Kərəm Həsənov Xaçmazda vətəndaş qəbulu keçirib


Kərəm Həsənov Xaçmazda vətəndaş qəbulu keçirib


Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Əmlak Məsələləri Dövlət Komitəsinin sədri 23 fevral tarixində Xaçmaz rayonunda vətəndaş qəbulu keçirib.

Komitədən AFN-ə verilən məlumata görə, regionlarda həyata keçirilən qəbul zamanı daşınmaz əmlak və torpaq idarəçiliyi sahəsində qaldırılan məsələlər, müraciətlərin operativ həll edilməsi və yaranan sualların cavablandırılması istiqamətində tapşırıqlar verilir. Qəbulda Xaçmaz rayonu ilə yanaşı, Quba, Qusar, Şabran rayonlarından olan vətəndaşların müraciətlərinə baxılıb. Səsləndirilən müraciətlər əsasən daşınmaz əmlakın qeydiyyatı, o cümlədən fərdi həyət evi, bələdiyyə tərəfindən müxtəlif məqsədlərlə ayrılmış torpaqlar, pay torpaqları, mənzillər, sovet dövründə kolxoz və ya sovxozlar tərəfindən verilmiş həyətyanı torpaq sahələrinin sənədləşməsi ilə əlaqədar olub. Həmçinin torpaq sahələrinin sərhədlərinin dəqiqləşdirilməsi, vaxtı ilə verilmiş pay torpaqları ilə bağlı faktiki və sənəd uyğunsuzluqlarının aradan qaldırılması, o cümlədən torpaqların təyinatına uyğun istifadəsi, kateqoriyasının dəyişdirilməsi prosedurları istiqamətində də müraciətlər ünvanlanıb. Bəzi müraciətlər dövlət əmlakının özəlləşdirilməsi sahəsinə də aid olub.

Komitə sədri hər bir vətəndaşın müraciətini həssaslıqla dinləyərək onların qanunvericiliklə həlli istiqamətində müvafiq tapşırıqlarını verib. Bir sıra vətəndaş müraciətləri verilən tapşırıqlara əsasən həmin gün öz müsbət həllini tapıb. Araşdırılması tələb olunan müraciətlər qeydə alınaraq, qanunvericiliyə əsasən həlli istiqamətində göstərişlər verilib. Komitənin vəzifə və funksiyalarına aid olmayan məsələlər qeydiyyata alınaraq, aidiyyəti üzrə göndərilməsi üçün komitə sədri tərəfindən tapşırıqlar verilib. Qəbul günü birbaşa müraciət edən vətəndaşlar da komitə sədri tərəfindən qəbul edilərək müraciətləri dinlənib, bir sıra müraciətlər isə yerindəcə həll edilib.

Qəbulun gedişatı zamanı komitə sədri vurğulayıb ki, daşınmaz əmlak və torpaq idarəçiliyi sahəsində xidmətlərə olan əlçatanlıq artırılır, bu sahədə şəffaflıq və vətəndaş məmnunluğunun təmin edilməsi ön planda saxlanılır. Belə ki, tətbiq edilən innovativ tədbirlər, xidmətlərin geniş şəkildə elektron müstəviyə keçməsi, o cümlədən qeydiyyat müddətinin azaldılması, prosedurların sadələşdirilməsi vətəndaş rahatlığının artırılmasına yönəlib. Bu sahədə görülən işlərin nəticəsidir ki, 2017-ci il ərzində daşınmaz əmlakın qeydiyyatı 200 minə yaxın olub. 2016-cı ilin eyni dövrü ilə müqayisədə bu rəqəm 14.5% artıb. Göstəricinin 60 minə yaxını ilkin, 137 mindən çoxu isə təkrar qeydiyyata aid olub.

Vətəndaş məmnunluğunu təmin edən elektron çıxarışın tətbiqi də bu istiqamətdə həyata keçirilən yeniliklərdəndir. Sistemin üstünlükləri barədə vətəndaşlar məlumatlanıblar. Bildirilib ki, onlar artıq Elektron Hökumət Portalında yaradılacaq şəxsi kabinetindən elektron formada çıxarışını ala bilirlər.

Diqqətə çatdırılıb ki, mülkiyyət münasibətlərinin tənzimlənməsində vahid idarəçiliyin təmin olunması məqsədilə “bir pəncərə” prinsipi tətbiq olunur. Həm çıxarışların verilməsi, texniki sənədlərin tərtibi, həm də torpaqların istifadəsi, icarəsi, mülkiyyətə verilməsi, koordinatların uyğunluğu kimi torpaq məsələlərində rəylərin alınması “bir pəncərə”də həll olunur.

Qeydiyyat xidmətlərini bilavasitə ünvanlarda çatdıran “Kütləvi çıxarış” kampaniyası və mobil ofis xidmətləri əhaliyə göstərilən qayğının bariz nümunəsidir. Kampaniya minimum vaxt itkisi ilə, xidmətlərdən maksimum yararlanmağa, vətəndaşların yerindəcə çıxarış əldə etməsinə şərait yaradır.

Torpaqların Elektron Kadastr Uçotu İnformasiya Sisteminin yaradılması ilə bağlı məsələlərə toxunan komitə sədri Kərəm Həsənov qeyd edib ki, bu istiqamətdə işlər uğurla həyata keçirilir. Görülən işlərin nəticəsidir ki, kadastr məlumatlarına istinad etməklə Xaçmaz rayonunun Müqtədir qəsəbəsi və Vələmir kəndindən olan 604 ailənin uzun illərdən bəri mövcud olan torpaqla bağlı problemli məsələləri öz müsbət həllini tapmışdır. Torpaq payı almaq hüququna malik olan, ancaq indiyədək bu hüquqdan yararlana bilməyən 2 min 315 subyektin hər birinə 0,18 hektar pay torpaq sahəsi ayrılıb. Pay torpaqları almış vətəndaşlara isə mülkiyyət hüququnu təsdiq edən sənədlər də təqdim olunub.

Qəbul çərçivəsində komitə sədri fəaliyyət sahələri üzrə göstərilən xidmətlərdə maksimum məmnunluğun, çevikliyin, əlçatanlığın, şəffaflığın təmin olunması məqsədilə bütün zəruri tədbirlərin görülməsi barədə tapşırıqlarını verib. Komitə sədri bildirib ki, əhalinin müraciətləri operativ həll olunmalı, qeydiyyatla bağlı işlər daha da təkmilləşdirilməli, qanunvericilik çərçivəsində vətəndaş maraqları təmin olunmalıdır. Sonda vətəndaşlar razılıqlarını ifadə ediblər.

Komitə sədrinin regional vətəndaş qəbulları qarşıdakı aylarda da davam etdiriləcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu