15 yaşında 700 bal yığdı, ali məktəbə girə bilmir - FOTO


15 yaşında 700 bal yığdı, ali məktəbə girə bilmir - FOTO



Azərbaycanda 15 yaşlı oğlan qeyri-adi biliyi ilə hər kəsi heyrətləndirdi. 10-cu sinif şagirdi Dövlət İmtahan Mərkəzinin (DİM) iyunun 10-da keçirdiyi sınaq imtahanından 700 bal toplayıb. Fərid Əhmədov Lent.az-a müraciət edərək bildirir ki, bu il DİM-in təşkil etdiyi sınaq imtahanlarında 4 dəfə iştirak edib və hamısında da yüksək nəticə əldə edib: “Mən Nərimanov rayonu 45 nömrəli orta məktəbdə oxuyuram. Qiymətlərim həmişə əla olub. Bununla yanaşı əlavə "Hədəf" kursuna da gedib hazırlığımı davam etdirirəm. İstəyirəm ki, iyun ayında keçiriləcək 11-ci siniflərin buraxılış imtahanında iştirak edərək attestat alım. Arzum budur ki IV qrupa sənəd verərək həkim olum”.

F.Əhmədovun atası Əhməd Əhmədov deyir ki, övladında bu cür istedadın olmasını hələ uşaq yaşlarından hiss ediblər: “2-3 yaşlarında olanda onun pazl yığma qabiliyyətini hiss etdik. İstənilən çətin bir pazlı qarşısına qoyan kimi sürətlə yığırdı. Ondan sonra orta məktəbdə ibtidai bazanı qoyduq və məqsəd bu idi ki, 11 illik təhsili daha tez başa vuraq. Artıq 8-ci sinfin sonunda kimya və biologiya fənlərini 11-ci sinif səviyyəsində tamamlamışdı. 9-cu sinfin sonunda da 4-cü qrup ixtisasına daxil olan digər fənləri 11 illik səviyyədə tam səviyyədə mənimsəmişdi. Hazırda isə 10-cu sinifdə oxuyur və istədiyimiz maksimal səviyyəyə çatmışıq”.

Ata oğlu ilə bağlı aidiyyəti orqanlardan xahiş edir ki, oğluna iyun ayında keçiriləcək 11-ci sinif buraxılış imtahanlarında iştirak edib attestat almaq hüququ verilsin:

"Mən hər şeyi düzgün başa düşürəm ki, DİM-in keçirdiyi sınaq imtahanları rəsmi olsa da bunun bir hüquqi əsası yoxdur. Amma biz nəticəmizi yalnız sınaq imtahanlarında göstərə bilərdik. Buna görə də sınağa qatılaraq 700 ballıq nəticəni göstərdik. Bu mənim şəxsi fikrimdir ki, 10-cu sinif şagirdinin 700 bal toplaması bizə attestat almaq hüququnu verən bir sənəddir. Düşünürəm ki, bunun qanuni yolu olmasa da xüsusi bir qərarla bu məsələni həll etmək olar. Buna görə də aidiyyəti qurumlara bu məsələdə bizə köməklik göstərmələri üçün müraciət edirəm”. -deyə F.Əhmədovun atası bildirir.

O qeyd edir ki, bu il attestat ala bilsələr qarşıda keçiriləcək SAT imtahanlarına qatılmaq hüquqları da olar. Bu məsələ ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Hüseyn Əsgərovun səyyar qəbulunda da olublar.

Dövlət İmtahan Mərkəzindən məsələ ilə bağlı Lent.az-ın sorğusuna cavab olaraq bildirildi ki, qəbul qaydalarına əsasən ali təhsil müəssisələrinə qəbul olmaq hüququna tam orta, orta ixtisas və ya ali təhsili başa vurması haqqında müvafiq dövlət nümunəli sənəd almış şəxslər malikdirlər. Cavabda o da qeyd olunur ki, sınaq imtahanları abituriyentlərin imtahana daha da səmərəli hazırlaşmasına kömək məqsədi ilə keçirilir. Buna görə də sınaq imtahanları ali məktəblərə qəbul olmaq və ya attestat almaq üçün əsas deyil.

Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov isə bildirdi ki, bunun üçün F.Əhmədov eksternat imtahanlarında iştirak etməli idi: “Artıq imtahanlara az bir zaman qalıb və bu məsələ ilə bağlı vaxtında müraciət etmək lazım idi”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu