Sona Əliyeva anasını dəlixanaya saldırmaq istəyir- biabırçı əmlak davası

Xəbərin çap versiyası
Tarix: 16-04-2018, 15:27    |    Xəbər oxunub: 2 142 dəfə
Sona Əliyeva anasını dəlixanaya saldırmaq istəyir-


Milli Məclisin üzvü Sona Əliyeva doğmalarının gününü göy əskiyə büküb; Bəsirə Əliyeva: “Qızım mandatından istifadə edərək, biznesimizi iflic duruma salıb...”



Şəmkir kənd seçki dairəsindən deputat olan Sona Əliyevanın anası Bəsirə Əliyevanın gözü yaşlı qalıb. Yaşlı qadını ağlar qoyan isə özgəsi deyil, elə özünün qızı, deputat Sona Əliyevadır. Bu ilin fevralında mətbuatda deputatın ailəsində baş verən əmlak davası haqda materiallar dərc olunub. Həmin materialların dərcindən sonra deputat Sona Əliyeva anasına, qardaşlarına qarşı atdığı qanunsuz addımlardan geri çəkilib, yaxınları sakitləşdirə, mətbuatdan gen gəzmələrinə nail ola bilmişdi.

Bunun müqabilində atası Sakit Əliyevin ölümündən 2 gün əvvəl anasından aldatma yolu ilə alınan etibarnamənin məhkəmə qaydasında ləğv edilməsinə mane olmayıb. İndi isə tamamilə əks proses gedir. Deputat yenidən anasına və qardaşlarına qarşı hərəkətə keçib, ailənin yeganə gəlir mənbəyi olan atasından qalma biznesi iflic duruma salıb, əvvəlki iddialarını irəli sürüb. Bu haqda “Yeni Müsavat”a geniş açıqlama verən deputat Sona Əliyevanın anası Bəsirə Əliyeva deyib ki, aylardır şirkətlərinin hesabına köçürülən pulları ala bilmirlər: “Qızım deputat mandatından, əlaqələrindən istifadə edərək bizim işimizi iflic duruma salıb. Hara gediriksə, kimə müraciət ediriksə, deyirlər ki, Sona deməsə, icazə verməsə biz heç bir sənəd işini görən deyilik. Dərdimizi kimə deyək, bilmirik”.

Sona Əliyeva anasını dəlixanaya saldırmaq istəyir-


Ananın sözlərinə görə, qızı onu dəlixanaya saldıracağı ilə hədələyir: “Qardaşlarını da işdən çıxartdırmaqla, həbslə hədələyir. İstəyi odur ki, yoldaşımdan qalan əmlaka dair paylarımızdan onun xeyrinə imtina edək. Məni həyat yoldaşımın sağlıq durumu ağır olan gün - 2017-ci il dekabrın 12-də Şəmkirdəki evimizdən aldadıb Gəncədəki ASAN xidmət mərkəzinə apardı. Dedi ki, onsuz da atam öləcək, əmlakını adına keçirirəm. Mən də 10 sinif bitirmiş qadınam, nə bilim ki, yoldaşım dünyasını dəyişəndən sonra onun adına olan əmlak avtomatik adıma keçəcəkdi. Bilməzliyimdən istifadə etdi, mənim də, həyat yoldaşımın da payını öz adına keçirdi”.

Sona Əliyeva anasını dəlixanaya saldırmaq istəyir-

Deputat Sona Əliyeva

B.Əliyevanın iş üzrə redaksiyamıza təqdim etdiyi sənədlərin arasında Gəncə Şəhər Kəpəz Rayon Məhkəməsinin qətnaməsi də var. Məhkəmə sənədlərinə nəzər saldıqda, Sona Əliyevanın atası Sakit Əliyev ölüm ayağında olanda onun əmlakını mənimsəmək üçün hərəkətə keçdiyi aydın olur. Hakim Yaşar Həşimovun sədrliyi ilə bu il fevralın 19-da çıxarılan qətnamə üzrə iddiaçı deputatın anası Bəsirə Əliyeva, cavabdeh isə qızı Sona Əliyeva olub. B.Əliyeva qızına və Gəncə “ASAN xidmət” mərkəzinin notariat kontoruna qarşı qaldırdığı iddiada bağışlama müqaviləsinin etibarsız hesab olunmasını tələb edib. Məhkəmə araşdırmasında məlum olub ki, deputatın atası dünyasını dəyişməzdən 2 gün əvvəl, 2017-ci il 12 dekabrda deputat anasını Gəncə ASAN Xidmət mərkəzinə aparıb. Xidmətin notariat kontorunda atasının 1994-cü ildə qurduğu “Murovdağ” kiçik müəssisəsinin nizamnamə kapitalında olan paylar barəsində bağlışlama müqaviləsi bağlanıb. Həmin müqaviləyə görə şirkətin 75 faizi deputatın adına rəsmiləşib.

Sona Əliyeva anasını dəlixanaya saldırmaq istəyir-


Məhkəmə qətnaməsində yazılır: “İddiaçı Bəsirə Əliyeva iddiasını onunla əsaslandırmışdır ki, AR Ədliyyə Nazirliyi tərəfindən 20.10.1994-cü il tarixli 17877 dövlət qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınmış ”Murovdağ" kiçik müəssisəsinin təsisçiləri o, oğlu Adil Sakit oğlu Əliyev, mərhum əri Sakit Səttar oğlu Əliyev və cavabdeh qızı Sona Sakit qızı Əliyeva olub. Əri Sakit Əliyev 2017-ci ilin sonlarında ağır xəstəliyə tutulub, 10 dekabr 2017-ci ildə komaya düşüb. Həkimlər onun ömrünün sonuna bir neçə gün qaldığını bildirib və 2 gün sonra əri vəfat edib. Ərinə diaqnoz qoyulduğu gündən o, demək olar ki, ağır psixoloji durumda olub. Ərinin ömrünün son günlərində bütün qohum-əqrəbaları onların evinə əri ilə vidalaşmağa gəliblər. 12.12.2017-ci il tarixdə axşamüstü, yəni saat 16:30 radələrində qızı Sona Əliyeva onu evdə bir kənara çəkərək “nə durmusan, ərin bu gün - sabah öləcək, onun bütün əmlakını isə oğlanların adlarına keçirəcək, gəl tez gedək notariat kontoruna onun bütün əmlakını sənin adına keçirək” deyib.

O, etiraz etmək istəsə də, Sona Əliyeva onun sözlərinə məhəl qoymayıb, ona “sonra gec olacaq, ərinin bütün əmlakı əlindən çıxacaq, oğlanların hamısına yiyələnəcək” və bu kimi sözlər deyərək onu evdən çıxarmağa nail olub...

Məhkəmə qətnaməsindən aydın olur ki, Bəsirə Əliyeva həyat yoldaşı vəfat edəndən sonra notariat kontorunda ona hansı sənədin imzalatdırılması ilə maraqlanıb. Öyrənib ki, əmlak onun adına deyil, qızı S.Əliyevanın adına keçirilib. Üstəlik özünün payı da əldən gedib.

Qətnamədən sitat: “Sonradan notariat kontoruna müraciət edib notariat işi ilə tanış olarkən ona məlum olub ki, qızı Sona Əliyeva öz adına verilmiş etibarnamə ilə səlahiyyətləri ona verməyib, öz payını və ərinin payını ona bağışlayıb. Həqiqətdə isə ona yalnız adına verilmiş etibarnamə göstərilmiş və o, əmlakın ona verilməsini zənn edərək sənədlərə imza atmışdır. Ona izah olunmamışdır ki, əslində o, öz payını və ərinin payını qızı Sona Əliyevaya bağışlayır. Əslində onun və mərhum ərinin heç vaxt belə bir fikirləri olmayıb. Əgər ərinin sağlığında belə bir fikri olsaydı qızı Sona Əliyevaya etibarnamə ilə elə birbaşa öz adından bağışlama müqaviləsi bağlayardı. Göründüyü kimi cavabdeh Sona Əliyeva onun düşdüyü durumdan və ərinin ölməsindən istifadə edib onu aldadaraq notariat kontoruna aparmış və nizamnamədəki paylarını öz adına keçirib. Odur ki, göstərilənləri nəzərə alaraq, Gəncə ASAN Xidmət mərkəzinin notariat kontorunda ”Murovdağ" kiçik müəssisəsindəki nizamnamə kapitalında olan paylar barəsində bağlanmış 12 dekabr 2017-ci bağışlanma müqaviləsinin etibarsız hesab olunması barədə qətnamə çıxarılmasını xahiş edib".

Sona Əliyeva anasını dəlixanaya saldırmaq istəyir-


Deputat S.Əliyeva məhkəmədə iştirak etməyib. O, məhkəməyə notarial qaydada təsdiqlənmiş ərizə ünvanlayıb. Deputat xanım anasının ona qarşı qaldırdığı bağışlama müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddiasını etiraf edib.

Məhkəmə qətnaməsindən sitat: “Cavabdeh Sona Əliyevanın notarial qaydada təsdiqlənmiş ərizəsindən görünür ki, o, iddiaçı Bəsirə Əliyevanın ona qarşı qaldırdığı bağışlama müqaviləsinin etibarsız hesab olunması tələbinə dair iddiasını etiraf edir. Gəncə ASAN xidmət mərkəzinin notariat kontorunda 12.12.2017-ci il tarixdə bağlanmış nizamnamə kapitalının bağışlama müqaviləsinin ləğv olunmasına heç bir etirazı yoxdur və bu payların ilkin vəziyyətə qaytarılmasını xahiş edib. Bəsirə Əliyeva ilə Sona Əliyeva arasında Gəncə ASAN Xidmət mərkəzinin notariat kontorunda bağlanmış ”Murovdağ" kiçik müəssisəsinin nizamnamə kapitalındakı payların bağışlanması haqda 12.12.2017-ci il tarixli müqavilə etibarsız hesab olunub və nizamnamə kapitalındakı paylar əvvəlki vəziyyətinə qaytarılıb".

Deputat S.Əliyeva qətnamədən şikayət verməyib. Amma hazırda da ailə müəssisələrinin işləməsinə imkan vermir. Anası bildirir ki, qızının hərəkətləri onun sağlıq durumuna çox ağır təsir edir.

Qeyd edək ki, Sona Əliyeva anasının şikayətini dərc edən media orqanlarına müraciət ünvanlayıb. Həmin müraciəti olduğu kimi təqdim edirik:

Əziz dostlar və hörmətli media nümayəndələri!

Haqqımda ailəmlə bağlı problemlərin olduğu haqda elektron mediada ikinci dəfə çıxan xəbərləri çox üzüntü və təssüf hissi ilə qarşıladım. Keçən dəfə ailə üzvlərimin mediaya verdiyi açiqlamalarda şər və böhtana məruz qalmağıma baxmayaraq, susmağı, pis və ya yaxşı o ailənin bir parçası olduğumu qəbul edərək, ailəmi mediada müzakirə mövzusuna çevirməməyi qərara aldım. Ailə dəyərlərinə və atamın ruhuna hörmətlə yanaşaraq susmağın artıq məni uçuruma apardığını, sağlamlığımı, karyeramı və ailə münasibətlərimi riskə atdığını görərək, sükutumu pozmaq məcburiyyətində qaldım.

Bu gün mən sadəcə son günlərinə qədər atamın qulluğunda durmağımın, böyük qardaşımın da təsisçi olmağına baxmayaraq, təsisçilərdən biri kimi, müəssisənin bütün hüquqi məsələlərini həll etməyimin “günahını” yaşayıram. Atamın verdiyi qərarın ailə üzvlərimin xoşuna gəlməyəcəyini bilsəm də, onun son arzusuna yox deyə bilmədim…

Bildirmək istəyirəm ki, atamın vəfatından sonra ailə üzvlərimiz arasında mirasla bağlı gərginlik yaşanmış, atamın vəsiyyəti və göstərişi ilə özünün müəssisəyə təyin etdiyi hüquqşünas tərəfindən mülkiyyətin üç övlad arasında ədalətli şəkildə bölünməsi ilə bağlı aparılan işlər dayandırılmışdır. Atamın arzusunun yerinə gətirilməsini istədiyimi dəfələrlə dilə gətirməyimə baxmayaraq, daha sonra ailə üzvlərim mərhum atamdan miras qalan əmlakdan və mülkiyyətdən imtina etməyəcəyim təqdirdə məni və övladlarımı öldürməklə təhdid etmiş, həyat yoldaşım və digər ailə üzvlərimi təhqir edərək, ölkə mediasında biabır olunacağım haqqında təhdid və şantajlar səsləndirib. Son olaraq fevral ayının yeddisində qardaşlarımın iş birliyi ilə ölkə mediasında haqqımda yalan və böhtan yazılar dərc etdirərək, məni şantaj edərək psixoloji təyziq altında ata mirasından notarial qaydada imtina etməyə məcbur ediblər. Məsələnin böyüməsinin və ailə məsələlərimizin medianın müzakirə mövzusuna çevrilməməsi üçün, mərhum atamdan qalan əmlakdan və müəssisədə olan 50% təsisçi payından imtina etmiş, atam tərəfindən mənə bağışlanan mersedes markalı maşını onların təkidi ilə əmim oğlunun adına rəsmiləşdirmişəm. Buna baxmayaraq, qardaşlarım mənə dərs verdiklərini qeyd edərək, xəbərin media orqanlarından götürməyəcəklərini bildirmiş və beləcə üzücü hadisələr xəbər olaraq saytların manşetinə çevrilib.

Bu gün də eyni qaydada iqtidar partiyanın və Milli Məclisin üzvü olaraq haqqımda yayılan xəbərlərin təmsil etdiyim qurumların adına və mənim şəxsiyyətimə xələl gətirməməsi baxımından mənim üçün nə qədər çətin olsa da həqiqətləri söyləmək məcburiyyətində qaldım. Burdan bəzi media orqanlarına isə xaiş etmək istəyirəm: bir məsələni araşdırmamış, həqiqətləri anlamamış insanların ləyaqət və şərəfinə toxunmayın. Mən ictimai xadim olmaqdan əlavə bir insanam, bir qadınam, bir anayam! Mənim 17 və 16 yaşlarında qızlarım və yeniyetmə oğlum var. Siz, bir də bu talehsiz hadisələrə bizim tərəfimizdən, mənim, ailəmin övladlarımın keçirdiyi ağır psixoloji travma baxımından baxın! Anlamağa çalışın, ədalətli olmağa çalışın, xəbər xatirinə insanların həyatını, karyerasını heçə saymayın, kimlərinsə əlində alətə çevrilməyin. Vicdanınıza və həqiqətə arxa olun!

Bu gün artıq bütün bu olan üzücü hadisələrin media orqanlarında yerli-yersiz müzakirə obyektinə çevrilmıyindənsə, hüquq mühafizə orqanları tərəfindən araşdırlmasını, məsələyə hüquqi qiymət verilməsini arzu edərdim, çünki kifayət qədər səbr və susqunluq göstərməyimə baxmayaraq başqa çarəm qalmır… İyirmi birinci əsrdə yaşadığımız halda qadın olduğum üçün qardaşlarım da olsa, kişilər tərəfindən təyziq və təhdidlərə məruz qaldığıım bu cəmiyyətdə medianın başıma gələnləri üzvü olduğum partiyanın və qurumun imiicini korlamaq üçün alətə çevirməyinə də ayrıca təssüflənirəm.

Sonda demək istəyirəm ki, əgər mən Milli Məclisin üzvü olaraq cəmiyyətdə qardaşlarım kişi olduğundan onlar tərəfindən bu qədər təyziq, hədə və böhtanlara məruz qalıramsa, təhsilsiz, sadə qadınlar nələr yaşayır, təsəvvür belə etmək istəmirəm. Belə bir talehsizlik yaşamağımdan dolayı, başda özüm olmaqla Azərbaycan qadınıarının miras və bu kimi digər hüquqlarını qoruyacağımı və daim yanlarında olacağımı bildirməklə, bu kimi problemlər yaşayan qadınlarımızın mənə müraciət etmələrini istəyirəm.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail afn.news@mail.ru






Diqqətinizi çəkə biləcək digər xəbərlər
Qazyan kəndində səyyar-qəbul görüş

Qazyan kəndində səyyar-qəbul görüş

Bakcell sosial şəbəkə istifadəçiləri üçün növbəti müsabiqə elan edib

Bakcell sosial şəbəkə istifadəçiləri üçün növbəti müsabiqə elan edib

Türkiyə ilə beynəlxalq avtomobil daşımaları sahəsində protokol imzalanıb

Türkiyə ilə beynəlxalq avtomobil daşımaları sahəsində protokol imzalanıb

Kərəm Həsənov Sumqayıtda vətəndaş müraciətlərini dinləyib

Kərəm Həsənov Sumqayıtda vətəndaş müraciətlərini dinləyib

Unudulmaz qış nağılı

Unudulmaz qış nağılı

İlin “ən yaxşıları” seçildi:

İlin “ən yaxşıları” seçildi: “Xəzər” Milli Mükafatı təqdim edildi-FOTOLAR

Rövşən Rzayev Şüvəlan qəsəbəsində məskunlaşmış məcburi köçkünlərlə görüşüb

Rövşən Rzayev Şüvəlan qəsəbəsində məskunlaşmış məcburi köçkünlərlə görüşüb

Bakıda avtobus daha bir xadimə qadını vurub öldürdü

Bakıda avtobus daha bir xadimə qadını vurub öldürdü

Bərdədə 19 yaşlı oğlan 15 yaşlı qızı qaçırdı

Bərdədə 19 yaşlı oğlan 15 yaşlı qızı qaçırdı

Türkiyənin xarici işlər naziri İlham Əliyevlə danışıqlarda

Türkiyənin xarici işlər naziri İlham Əliyevlə danışıqlarda

Sabah Bakıda 12 dərəcə isti olacaq

Sabah Bakıda 12 dərəcə isti olacaq

Dəniz nəqliyyatı sahəsi üzrə beynəlxalq konvensiyalara əməl olunması qiymətləndirilib

Dəniz nəqliyyatı sahəsi üzrə beynəlxalq konvensiyalara əməl olunması qiymətləndirilib

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur