Rövşən Rzayev Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri ilə görüşüb


Rövşən Rzayev Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri ilə görüşüb


Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri ilə əməkdaşlıq əlaqələri müzakirə edilib.

Mayın 22-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Xanım Elena Aymone Sessera ilə görüşüb.



Görüşdə Beynəlxalq Qızıl Xaç Komitəsi ilə qarşılıqlı əlaqələr, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və humanitar əməkdaşlıq ətrafında fikir mübadiləsi aparılıb.

Dövlət Komitəsinin sədri Rövşən Rzayev münaqişə nəticəsində doğma torpaqlarından didərgin düşmüş məcburi köçkünlər üçün Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən həyata keçirilmiş humanitar proqramları, xüsusilə Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinə səfərlərini, kənd sakinləri ilə görüşlərini və aparılan müzakirələri yada salaraq təşəkkür edib. Bu xüsusda, Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən Azərbaycana göstərilmiş dəstək və yardımlar yüksək qiymətləndirilərək qurumun ölkəmiz üçün mühüm beynəlxalq humanitar tərəfdaş olduğunu diqqətə çatdırıb. Müharibə şəraitində olan Azərbaycanda Beynəlxalq Qızıl Xaç Komitəsinin rolunun mühüm önəm kəsb etdiyi və təşkilatın Bakı ofisinin fəaliyyətinin təqdirəlayiq olduğu vurğulanıb.

Dövlət Komitəsinin sədri qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həlli, mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə görülən işlərlə bağlı ətraflı məlumat verib. Qeyd edib ki, Birinci vitse-prezident xanım Mehriban Əliyevanın təşəbbüsü ilə bu istiqamətdə ardıcıl və məqsədyönlü layihələr həyata keçirilir.

Dövlət Komitəsinin sədri işğal altında olan Kəlbəcər rayonunda yaxınlarının məzarlarını ziyarət etmək üçün doğma yurdlarına getdikləri zaman Ermənistan Silahlı Qüvvələri tərəfindən girov götürülən Dilqəm Əsgərov və Şahbaz Quliyevin hələ də girovluqda qalması ilə bağlı narahatlığını ifadə edib.

Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan nümayəndəliyinin rəhbəri Elena Aymone Sessera təmsil etdiyi qurumun ümumi iş prinsipi və Azərbaycan nümayəndəliyinin fəaliyyəti barədə danışıb. Cəbhə xəttinə yaxın ərazilərdə yerləşən kəndlərdə təşkilat tərəfindən həyata keçirilən layihələr barədə geniş məlumat verib və bu işdə yerli strukturların da fəaliyyətini yüksək qiymətləndirib.

Görüşdə ikitərəfli əməkdaşlığın perspektivləri və qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu