyəti demokratik və milli qüvvələrin səfərbər edilməsində xüsusilə çox faydalı olmuşdur. 1941-ci ilin oktyabrında azərbaycanlı ziyalıların vətənpərvər, demokratik və milli nümayəndələrini öz sıralarında birləşdirməklə yaranmış cəmiyyət noyabrın 1-dən Azərbaycan və fars dillərində "Azərbaycan" qəzetinin nəşrinə başladı. Fəaliyyətdə olduğu qısa müddət ərzində (1942-ci ilin əvvəllərində cəmiyyət və onun orqanı mərkəzin irticaçı qüvvələri tərəfindən qadağan edilmişdir) İrandakı Azərbaycan türklərinin özünü bir millət kimi tanıması prosesinin dərinləşməsində, milli mədəniyyətin inkişafı yolunda son dərəcə böyük rol oynadı.
40-cı illərin əvvəllərində İranın başqa regionlarından fərqli olaraq Güney Azərbaycanda sosial-siyasi və iqtisadi ziddiyyətlər, onun xalqına qarşı yeridilən milli zorakılıq siyasəti burada hadisələrin gedişini artıq sürətləndirdi. Bu bölgə əhalisinin yaxın keçmişdəki inqilabi təcrübəsi öz növbəsində az rol oynamadı. Hadisələrin gedişi və xalq hərəkatının təqib etdiyi hədəf Azərbaycan daxilindəki bütün vətənpərvər qüvvələrin vahid bir milli siyasi mərkəzdə birləşməsini və Azərbaycanın milli müqəddaratının həll olunmasını tələb edirdi. Azərbaycan Demokrat Firqəsinin (ADF) yaranmasını da bu tarixi ehtiyacdan irəli gəlmişdi.

Qaynaq: Şövkət Tağıyeva, Əkrəm Rəhimli, Səməd Bayramzadə. (2000). Güney Azərbaycan. Orxan. Bakı. 2000


2-ci hissə
AZƏRBAYCAN DEMOKRAT FİRQƏSİNİN YARANMASI


XX Əsr Güney Azərbaycan Milli Azadlıq Hərəkatının Zirvəsi-


Belə bir şəraitdə milli ruh Azərbaycan cəmiyyətinin, demək olar ki, bütün təbəqələrini öz təsiri altına almış, onlarda milli quruluşa və qələbəyə inam oyatmışdı. Ümumi Azərbaycan üzrə xalq hərəkatına rəhbərlik etmək və onu ümumi İran miqyasındakı demokratik hərəkatla əlaqələndirmək, daha geniş təbəqələri hərəkata qoşmaq, kütləni mütəşəkkil şəkildə vahid hədəfə yönəltmək üçün bir təşkilat lazım idi. Bu təşkilat 1945-ci ilin sentyabr ayının 3-də (1324-cü il şəhrivərin 12-də) S. C. Pişəvərinin başçılığı altında yaradılmış Azərbaycan Demokrat firqəsi (partiyası) – ADF) idi. Belə bir təşkilatın yaranması haqda bəhsdən əvvəl İranda Sovet faktorunun Güney Azərbaycandakı hadisələrə təsiri kimi mühüm cəhətə toxunmaq zəruridir, qaçılçazdır.
İkinci cahan savaşı başlandığı zamandan (sentyabr, 1939) etibarən Baltikyani ölkələr, eləcə də “bölünmüş xalqlar”ın taleyi bəhanə edilərək Qərbi Belarus, Qərbi Ukrayna və Bessarabiya zəbt edildikdən sonra (sonuncu üçlər müvafiq sovet respublikalarına birləşdirildi) Stalinin işğalçı planlarında növbəti obyekt kimi Güney Azərbaycan xüsusi yerlərdən birini tuturdu və İrandakı sovet kəşfiyyatı buradakı vəziyyət haqqında lazımi məlumatı göndərirdi – Stalin Güneydə tapdalanan öz milli, insani hüquqları uğrunda mübarizəyə qalxmaq üçün hazır olan sosial-siyasi qüvvələrin mövcudluğunu bilirdi.
Sovet ordusunun İranın şimalına daxil olması, Rza şahın hakimiyyətdən getməsi ilə demokrat vətənpərvər ziyalıların milli dirçəliş yolunda fəaliyyətə başlaması, bu halda Quzeydəki qardaşlarla, həmvətənlərlə yaxınlığa can atması və buna güclü meylin olması (İrandakı sovet faktoru artıq buna münasib şərait yaradırdı) Stalinin Güney haqqında düşünülmüş gizli planlarına tam cavab verirdi. Qırmızı Ordunun İrana yeridilməsi ilə eyni zamanda Stalin tərəfindən o vaxtki rəhbər partiya və dövlət işçiləri, ziyalıları, hərbi qulluqçuları və s. üzərinə fövqəladə və səlahiyyətli bir missiya – Cənubi Azərbaycanda milli-mədəni və siyasi dirçəlişə yardım vəzifəsi qoyuldu. 1941-ci il oktyabrın 11-dən Təbrizdə Azərbaycan türkçəsində “Vətən yolunda”, Urmiyada isə “Qızıl əsgər” qəzetlərinin nəşri (rəsmən hər iki qəzet sovet ordusundakı azərbaycanlı zabit və əsgərlər əslində isə məhz ərəb qrafikasında olmaqla yerli əhali üçün nəzərdə tutulmuşdu), təqribən eyni vaxtdan (oktyabrın ortalarından) Azərbaycan Opera və Balet teatrının qastrolları, müxtəlif musiqi kollektivlərinin səfərləri və hər bir təbliğatçı dəstəsindən milli hisslərə daha güclü qida verən bu kimi onlarla digər tədbirlər həmin qəbildən idi. Yuxarıda adı çəkilən “Azərbaycan cəmiyyəti” və onun mətbu orqanı olan “Azərbaycan” qəzetinə göstərilən yardım həmin siyasətdən doğurdu. Azərbaycanın cənubi üçün son dərəcə həlledici əhəmiyyəti olan bəhs edilən əlaqələr və tədbirlər Güney Azərbaycanda Seyid Cəfər Pişəvərinn başçılığı ilə aşağıda qeyd ediləcək Milli Hökümət yaradılmasından (12 dekabr 1945-ci il) sonra daha geniş miqyas aldı.
1945-ci ilin yayında Güney Azərbaycanda milli partiyanın yaradılması zərurəti meydana gəldikdə bu iş neçə namizəd içərisindən S.C. Pişəvəriyə həvalə edildi. Məsələ ilə bağlı o, avqust ayında Bakıda olmuş, burada təşkilatın adı və məramnaməsi layihəsinin müzakirəsi keçirilmiş və bəyənilmişdi.
Beləliklə, Azərbaycan SSR vasitəçi olmaqla sovetlərin yardımı ilə Güney Azərbaycanda fövqəladə mühüm hadisələrə hazırlıq işləri gedirdi. O zamankı şəraitdə Güneydə milli azadlıq hərəkatının zirvəsinə doğru yolda Sovetlər İttifaqının açıq yardımından və şəxsən Stalinin məsləhətlərindən – zamanın və taleyin verdiyi nadir şansdan istifadə olunması, şərksiz, məqbul hərəkət idi. Bir də buna görə ki, bütün məsləhətləşmələr və yardımlar güneylilərə dost-doğma olan quzeyli həmvətənlərin əli ilə edilirdi. Təmənnasız edilən bu qardaş yardımlarından imtina özü böyük və bağışlanmaz qəbahət olardı. Bunlarla yanaşı xüsusi vurğulanmalıdır ki, sovetlərin hərəkatı öz istədikləri məcraya yönəltmək cəhdlərinə baxmayaraq, 1941-1946 –cı illər hərəkatı Güney Azərbaycanının öz sosiyal-siyasi zəminində yaranıb inkişaf etmiş və hərəkatın rəhbəri Seyid Cəfər Pişəvəri əvvəldən axıradək öz müstəqilliyini qoruyub saxlamışdı.
1945- ci il sentyabr ayının 3-də (1324-cü il şəhrivərin 12-də) ADF-nin asasını qoyan 77 nəfərdən ibarət təsisçinin adından xalqa müraciət edildi. “12 şəhrivər” (3 sentyabr) müraciətində Azərbaycan xalqının mübarizəsinə rəhbərlik etmək və onun hədəfə çatdırmaq məqsədi ilə firqənin yaradıldığı elan olundu, onun məqsəd və məramı şərh edildi, yaradılmasını zəruri edən səbəblər göstərildi. Azərbaycana öz daxili işlərini idarə etmək, azadlıq və milli muxtariyyət, qanun çərçivəsində öz müqəddaratını təyin etmək, xalq tərəfindən əyalət və vilayət əncümənlərini (şuralarını) seçib onların fəaliyyətinə imkan vermək, məktəblərdə dərsləri ana dilində - türk dlində tədris etmək, milli universitet açmaq, iqtisadiyyatın bütün sahələrini nizama salıb, onu inkişafa yönəltmək, Azərbaycandan götürülən gəlirin və toplanan vergilərin yarısından çoxunu Azərbaycanın öz daxili ehtiyaclarına sərf etmək, aqrar-kəndli məsələsini ədalətlə nizama salmaq, kimsəsiz uşaqlara sahib durmaq, zəruri məhsulların, valyutanın və qızılın Azərbaycandan çıxarılıb Tehrana daşınmasının qarşısını almaq, dövlət torpaqlarının və Azərbaycandan qaçmış feodalların, mənsəb sahiblərinin torpaqlarını torpaqsız və aztorpaqlı kəndlilər arasında bölüşdürmək və s. bu kimi günün vacib məsələləri 12 maddədən ibarət olan bu müraciətnamədə öz əksini tapırdı. “12 şəhrivər” Müraciəti ADF-nin yaranmasından 2 gün sonra 1945-ci ilin sentyabr ayının 5-dən etibarən Azərbaycan türkçəsində Təbrizdə çap edilən “Azərbaycan” qəzetində dərc edildi.
ADF-nin yaranması Güney Azərbaycan xalqının öz inqilabi mübarizə tarixində böyük nailiyyət idi. Xiyabani hərəkatı dövründə yaradılmış eyni adlı fərqli olaraq ADF milli qüvvələrin mütəşəkkil, savadlı, mübariz təşkilatı kimi yaradılmışdı. Onun məramnaməsində nə kommunistlikdən, nə sosializmdən və nə də marksizmdən söz açılır, Lenin və Stalindən ad belə çəkilmir, xalq təzadlı siniflərə bölünmür, mülkiyyət hüquqi isə qorunur və saxlanılırdı. S.C. Pişəvəri aydın deyirdi: “ADF (partiyamız) marksist partiya deyil, milli partiyadır”.
Hamı bərabər hüquqda, vahid bir əqidəyə - azərbaycanlılıq əqidəsinə- səfərbər edilirdi. ADF-nin hakimiyyəti dövründə bu prinsip həmişə ön planda dayanmışdı. Firqənin Məramındakı millilik, problemlərə konkret və əməli yanaşma az bir müddət içərisində onu Azərbaycanda bütün təbəqələrin mənafeyini təmsil edən nüfuzlu bir təşkilata çevirmiş oldu. Digər partiyaların, o sıradan İran Xalq Partiyasının, birlik və cəmiyyətlərin sırasında fəaliyyət göstərən on minlərlə azərbaycanlının firqə sıralarına böyük axını başladı. Azərbaycandakı bu qaynar vəziyyət və xüsusilə ADF-nin xalq içərisində nüfuzunun durmadan artması şahın və hakim dairələrin ciddi narahatlığına səbəb oldu. Azərbaycandakı xalq hərəkatına qarşı Tehranda baş nazir Möhsün Sədrin rəhbərliyi altında Məhəmməd Rza şahın razılığı ilə 1945-ci il sentyabr ayının 12-də yeni bir qəsdə əl atıldı. Bir gecənin içərisində Təbrizdəki bütün firqə fəallarının həbs edilərək Tehrana aparılması planlaşdırıdlı və bu haqda şah qoşunlarının Təbrizdəki komandanı general Ələkbər Dirəxşaniyə xüsusi göstəriş verildi. Azərbaycanı və azərbaycanlıları yaxşı tanıyan Ə. Dirəxşani göstərişin icrasından imtina etmiş və firqə fəallarının kütləvi şəkildə həbs edilməsindən Tehran üçün ağır nəticələr verə biləcəyini xatırladaraq demişdir: “Şahənşahın fərmanını icra etmək bizim müqəddəs vəzifəmizdir, lakin diqqətli olmaq laımdır. Bura Azərbaycandır...onunla İranın digər əyalətləri kimi rəftar etmək olmaz. Azərbaycan İran dövlətinin gerbində tacı və qılıncı saxlayan şirdir. İndi bu şir həyəcanlanmış və təlatümdədir. O qəzəblənib hərəkata gələrsə, qarşısını almaq çətin olar, tac yerindən oynar, qılınc əldən düşər”.
ADF-nin 3 sentyabr tarixli Müraciyyətindən 10 gün sonra onun ilk konfransı keçirildi. Konfrans S.C.Pişəvəri başda olmaqla 11 nəfərdən ibarət əməli komitə yaratdı və ADF-nin İ-ci qurultayını çağırmağa hazırlıq işlərini Komitəyə həvalə etdi. 1945-ci il oktyabr ayının 2-də Azərbaycanın müxtəlif bölgələrindən seçilmiş 277 nümayəndənin iştirakı ilə Təbrizdə ADF-nin 1=ci qurultayı işə başladı. Qurultay ADF-nin Məramnamə və Nizamnaməsini qəbul etdi, mərkəzi orqanları seçdi, Mərkəzi Komitəyə (MK) 42, Mərkəzi Təftiş komissiyasına isə 12 nəfər seçildi. S.C.Pişəvəri partiyanın sədri seçildi. Qurultay eyni zamanda yaxın gələcək üçün iş proqramı qəbul etdi. Qurultay oktyabrın 4-də öz işini uğurla başa vurdu. Bu qurultay ümumxalq mübarizəsini irəli aparmaqda, bütün qüvvələri mübarizəyə səfərbər etməkdə, məmləkətin qarşısında duran problemləri və vəzifələri düzgün müəyyənləşdiriməkdə mühüm əhəmiyyətə malik olmuşdur.
1-ci qurultaydan sonra şah rejimin və yerli irticanın ADF-yə və onun yerlərdəki fəallarına qarşı hücumu daha da şiddətləndi. Elə bu zamanda da İran Məclisi mövcud ölkə Konstitusiyasına zidd olaraq 15-ci çağırış Məclis seçkilərini təxirə salmaq haqda 1945-ci ilin oktyabr ayının 11-də qərar qəbul etdi. Daxili siyasi vəziyyətin həddən artıq gərgin olduğu belə bir şəraitdə, 1945-ci ilin noyabr ayının 8-də ADF MK-nin Təbrizdə 2 –ci geniş Plenumu çağırıldı. 21 Azər inqilabının təşkilində, gedişində və qələbəyə qovuşmasında ADF-nin 2 –ci geniş Plenumunun qərarları müstəsna rol oynamışdır. Geniş Plenum artıq Tehranı gözləmədən Azərbaycanda əncümən (yerli özünüidarə şuraları) seçkilərinə başlanılması, kəndlərdə jandarm və feodal özbaşınalıqlarına cavab vermək üçün konkret tədbirlər görülməsini, irticanın hücumuna qarşı təsirli tədbirlərə əl atılması haqda qərar və qətnamələr qəbul etdi. İki gün davam edən geniş Plenum özünümüdafiə məqsədilə silahlı dəstələr yaradılması haqda qərar qəbul etdi. Əlində bu 21 Azər üsyanının başlandığıcı idi.
21 Azər inqilabına hazırlıq görülərkən burada iştirak edən qüvvələrin sinfi mənsubiyyətinə yox, ümumxalq işinə, vətənin azadlıq və istiqlaliyyətinə bağlılığı əsas götürülmüşdü. Buna görə də 21 Azər inqilabında bütün sinif, təbəqə və zümrələrin – kəndlilərin, fəhlələrin, ziyalıların, tacir və bazar əhlinin, ruhanilərin, habelə hərəkata rəğbət bəsləyən sahibkar və mülkədarların, bir sözlə bütün xalqın iştirakına yol açıq idi. Bu mənada 21 Azər ümümxalq inqilabi idi. Haqqı tapdalanmış, dili, mədəniyyəti buxovlanmış, özü məzlum vəziyyətə salınmış, əzilmiş bir millətin – Güney türklərinin vulkan püskürməsi idi. Hərəkatın rəhbəri S.C.Pişəvəri göstərirdi ki, “biz fəaliyyətə başlayan gündən möhkəm bir hərbi təşkilat yaratmaq yolunda çalışırdıq... Silah tapmaq, fədai təşkilatı yaratmaq məsələsi bizim fəaliyyətimizin əsas məsələlərindən olmuşdur”. Partiya rəhbərliyi bu istiqamətdə ciddi iş aparırdı.
Artıq 1945-ci ilin sonuna doğru Azərbaycanın bütün şəhər və kəndlərində rejim əleyhinə və irticanın özbaşınalığına qarşı ümümxalq hərəkatı elə bir səviyyəyə gəlib çatmışdı ki, onun xofu Tehranda Məclis vəkillərindən tutmuş dövlət məmurlarına, jandarm və ordu başçılarınadək gedib çata bilmişdi. “Çamadanı bağlayıb qaçmaq” təkcə Azərbaycanda yox, Tehranın özündə də geniş miqyas almışdı. İran qoşunlarının o zamankı baş qərargah rəisi general Ərfənin Azərbaycandakı hərbi birləşmə rəislərinə hərəkata qarşı güc işlətmək haqda göstərişi də əməli bir fayda vermədi. 1945-ci ilin noyabrın 16-dan 17-ə keçən gecə Azərbaycanın bir sıra şəhər və rayonlarında, o cümlədən Marağa, Mərənd, Miyana, Sərab və Ərdəbildə ilk fədai dəstələri həmin yerləri rejimin silahlı qüvvələrindən azad etdi. Həmin ilin dekabrın 12-dək (21 Azər) Güney Azərbaycannın əsas ərazisi irtica qüvvələrindən azad edildi, xalq azadlıq və müstəqilliyin ilk nübarını daddı.

