XX Əsr Güney Azərbaycan Milli Azadlıq Hərəkatının Zirvəsi- "21 Azər"-(3-cü və 4-cü hissə)

Xəbərin çap versiyası
Tarix: 7-12-2017, 14:42    |    Xəbər oxunub: 569 dəfə
XX Əsr Güney Azərbaycan Milli Azadlıq Hərəkatının Zirvəsi-


Azərbaycan Xalq Konqresi



Geniş xalq toplantısı çağırmaq ideyası hələ ADF-nin 2-ci geniş Plenumu tərəfindən irəli sürülmüşdü. Xalq Konqresini çağırmaq uğrunda 1945-ci ilin noyabr ayının 10-dan 20-nədək on gün fasiləsiz Ümumazərbaycan üzrə keçirilmiş mitinq və nümayişlər, toplantılar və iclaslar mühüm rol oynamışdır. Bu ümumxalq yığıncaqlarında əncümənlərin təşkil olunması, İran daxilində Azərbaycana geniş muxtariyyət verilməsi haqda qərarlar qəbul edilir və bu qərarların tezliklə əməli olaraq yerinə yetirilməsi üçün xalq arasından elçilər seçilib mərkəzə, Təbrizə göndərilirdi. Mərkəzə göndərilən elçilərin adı, soyadı böyük parçalar üzərinə yazılaraq imza olunurdu. Bu tarixi sənəd xalq nümayəndələri vasitəsilə mərkəzə çatdırılırdı.

1945-ci ilin noyabrın 20-də bölgələrdən gələn xalq nümayəndələrindən ibarət Azərbaycan Xalq Konqresi (AXK) Təbrizdə işə başladı. 724 nümayəndənin iştirak etdiyi AXK Azərbaycanın sosial-iqtisadi və siyasi vəziyyətini, eləcə də Tehranın bu milli bölgədəki ayrı-seçkilik münasibətini təhlil edib nəzərdən keçirdikdən sonra belə bir tarixi qərar qəbul etdi: ”Azərbaycan xalqı özünün daxili işlərini idarə etmək və milli muxtariyyatını təmin etmək üçün Əyalət əncüməni təşkilini bir qədər genişləndirib, ona Milli Məclis (MM) şəkli verir. İranın daxilində və İranın ərazi bütövlüyünə, istiqlaliyyətinə heç yolla xələl gətirmədən özünün Milli hökümətini vücuda gətirir. AXK özünü Müəssislər Məclisi elan edir”.

Müəssislər Məclisi qəbul etdiyi Bəyannamə vasitəsilə Azərbaycan xalqının istək və tələblərini İran şahına, İran Məclisinə, İran hökümətinə, eləcə də ABŞ, İngiltərə, SSRİ və Fransa dövlətlərinə çatdırdı. Bəyannamədə azərbaycanlıların da başqa xalqlar kimi muxtar və azad yaşamağa, öz müqəddəratını özü həll etməyə haqqı olduğu göstərilir. İran Məclisinə seçkilərin azad və demokratik şəraitdə keçirilməsi, vilayət əncümənlərinin yaradılması tələbləri irəli sürülür və bu tələblərin digər xalqlar və ölkələr tərəfindən müdafiə ediləcəyinə əminlik qeyd edilirdi.

Müəssislər Məclisi 39 nəfərdən ibarət Milli Heyəti və M.Ə. Şəbüstərini ona sədr seçir. AXK tərəfindən seçilmiş Müəssislər Məclisi əslində qanun vermək səlahiyyətinə malik idi. Beləliklə, ilk silahlı fədai dəstələrinin yarandığı gündən (23 oktyabr) Milli Heyətin fəaliyyətə başladığı tarixədək (21 noyabr) keçən təqribən bir aylıq dövr əslində Azərbaycanda ikihakimiyyətlik dövrü idi. Geniş xalq kütləsinə arxalanan Milli Heyət ilk mühüm addımlarını atdı: taxılın Azərbaycandan kənara daşınıb aparılmasının qarşısı alındı, mülkədarların əsassız iddiaları üzrə həbs edilmiş kəndlilər azad edildi, asayişi pozanlara qarşı tədbirlər gücləndirildi, ölkənin və xalqın xeyrinə bir çox işlər görüldü və s.

İran Məclisinə (15-ci çağırış) seçkilərin keçirilməsini bütün vasitələrlə ləngidən mərkəzi hökümətdən fərqli olaraq, Milli Heyət Azərbaycan MM-ə seçkilərə başlamaq haqda 1945 –ci il noyabrın 21 –də fərman verdi və şahın fərmanını gözləmədən Azərbaycanda MM-ə seçkilər keçirilməsi üçün hazırlıq kampaniyasına başladı. Bu vəziyyət mərkəzi höküməti ciddi təşvişə salıb, narahat etdi. Tehran biri digərinin ardınca öz elçilərini Azərbaycana göndərir, Azərbaycan rəhbərliyi ilə dil tapmağa, vaxtı uzatmağa çalışırdı.

Azərbaycan ərazisinin böyük bir hissəsinin İran hökümətinin nəzarəti altında qalmasına baxmayaraq 1945-ci il noyabrın 27- də Azərbaycanın hər yerində MM-ə seçkilər başladı. Seçkilər şah qüvvələrinə və irticaya qarşı kəskin mübarizə şəraitində keçirilirdi və dekabrın 1-də uğurla başa çatdı. Azərbaycan MM-ə 32 seçki dairəsindən 100 nəfər nümayəndə (deputat) seçildi. Azərbaycan ərazisinin daha böyük bir hissəsinin mərkəzi qüvvələrdən təmizlənməsi MM-ə seçki kompaniyası dövrünə təsadüf etmişdi. 1945-ci il Dekabrın 11-də Təbriz şəhəri bütünlüklə fədai dəstələrinin nəzarəti altına keçdi. Mərkəzi hökümətin nümayəndəsi, Təbriz qarnizonunun baş komandanı (fərmandeh) general Ə. Dirəxşani təslim olmaq aktını imzaladı. 1945-ci il dekabrın 12-də (21 Azər 1324-cü il) Təbrizdə təntənəli şəraitdə böyük ruh yüksəklilyi ilə Azərbaycan MM-in ilk iclası açıldı. MM Azərbaycanın sosial-iqtisadi və siyasi durumunu hərtərəfli nəzərdən keçirib, fəaliyyət proqramı hazırladı. Məclis daimi fəaliyyət göstərən 9 nəfərdən ibarət Rəyasət Heyətini seçdi. Mirzəli Şəbüstəri Məclisə sədr, Mirrəhim Vilayi katib seçildilər. MM-in işə başlaması ilə AXK tərəfindən keçid dövrü üçün seçilmiş Milli Heyət 21 günlük fəaliyyətdən sonra öz vəzifəsinə xitam verdi. Həmin gün – 1945 –ci ilin dekabr ayının 12-də (21 Azər 1324) Azərbaycan Milli Höküməti təşkil edildi. S.C. Pişəvəri yekdilliklə hökümətə başçı seçildi.

Güneydə milli hakimiyyət cəmi bir il davam etdi. Milli hakimiyyətin funksiyalarını ilk yarım ildə Pişəvərinin başçılıq etdiyi Milli Hökümət, 1946-cı il iyun ayının 13-də Təbrizdə İran höküməti ilə bağlanmış müqavilədən sonra isə Milli Hökümət əvəz etmiş Şura həyata keçirmişdir (həmin 2-ci mərhələdə S.C. Pişəvəri hərəkata rəhbərliyi ADF MK-nin sədri kimi davam edirdi). Bu bir illik fəaliyyət dövründə işlər, icra edilən tədbirlər o qədər zəngindir ki, Pəhləvi sülaləsi hakimiyyətdə olduğu bütün zaman ərzində Azərbaycanda bu işlərin mindən birini görə bilməmişdi.

XX Əsr Güney Azərbaycan Milli Azadlıq Hərəkatının Zirvəsi-


Azərbaycan Milli Hökümətinin 20 maddədən ibarət olan iş proqramı o qədər geniş və əhatəlidir ki, burada bəhs açmaq mümkünsüzdür. Odur ki, qarşıya qoyulan vəzifələrdən ən mühümlərinin sadalanması ilə kifayətlənməliyik. Azərbaycan muxtariyyatının dünyaya tanıtdırılması, demokratik əsaslarla əncümən seçkilərinə başlamaq və əncümənləri təşkil etmək, şəhər və kəndlərin abadlaşdırılması, yerlərdə dövlət vəzifələrinə vətənpərvər və ədalətli adamları irəli çəkmək, ədalətli vergi qanunu tətbiq etmək, fədai dəstələrinin və xalq qoşunlarının təchizatına və təlimləndirilməsinə fikir vermək, tədrisin və bütün ölkədə yazışmaların ana dilində aparılmasına, savadsızlığın ləğv edilməsinə nail olmaq və milli darülfünün açılmasını tezləşdirmək, iqtisadi tədbirlər sırasında ədalətli torpaq islahatının keçirilməsi, ərbab-rəiyət münasibətlərinin nizama salınması, dayanmış istehsal müəssisələrinin tezliklə işə salınması və yeni sənaye obyektlərinin inşası, milli sahibkarlığın dəstəklənməsi və təşviq edilməsi, infrastrukturun nizama salınması və onun ahəngdar işinin təmin edilməsi, işsizliyi aradan qaldırmaq üçün təsirli tədbirlərin həyata keçirilməsi, iş qanunu və sığortanın tətbiqi, səhiyyə xidmətinin yaxşılaşdırılması, Azərbaycanda yaşayan milli azlıqlara azərbaycanlılarla bərabər hüquq verilməsi və onların milli dil, mədəniyyət, adət-ənənələrinin inkişafına dövlət səviyyəsində qayğı göstərilməsi, İran hökümətinin Azərbaycanın milli mənafeyinə zidd olmayan qərar və qanunlarının tanınması və s. və i.a. – bütün bunlar hamısı Azərbaycan Milli Hökümətinin fəaliyyət proqramının əsasını təşkil etmişdi. Bunların hər biri ayrıca bəhsin mövzusudur. Bununla belə deməmək mümkün deyil ki, milli mədəniyyətin inkişafına göstərilən qayğı, ilk növbədə Azərbaycan türkçəsinin rəsmi dövlət dili elan edilməsi və bütün Azərbaycanda həyata keçirilməsi, Təbrizdə dövlət universiteti, dram teatrı və filarmoniyanın açılması, şair və yazıçılar birliyinin, bəstəkar və memarlar cəmiyyətlərinin yaradılması, çap işinin yüksək səviyyədə təşkili və i.a. işlər Güneydə əsl mənada mədəni inqilabdan xəbər verirdi.

Azərbaycandakı bütün sinif və təbəqələr Azərbaycan Milli Hökümətinin hərəkətverici qüvvələri idi. Azərbaycan gəncliyi Azərbaycandakı yeni quruluşu daha hərarətlə qarşıladı. Fədai dəstələrinin əsas hissəsi gənclərdən ibarət idi.

4 hissə
Azərbaycan Milli Hökümətinin Süqutu


Azərbaycan güneyində İran dövləti tərkibində muxtar bir milli qurumun meydana gəlməsi, onun Şimalla durmadan əlaqələrinin artması və Güneyin müstəqilliyinə aparan yolların sosial-iqtisadi və mədəni-siyasi bazasının qüvvətlənməsi Azərbaycanın muxtarlığına və İranda sovet nüfuzunun daha da möhkəmlənməsinə qarşı olan daxili və beynəlxalq qüvvələrin – həm şahın və bütövlükdə İran irticasının, eyni zamanda Amerikada və İngiltərə imperializminin və həm də sovet rəhbərliyindəki anti-azərbaycan (anti-türk) qüvvələrin narahatlığını artırdı. Bu narazı qüvvələr, xüsusilə birincilər beynalxalq münasibətlər məcrasında bir sıra addımlar atdılar. Odur ki, İran höküməti 1946-cı ilin yanvarında başlayaraq ABŞ və Böyük Britaniyanın ölkələri nümayəndələrinin təhriki ilə BMT-nin Təhlükəsizlik Şurasına Qırmızı Ordunun İrandan çıxarılmasının yubadılmasını (müharibə bitdikdən sonrakı 6 ayda bu hissələr ölkədən çıxarılmalı idi), sovet dövlətinin İranın daxili işlərinə qarışması və buna görə dövlətin Güney Azərbaycanda öz funksiyalarını yerinə yetirə bilməməsi ilə bağlı bir neçə dəfə (19.01., 17.03 və 21.05 1946) şikayət etdi və bu şikayətlər BMT TŞ-da müzakirə edildi. İran höküməti eyni zamanda Kremllə danışıqlara getdi. Diqqət çəkir ki, həm Moskva (19.02 – 06.03.1946), həm də Tehrandakı (20.03 – 04.04.1946) Sovet-İran danışıqlarının üç mövzusundan biri məhz Güney Azərbaycan muxtariyyatının tanınması problem idi. Bunun qeyd edilməsi də çox mühümdür ki, əgər Moskvadakı danışıqların bir çoxunda şəxsən iştirak etmiş Stalin Azərbaycan Milli Hökümətinin bütün nailiyyətlərini İranın rəsmən tanımasında təkid edirdisə, sonra qismən geri çəkildi və birinci problemin həllində, yəni İranın şimal (o cümlədən Güney Azərbaycan ərazisindəki) neft yataqlarının birgə istismarı üzrə Sovet-İran şirkətinin yaradılması məsələsində İran dövlətinin razılığı əldə edildi – aprelin 4-də Tehranda bununla bağlı müqavilə imzalandı.

Pişəvəri isə Milli Hökümətin mövqeyindən dönmədi. O, həm Moskva danışıqları günlərindəki məsləhətləşmələrdə həm də Azərbaycan nümayəndələrinin Tehrandakı danışıqlarında (29.04 – 13.05.1946) Milli Hökümətin başlıca nailiyyətlərinin – Milli Məclisin, Milli Ordunun və s. mərkəz tərəfindən tanınmasında israr etdi. Lakin Stalinin Azərbaycan məsələsində uduzduğunu başa düşməsi və ABŞ-İngiltərə cütlüyünün dəstəklədiyi İran hökümətinin TŞ-da təkidli tələbləri qarşısında sovet qoşunlarını İrandan çıxarılması regionda siyasi vəziyyətin dəyişdiyini və bunun Azərnbaycanın xeyrinə olmadığını göstərdi. Nə bu vəziyyət, nə də Stalinin teleqramı və ardınca məktubu Pişəvərini Tehranda mərkəzin təklif etdiyi güzəştli şərtlərə qol çəkməyə razı sala bilmədi. Lakin bununla belə uğurların çoxunun qoruması xatirinə müqavilənin bütövlükldə qəbul edilməsinin labüdlüyü aydın idi. Bu dəfə Təbrizə gəlmiş Tehran nümayəndələri ilə danışıqlar iyunun 13-də qarşılıqlı surətdə razılaşdırılmış müqavilənin imzalanması ilə nəticələndi. Azərbaycan Milli Höküməti ilə İran mərkəzi höküməti arasında imzalanan müqaviləyə əsasən İran höküməti 21 Azər hərəkatını Azərbaycan xalqının demokratik hərəkatı kimi tanıdı, Azərbaycan türkçəsini Azərbaycan üçün rəsmi dil olaraq qəbul etdi və Konstitusiyanın tələbləri əsasında bütün İranda demokratik dəyişikliklər edəcəyinə söz verdi. Bunun müqabilində Azərbaycan Milli Höküməti də güzəştlərə getdi. Belə ki, Azərbaycan Milli Hökümətinin Azərbaycan ostandarlığı (Şura yaradılmaqda) və Azərbaycan MM-in Əyalət Əncüməni ilə əvəz edilməsinə, Azərbaycan ərazisindən Zəngan ostanının çıxarılmasına, fədai dəstələrinin, Xalq Qoşununun mərkəzi dövlət qoşunlarının tərkibinə daxil olunmasına və digər maddələrin həyata keçirilməsinə razılıq verildi.

XX Əsr Güney Azərbaycan Milli Azadlıq Hərəkatının Zirvəsi-


Lakin Tehran tərəfindən verilən vədlərə əməl edilmədi, müqavilənin şərtləri həyata keçirilmədi, eyni zamanda 15-ci Məclisə seçkilər qəsdən yubadıldı. Güney Azərbaycandakı demokratik və milli uğurların bütün İrana yayılacağına özlərinin böyük bir regiondakı nüfuz və ağalığına zərbə kimi baxan İngiltərə və ABŞ dövlətləri isə İran dövlətlərindən Azərbaycandakı hərəkatın ləğv olunmasını tələb edirdilər.

Məhz onların himayəsi ilə 1946-cı ildə ”Azərbaycan məsələsi” bir neçə dəfə birləşmiş millətlər təşkilatında gündəliyin müzakirəsinə çıxarıldı. Həmin təşkilata Pişəvərinin ünvanladığı məktuba məhəl qoyulmadı.

Mərkəzi dövlətdə Milli Hökümət arasında danışıqlar gedən zaman İngiltərənin İrandakı səfiri İran hökümətinə rəsmən bildirmişdi ki, əgər Azərbaycan məsələsinə son qoyulmazsa, peşmançılığa səbəb ola biləcək hadisələr baş verə bilər.

Eyni vaxtda da Amerika gizli şəkildə İran dövlətinə 10 milyon dollarlıq silah vermək haqqında ölkə rəhbərləri ilə razılığa gəldi. Əvəzində İran höküməti Azərbaycan üzərinə hücum etməli, 15-ci dövrə Məclis nümayəndələrinin əksəriyyətini Amerikanın etimadını qazanan adamlardan təşkil etməli, aldığı silahlardan Amerika hərbi müşavirlərinin nəzarəti altında istifadə etməli idi. 1946-cı ilin sonuna doğru Amerika İrana 40 ədəd dörd motorlu bombardmançı təyyarə də verdi.

İranda olan Amerika səfiri Corc Allen İran dövlətinə bunu bildirmişdi: ”Hər qiymətə başa gəlirsə, gəlsin, Azərbaycan məsələsi həll edilməlidir. Silah gücü ilə də olsa, Azərbaycan hərəkatı aradan qaldırılmalıdır. Bu barədə İran dövlətinə nə kömək lazım gələrsə, Amerika höküməti heç nəyi əsirgəməyəcəkdir. Əks təqdirdə Amerika höküməti İranla olan münasibəti kəsəcəkdir”.

Digər tərəfdən Tehranla Moskva arasında neft müqaviləsi imzalandıqdan sonra Kreml rəhbərliyinin, şəxsən Stalinin ”21 Azər” hərəkatına açıq xəyanatkar meyli gücləndi. Beləki, artıq may ayının 8-də İran ərazisindən, yəni Azərbaycan və Kürdüstandan son hərbi hissələrini çıxarmış olan sovet rəhbərliyi 15-ci Məclisə seçkilərin ”rahat və dinc” şəkildə keçirilməsini təmin edən şəraitin yaradılması və sonda bu Məclis tərəfindən neft müqaviləsinin sovetlərin xeyrinə təsdiq edilməsi ümidində idi. Həmin şəraitdə sovet dövlətini, şəxsən Stalini sovetlərin ”xeyir-duası” ilə başlayan milli-demokratik hərəkatın taleyi və bölgədəki minlərlə insanın gələcəyi az maraqlandırırdı. Bu biganəliyi Stalinin Pişəvəriyə ünvanlanmış yuxarıda adı çəkilən 8 may 1946-cı il tarixli məktubundan da sezmək olar. İ.V. Stalin həmin məktubunda Pişəvəriyə ünvanlanan ittihamlar ”21 Azər” hərəkatına və Azərbaycan Milli Hökümətinə qarşı Stalin-Qəvam qəsdinin hazırlandığından və böyük xəyanətdən xəbər verir.

Stalin öz məktubunda Pişəvərini həm İran daxilində, həm də beynalxalq aləmdə vəziyyəti düzgün qiymətləndirməməkdə və ”Azərbaycan bütün inqilabi tələblərinə nail olmaq” istəyini ona günah sayır, onu İranda dərin inqilabi böhranın olmamasına, fəhlələrin sayca azlığına, kəndlilərin qeyri-fəal olduğuna və beynəlxalq vəziyyətin İranın xeyrinə olmamasına inandırmağa çalışır. Bütün ölkələrin inqilabi çevriliş vaxtı Rusiyanı təqlid etməyini mütləqləşdirən Stalin göstərir ki, ”…deməli, İranda belə bir şərait yoxdur ki, Leninin 1905 və 1917-ci illərdəki taktikasını yürütməyə imkan versin”. Stalin sovet qoşunlarının İrandan mümkün qədər bir az gec çıxarılmasını Avropa və Asiyada sovetlərin ”xilaskarlıq siyasətinin (əslində işğalçılıq və müdaxilə siyasətinin ) əsaslarını” sarsıda biləcəyini və buna görə də qoşunların İrandan çıxarılması zərurətini məktubda xatırladır.

Stalinə görə İranda inqilabi şəraitin olması üçün, İran hansı ölkə ilə isə uğursuz müharibə vəziyyətində olmalıdır. Elə bir vəziyyət olmadığı üçün Azərbaycandakı hərəkatı davam etdirməyin və dərinləşdirməyin məqsədəuyğunluğu yoxdur və buna əsasən sovet qoşunları oradan çıxarılmışdır. Stalin öz məktubunda bir vaxtlar irticaçı kimi tanınmış Qəvamı (baş nazir Qəvamüssəltənəni) indiki demokratik islahatlara tərəfdar adam kimi səciyyələndirir və onun ”İranın demokratik elementləri arasında dayaq axtardığı” qeyd olunur. Daha sonra Stalin məktubunda İranda sovet rəhbərliyinin taktikasının nədən ibarət olduğunu açıqlayaraq yazır: ”Mən fikirləşirəm ki, Qəvamdan güzəştlər qoparmaq üçün bu münaqişədən istifadə etməliyik, ona kömək göstərməliyik”. Bu taktikanın ələyhinə hər hansı bir addımı Stalin axmaqlıq hesab edir. Qəvama yardım etməyin ələyhinə olmağı Stalin ”mahiyyətcə Azərbaycan xalqının işinə və İran demokratiyasına xəyanət” kimi qiymətləndirir. Stalin həmin məktubunda Pişəvəridən elə onun özünə gileylənərək yazır: ”Bizə məlum olduğuna görə, Siz demisiniz ki, biz əvvəlcə Sizi göylərə qaldırmışıq, sonra isə uçuruma yuvarlamışıq və Sizi rüsvay etmişik”. Stalin davam edərək yazır ki, ”Sizin üçün hər hansı rüsvayçılıqdan söz ola bilməz… Əgər Siz özünüzü ağıllı aparsanız, …bizim mənəvi köməkliyimiz sayəsində… Sizə Orta Şərqdə mütərəqqi demokratik hərəkatın pioneri kimi, azərbaycanlılar da, İran da xeyir dua verər”.

Riyakarlıq pərdəsi ilə örtülən (çünki Stalin tərəfindən Güney Azərbaycanın mənafeyi artıq aprelin 4-də imzalanmış neft sazişinə qurban verilmişdi) həmin məktub bir daha Pişəvərinin dönməzliyini və hərəkata sadiqliyini, eləcə də sovet dövlətinin, şəxsən Stalinin Güneydəki xalq hərəkatına münasibətdə məsuliyyətsiz və böyük dövlətə, onun başçısına yaraşmayan mövqe tutması sovet rəhbərlərinə çatdırdığını göstərir.

Beləliklə, güzəştlər (aza qane olmaq) və əslində təslimçilik mövqeyindən başlanan bu siyasət, İranda yaranmış siyasi şərait Pişəvəri və həmkarlarını çox ağır da olsa, müəyyən güzəştlərə getməyə vadar edirdi. Həmin güzəştlər siyasəti yuxarıda göstərildiyi kimi iyunun 13-də Təbrizdə mərkəzlə müqavilə imzalanması və bu əsasda əvvəlcə noyabr ayınn ortalarında Zəngan şəhəri və vilayətinin təslimi, dekabrın əvvəllərində Azərbaycanın bir çox bölgələrinin, o sıradan dekabrın 12-də (21 Azər) Təbrizin İran qoşunları tərəfindən zəbt edilməsi, bir neçə gün əvvəl xalqa müraciətdə ”Öldü var, döndü yox!” deyən Pişəvərinin silahdaşları ilə zor gücünə Sovet İttifaqına mühacirətə aparılması və digər fəlakətlərlə nəticələndi.

Sovet xəyanəti nəticəsində 21 Azər hərəkatının qeyri mütəşəkkil şəkildə geri çəkilməsi və milli hakimiyyətin süqutu Güney azərbaycanlılara çox ağır başa gəldi. Bir illik xalq hakimiyyəti dövründə əldə edilmiş bütün nailiyyətlər məhv edildi. Azərbaycan dilinı, Azərbaycan mədəniyyətinə yenidən qanqal vuruldu, Təbriz universiteti, filarmoniyası və başqa mədəniyyət ocaqları bağlandı, milli dildə çıxan kitab və dərskillərə od vuruldu. Azərbaycan başdan-başa qan dəryasına çevrildi, şahlığın cəllad maşını burada yenidən işə salındı. Həmin dövrdə fransız qəzetlərinin biri etiraf edirdi ki, təkçə hökm ilə edam olunanların sayı 20 000 nəfərdən çox olmuşdur.

Yüz minlərlə ailə ab-havası ağır olan cənub bölgələrinə sürgünə göndərildi. Azadlıq mücahidləri zindanlara atıldı, dəstə-dəstə edam edildi…Lakin azadlıq ocağı söndürülsə də, kül altında qalmış közlər zaman keçdikçə közərməyə başladı.
”21 Azər” 20-ci əsrdə Güney Azərbaycanda baş vermiş milli azadlıq hərəkatlarının zirvəsi idi. Təsadüfi deyildi ki, Azərbaycan MH tərəfindən bu tarixi qələbənin şərəfinə xüsusi mükafat – ”21 Azər medalı” təsis edilmişdi.

Bu yüksək dövlət mükafatı hakimiyyəti ələ almaqla xüsusi fədakarlıq göstərənlərə verilirdi.


Qaynaq: Şövkət Tağıyeva, Əkrəm Rəhimli, Səməd Bayramzadə. (2000). Güney Azərbaycan. Orxan. Bakı. 2000

Səadət Kərimi, Azərbaycan-İsveç Federasiyası, İdarə Heyətinin üzvü



AFN.az
Redaksiyamızla əlaqə: tel; 055 260 69 84, e-mail afn.news@mail.ru




Diqqətinizi çəkə biləcək digər xəbərlər
Bakıya 20 ədəd avtobus gətirilib-

Bakıya 20 ədəd avtobus gətirilib- FOTOLAR

Diaspor rəhbəri Ukraynanın aparıcı KİV nümayəndələri ilə görüşdü-

Diaspor rəhbəri Ukraynanın aparıcı KİV nümayəndələri ilə görüşdü- FOTOLAR

Silahlı Qüvvələrin rəhbər heyətinin toplantısı keçirilir-

Silahlı Qüvvələrin rəhbər heyətinin toplantısı keçirilir- FOTOLAR

MŞ sədri Tiflisdə beynəlxalq toplantıda iştirak edib

MŞ sədri Tiflisdə beynəlxalq toplantıda iştirak edib

"Bakcell"ə Qərbi Kaspi Universiteti arasında əməkdaşlıq memorandum imzalanıb- FOTOLAR

Kərəm Həsənov Ağcabədidə vətəndaş qəbulu keçirib

Kərəm Həsənov Ağcabədidə vətəndaş qəbulu keçirib

Gəncəyə qarşı təxribat xarakterli yazıların SİFARİŞÇİSİ bəlli oldu-

Gəncəyə qarşı təxribat xarakterli yazıların SİFARİŞÇİSİ bəlli oldu- “Şikayətçilərin” XAÇ ATASI var imiş

Patent və Əmtəə Nişanları Mərkəzi 2017-ci il üzrə “UĞUR” Milli Mükafatının laureatı elan edilib

Patent və Əmtəə Nişanları Mərkəzi 2017-ci il üzrə “UĞUR” Milli Mükafatının laureatı elan edilib

ATMU-da “Turizm biznesi: təhsildən karyera doğru” adlı tədbir keçirilib-

ATMU-da “Turizm biznesi: təhsildən karyera doğru” adlı tədbir keçirilib- FOTOLAR

Hava dumanlı və çiskin olacaq...

Hava dumanlı və çiskin olacaq...

Xırdalanda 17 mərtəbəli bina yanır, sakinlər köməksiz vəziyyətdə qalıb-

Xırdalanda 17 mərtəbəli bina yanır, sakinlər köməksiz vəziyyətdə qalıb- FOTOLAR-YENİLƏNİB

Diqqət! Cəriməsi olan sürücülərə qadağa gəlir

Diqqət! Cəriməsi olan sürücülərə qadağa gəlir

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur