Ədliyyə Nazirliyində görülmüş işlər və qarşıda duran vəzifələr müzakirə olunub


Ədliyyə Nazirliyində görülmüş işlər və qarşıda duran vəzifələr müzakirə olunub


Ölkə Prezidenti cənab İlham Əliyevin ədalət mühakiməsinin səmərəliliyinin artırılmasına dair tapşırıqlarının icrası çərçivəsində məhkəmə qərarlarının icrası işi təkmilləşdirilir, bu məqsədlə əlavə təsirli tədbirlər görülür.



Ədliyyə Nazirliyindən verilən məlumata görə, Ədliyyə Nazirliyində icra xidmətinin bütün yerli qurumlarının, habelə nazirliyin müvafiq idarələrinin rəhbərlərinin iştirakı ilə 2017-ci ildə məhkəmə və digər orqanların qərarlarının icrası sahəsində görülmüş işlərin və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş müşavirə keçirilib. Tədbiri giriş sözü ilə açan ədliyyə nazirinin müavini Vilayət Zahirov ədalət mühakiməsinin səmərəli həyata keçirilməsində məhkəmə qərarlarının icrasının mühüm əhəmiyyətini vurğulayıb, icra işinin təkmilləşdirilməsi üzrə görülən tədbirlərin vətəndaşların hüquqlarının və qanuni mənafelərinin qorunmasına xidmət etdiyini söyləyib.

Sonra İcra baş idarəsinin rəisi – Baş icra məmuru Nurəddin Mustafayev hesabat məruzəsi ilə çıxış edib. Diqqətə çatdırılıb ki, icra işinin səmərəli təşkili üzrə əlavə tədbirlər görülür, icra sahəsində qanunvericilik təkmilləşdirilməklə məhkəmələr və icra qurumları arasında iş yükü bölgüsünə yenidən baxılıb, icra olunmuş icra sənədləri üzrə icraata xitam verilməsi və dayandırılması səlahiyyətlərinin icra məmurlarına verilməsi ilə bu sahədə operativliyə nail olunub, əlavə yazışmalara son qoyulub, vaxta və dövlət xərclərinə qənaət edilib

Bununla yanaşı, xidmətin maddi-texniki bazasının və infrastrukturunun möhkəmləndirilməsi yönündə tədbirlər görülüb, icra orqanlarının fəaliyyətində operativliyin və şəffaflığın təmin olunması üçün "Elektron icra" sistemi yaradılıb. Artıq ötən ilin əvvəlindən bütün icra qurumlarına daxil olan icra sənədlərinin qeydiyyatı bu sistem vasitəsilə aparılır. Eyni zamanda, aidiyyəti dövlət qurumlarından borclu şəxslərə dair şəxsiyyət vəsiqəsi, doğum, nikah, ölüm, soyadın, adın və ata adının dəyişdirilməsi, nikahın pozulması, eləcə də vərəsəlik hüququ haqqında şəhadətnamələrin verilməsi, telefon nömrələri, vergi ödəyicisi barədə məlumatlar "Elektron icra" sisteminə tam inteqrasiya olunmaqla icra qurumlarının istifadəsinə verilib. Hazırda bu sistemin tətbiqi dairəsi genişləndirilir.

Müşavirədə görülən tədbirlərlə yanaşı, nöqsan və çatışmazlıqlar qeyd olunub, bəzi icra məmurları tərəfindən vəzifə borclarına laqeyd münasibət bəslənilməsi, icra intizamının, etik davranış qaydalarının pozulması, işlərin hərəkətsiz saxlanılması, icradan qərəzli şəkildə boyun qaçıran şəxslərin vaxtında inzibati məsuliyyətə cəlb olunmaması və digər neqativ hallar diqqətə çatdırılaraq onların aradan qaldırılması tələb edilib. Bildirilib ki, 2017-ci ildə fəaliyyətində yol verdikləri ciddi qanun pozuntularına görə xidmətin 31 əməkdaşı intizam məsuliyyətinə cəlb olunub, o cümlədən 5 nəfərin ədliyyə orqanlarında qulluğuna xitam verilib, 10 nəfər isə tutduğu vəzifədən azad edilib. Mövcud problemlərlə bağlı nazirliyin məsul işçiləri və yerli icra qurumlarının rəhbərləri dinlənilib, nöqsanların səbəb və şəraitinin aradan qaldırılması yolları ətraflı təhlil edilib.

Müşavirəyə yekun vuran nazir müavini icra işinin səmərəliliyinin artırılması, məhkəmə qərarlarının vaxtında və dürüst icrasının təmin olunması, vətəndaşların müraciətlərinə daim qayğı və həssaslıqla yanaşılması, etik davranış qaydalarına dönmədən əməl olunması, tabe qurumların fəaliyyətinə nəzarətin gücləndirilməsi, icra məmurlarının peşəkarlığının artırılması ilə bağlı konkret tapşırıqlar verib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az





Diqqətinizi çəkə biləcək digər xəbərlər
menyu
menyu