Ardı var...

Səadət Kərimi, Azərbaycan-İsveç Federasiyası, İdarə Heyətinin üzvü



AFN.az
Redaksiyamızla əlaqə: tel; 055 260 69 84, e-mail afn.news@mail.ru




Diqqətinizi çəkə biləcək digər xəbərlər
Bakıya 20 ədəd avtobus gətirilib-

Bakıya 20 ədəd avtobus gətirilib- FOTOLAR

Diaspor rəhbəri Ukraynanın aparıcı KİV nümayəndələri ilə görüşdü-

Diaspor rəhbəri Ukraynanın aparıcı KİV nümayəndələri ilə görüşdü- FOTOLAR

Silahlı Qüvvələrin rəhbər heyətinin toplantısı keçirilir-

Silahlı Qüvvələrin rəhbər heyətinin toplantısı keçirilir- FOTOLAR

MŞ sədri Tiflisdə beynəlxalq toplantıda iştirak edib

MŞ sədri Tiflisdə beynəlxalq toplantıda iştirak edib

"Bakcell"ə Qərbi Kaspi Universiteti arasında əməkdaşlıq memorandum imzalanıb- FOTOLAR

Kərəm Həsənov Ağcabədidə vətəndaş qəbulu keçirib

Kərəm Həsənov Ağcabədidə vətəndaş qəbulu keçirib

Gəncəyə qarşı təxribat xarakterli yazıların SİFARİŞÇİSİ bəlli oldu-

Gəncəyə qarşı təxribat xarakterli yazıların SİFARİŞÇİSİ bəlli oldu- “Şikayətçilərin” XAÇ ATASI var imiş

Patent və Əmtəə Nişanları Mərkəzi 2017-ci il üzrə “UĞUR” Milli Mükafatının laureatı elan edilib

Patent və Əmtəə Nişanları Mərkəzi 2017-ci il üzrə “UĞUR” Milli Mükafatının laureatı elan edilib

ATMU-da “Turizm biznesi: təhsildən karyera doğru” adlı tədbir keçirilib-

ATMU-da “Turizm biznesi: təhsildən karyera doğru” adlı tədbir keçirilib- FOTOLAR

Hava dumanlı və çiskin olacaq...

Hava dumanlı və çiskin olacaq...

Xırdalanda 17 mərtəbəli bina yanır, sakinlər köməksiz vəziyyətdə qalıb-

Xırdalanda 17 mərtəbəli bina yanır, sakinlər köməksiz vəziyyətdə qalıb- FOTOLAR-YENİLƏNİB

Diqqət! Cəriməsi olan sürücülərə qadağa gəlir

Diqqət! Cəriməsi olan sürücülərə qadağa gəlir

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur