“Nikoil Bank”da təcrübə keçdi məhkəməlik oldu- imza saxtakarlığı


“Nikoil Bank”da təcrübə keçdi məhkəməlik oldu-


2015-ci ilin yanvar-fevral aylarında “Nikoil Bank”ın Sumqayıt filialında təcrübə keçən Hüseynov İsmayılın başına olduqca qəribə hadisə gəlib.



Özünün AFN-ə verdiyi məlumata görə, 2017-ci ildə adıçəkilən bankdan ünvanına məktub göndərilərək, zamin dayandığı şəxs banka olan borcunu ödəmədiyi üçün o ödəməlidir. Məsələdə qəribə olan məqam isə ondan ibarətdir ki, İ.Hüseynov heç kimə zamin durmadığını deyir: “Məktub gələndən dərhal sonra banka getdim, yazılı şəkildə etiraz etdim. Orada mənə şifahi olaraq bildirdilər ki, prokurorluğa müraciət edim. Səhəri gün getdim Sumqayıt Şəhər Prokurorluğuna yazılı surətdə şikayət verdim. Prokurorluq isə mənim müraciətimi Sumqayıt Şəhər Polis İdarəsinə göndərib. 3 aydır idarədən bir reaksiya yoxdur. 3 gün əvvəl isə məktub gəlib ki, 5 yanvar 2018-ci ildə saat 11:30-da Abşeron rayon məhkəməsində proses olacaq. Qısaca olaraq, hadisə ondan ibarətdir ki, iki il əvvəl təcrübə keçmək üçün gedib-gəldiyim filialda sənədlərimi saxtalaşdıraraq xəbərim olmadan zaminlik müqaviləsi bağlayıblar. Mənim zamin göstərildiyim kredit isə 5 min dollar məbləğindədir.
Mən bankda olanda filial müdiri dedi ki, bu birinci hal deyil, belə problemlər çox olub, külli miqdarda pullar silinib, insanlar gəlir şikayət edirlər. Hətta onu da dedi ki, işçilərin çoxu bu problemə görə işdən azad edilib”.
Bu gün məhkəmə prosesində iştirak edən zərərçəkənin sözlərinə görə, hakim onun imza nümunəsinin ekspertizaya götürülməsini təmin edib. Məhkəmə iclasında o da məlum olub ki, filialın əvvəlki müdiri haqda da “Nikoil Bank” məhkəməyə müraciət edib. İ.Hüseynov məhkəmədən xahiş edib ki, “zamin durduğu” şəxslə bağlı əlaqələrinin araşdırılması təmin edilsin: “Dedim heç kim tanımadığı adama zamin durmaz təbii ki. Adına kredit olan adamla mənim hər hansı əlaqəm olmayıb, heç onu tanımıram da. Ona görə də xahiş etdim ki, bu istiqamətdə də məhkəmə araşdırması təmin edilsin, “Azercell”ə sorğu verilsin və nömrələrimiz arasında heç bir ünsiyyətin olmadığı aydınlaşdırılsın. Mən heç digər zamini də tanımıram. Bankda kameralar da var, onlarla bağlı da araşdırma aparıla bilər. Üstəlik, həmin vaxtlarda mən heç bir yerdə işləməmişəm, işsiz olmuşam, bunu da sübut etmək mümkündür. Ümid edirəm ki, işə ədalətli baxılacaq və haqq bərpa olunacaq. Mən yeri gəlsə Avropa Məhkəməsinədək gedəcəm”.
“Nikoil Bank”ın Marketinq Departamentinin direktoru Rəşad Cümşüdov həmin iş üzrə hazırda araşdırma aparıldığını, qeyd edilən flialda problemlərin həqiqətən yarandığını dedi: “Hazırda proses gedir, daha dolğun məlumatı şikayətlə şöbəsi verə bilər. Bankın mövqeyi bundan ibarətdir ki, hüquq-mühafizə orqanları tərəfindən hansısa bir qayda pozuntularının olub-olmaması ilə bağlı məsələlər araşdırılır. Təfərrüat və nəticə barədə məndə təəssüf ki, hələlik dəqiq məlumat yoxdur”.

SƏBUHİ



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu