İnzibati xəta və inzibati məsuliyyət nədir?


İnzibati xəta və inzibati məsuliyyət nədir?


Tez-tez yazılı mətbuatda və televiziyada “inzibati xəta, inzibati məsuliyyət” sözlərinə rast gəlirik. İnzibati xəta və inzibati məsuliyyət nədir, bu anlayışlar qanunvericilikdə hansı mənada müəyyən edilmişdir kimi suallara cavab tapmağa çalışdıq.



Əvvəlcə onu qeyd edək ki, hər hansı bir hüquq pozuntusu törətmiş şəxs üçün arzuolunmaz nəticələr yaranır və şəxs hüquqi məsuliyyət daşıyır. Hüquqi məsuliyyətin yaranmasına əsas verən səbəb hüquq pozuntusunun törədilməsi faktıdır. Hüquqi məsuliyyət dövlətlə, hüquqla sıx əlaqədardır. Dövlət hüquq normalarını (ümumməcburi davranış qaydaları) müəyyən edərək, həm də hüquqazidd davranışa görə hüquqi məsuliyyəti də nəzərdə tutur.
Bu yazıda inzibati xəta və inzibati xətaya görə müəyyən inzibati məsuliyyət haqqında söhbət aşacağıq.

İnzibati xəta nədir?

İnzibati xəta anlayışı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində müəyyən edilmişdir. Həmin Məcəllədə qeyd olunur ki, İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məsələn Məcəllədə qeyd olunan şəkildə (yol hərəkəti əleyhinə olan, mülkiyyət əleyhinə olan, gömrük qaydaları əleyhinə olan inzibati xəta törətmək və.s) hüquqazidd hərəkət etmək inzibati xəta törətmək hesab olunur və törədən şəxsin barəsində inzibati məsuliyyət yaradır.

İnzibati xəta iki cür törədilə bilər: qəsdən və ehtiyatsızlıqdan.

İnzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Yəni qəsdən inzibati xəta törədən şəxs bilir ki, törətdiyi əməl hüquqaziddir, bunun zərərli nəticələri olacaq, bu nəticələrin olmasını arzu edir və bilərək ıüurlu surətdə bu zərərli nəticələrin baş verməsinə yol verir.
İkincisi inzibati xətanın ehtiyatsızlıqdan törədilməsi. Belə ki, İnzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) zərərli nəticələr verə biləcəyi imkanını qabaqcadan görmüşdürsə, lakin onların qarşısını alacağına yüngül fikirlə ümid bağlamışdırsa, yaxud bu nəticələrin baş verəcəyini qabaqcadan görə bilməli və görməli olduğu halda, onları görməmişdirsə, bu xəta ehtiyatsızlıq üzündən törədilmiş xəta hesab olunur. Qəsdən törədilən inzibati xəta ilə ehtiyatsızlıqdan törədilənin fərqi ondadır ki, inzibati xətanı ehtiyatsızlıqdan törədən şəxs əməlinin zərərli nəticələrinin qarşısını alacağını ümid edir və yaxud da belə zərərli nəticələrin baş verəcəyini görməli olduğu halda onları görmür.

İnzibati məsuliyyət nədir?

İnzibati məsuliyyət inzibati xəta törədən şəxsin barəsində yaranmış arzuolunmaz hüquqi nəticələrdir. İnzibati məsuliyyət dövlət məcburiyyət xarakteri daşıyır. Dövlət məcburetmə tədbirləri hüquq normalarında yəni, inzibati xətalar məcəlləsinin müvafiq maddələrinin sanksiyalarında inzibati tənbeh formasında (müəyyən qədər cərimə ödəmək, müəyyən edilmiş müddətdə inzibati qaydada həsb edilmək və.s) müəyyən edilir. Dövlətin məcbur etməsi inzibati xəta törədən şəxsin barəsində inzibati tənbeh tədbiri tətbiq etməsi ilə ifadə olunur. Yəni, inzibati xəta törədən şəxs inzibati cərimə olunur, Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılır, inzibati qaydada həbs olunur və.s.
Məsələn, təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etməyə görə şəxsi yol polisi əməkdaşı saxlayaraq ona inzibati xəta törətdiyini və barəsində inzibati məsuliyyət yarandığnı bildirir. Nəticədə yol hərəkəti qaydasını pozan şəxs 40 manat cərimə edilir. Deməli, şəxs nəqliyyat vasitəsini idarə edərkən dövlətin İnzibati xətalar Məcəlləsində müəyyən etdiyi halda və qaydada təhlükəsizlik kəmərini bağlamamağa görə inzibati xəta törədir və barəsində inzibati məsuliyyət yaranır, nəticədə inzibati tənbeh tədbirinə məruz qalır və Məcəllədə müəyyən edilmiş pul cəriməsi ödəyir.

Onu da qeyd edək ki, inzibati xəta törədərkən on altı yaşı tamam olmuş fiziki şəxslər inzibati məsuliyyətə cəlb olunurlar. Yəni inzibati xəta törədərkən 16 yaşı tamam olmuş şəxs inzibati məsuliyyət daşıyır.

Hörmətli oxucu, qanunu bilməmək şəxsi məsuliyyətdən azad etmir. Gördüyümüz kimi, qəsdən və ya ehtiyatsızlıqdan hüquqazidd əməl törədərkən şəxsin barəsində məsuliyyət və inzibati tənbeh tətbiq edilməsi qaçılmazıdr. Ona görə də, bu cür hüquqi məsələlərdən, qanunlarımızdan mümkün qədər məlumatlı olmaq və hüquqlarımızı mümkün qədər bilmək, qanunlara əməl etmək həm özümüzün, həm cəmiyyətin, həm də dövlətin xeyrinə olan önəmli amildir. Biz bu qısa və konkret yazımızda az da olsa vətəndaşın, cəmiyyətin müəyyən bir hissəsinin də olsa bu barədə məlumatlı olmasını hədəflədik.

Elvin ZEYNAL



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu