Prezidenti aldadan icra başçısı: Abdin Fərzəliyev BŞİH-ə rəhbər gəlmək istəyir?


Prezidenti aldadan icra başçısı:



Aprelin 11-də baş tutan növbədənkənar prezident seçkilərindən sonra bir neçə yüksək vəzifəli məmur işdən uzaqlaşdırıldı. Bu sırada nazirlər, komitə və agentlik rəhbərləri var. Bir çoxlarının yerinə təyinatlar olsa da, vəzifədən alınaraq baş nazirin müavini kimi yeni vəzifəyə gətirilən Bakı Şəhər İcra Hakimiyyəti başçısı Hacıbala Abutalıbovun yeri hələlik boşdur. AFN-ə daxil olan məlumata görə, bu yerə iddialı olan şəxslərdən biri Nərimanov rayon İcra Hakimiyyətinin başçısı Abidin Fərzəliyevdir. Onun bütün əlaqələrini işə salaraq BŞİH-ə rəhbər gəlmək uğrunda apardığı çabalar haqqında məlumat verən mənbəmiz bildirir ki, hökumətdə A.Fərzəliyevlə bağlı fikir birmənalı deyil: "Bildiyiniz kimi, onun adı ölüm işlərində hallanıb bir neçə dəfə. Üstəlik, rəhbərlik etdiyi qurumun fəaliyyəti mediada daim tənqid edilib. Ölkə başçısı isə özünüz də gördüyünüz kimi, köklü dəyişikliklərə, idarəetmədə yeni nəfəslərə yer verir. Bu baxımdan Fərzəliyevin çabalarının müsbət nəticələnəcəyini proqnozlaşdırmaq çətindir".

Həmsöhbətimizin toxunduğu ölüm işlərindən biri haqda media daha çox yazıb. Bildirilir ki, A.Fərzəliyev ov zamanı yanlışlıqla güllə ilə yaraladığı şəxs dünyasını dəyişsə də, bu məsələnin üstü ört-basdır edilib. Eyni zamanda, başçının böyük ov həvəskarı olduğu, xaricdən bahalı qiymətə ov heyvanları gətirtdiyi də söylənilənlər arasındadır. "Abidin Fərzəliyevin ov etmək üçün özünəməxsus müxtəlif cins itləri vardır və həmin itlərin sayı 20-yə yaxındır. Bu bahalı itlərə xüsusi baxıcılar baxır. Onun əsas ov məkanı isə Lənkəranın Sarı 2 kəndində yerləşən dövlət qoruğudur. İcra başçısının ova 10-a yaxın müxtəlif "Cip”lə gəldiyi bildirilir. Nəzərinizə çatdıraq ki, Sarı 2 kəndi əsasən ovçuluq və balıqçılıq üzrə ixtisaslaşan kənddir. O da qeyd olunur ki, son dövrlərə qədər icra başçısının ov yoldaşları arasında mühüm dövlət adamları da olub. Hətta adı nurçu qalmaqalında hallandığı üçün Prezident Administrasiyasından uzaqlaşdırılan Elnur Aslanovun da bir neçə dəfə başçının qonağı olduğu söylənilir" - deyə bir müddət əvvəl saytlar yazır.

A.Fərzəliyevin Heydər Əliyev Fondunun adından rayon ərazisində fəaliyyət göstərən sahibkarlardan müxtəlif abadlıq işlərinə pul yığması haqda məlumatlar da mediada yazılıb. Hətta bir neçə il əvvəl prezident İlham Əliyevin rəsmi iclasların birində bu faktı dilə gətirərək adını çəkmədiyi icta başçısına Hacıbala Abutalıbov vasitəsilə xəbər göndərdiyi barədə açıqlamasında A.Fərzəliyevi nəzərdə tutduğu bildirilir.

Nəhayət, AFN-ə məlumat verən mənbə bildirir ki, A.Fərzəliyev Nərimanov rayonu ərazisində yerləşən Bakı İdarəetmə və Texnologiyalar Kollecinin yataqxanası olan köhnə binanı təmir etdirərək yeni bina kimi prezidentə təqdim edib: "Həmin binada "Sovetski" adlanan ərazidən köçürülən insanlar yerləşdirilib". Qeyd edək ki, bu məsələ ilə bağlı daha geniş məlumat yaxın günlərdə saytımızda olacaq.

Qarşı tərəfin mövqeyini verməyə hazırıq.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu