Ali Məhkəmə Baş Prokurorluğun protestini rədd etdi: Azərbaycanda nadir hadisə


Ali Məhkəmə Baş Prokurorluğun protestini rədd etdi:



Azərbaycan məhkəmə sisteminin tarixində nadir hadisə baş verib – Ali Məhkəmə Baş Prokurorluğun protestini rədd edərək, belaruslu yük maşını sürücüsü Aleksandr Kuzminə bəraət verib.

Qısaca olaraq xatırladaq ki, təxminən bir il əvvəl İranla sərhəddə Aleksandr Kuzminin idarə etdiyi yük maşınında daşınan kişmişlə bərabər iri həcmdə heroin aşkarlanmışdı. Narkotik vasitənin maşında necə peyda olması maraq doğururdu. Ən maraqlısı isə odur ki, cəmi bir neçə yüz metr aralıda – İran tərəfdə sərhədçilərin və gömrükçülərin nəzarəti altında yük maşınına 1997 qutuda 20 ton kişmiş doldurulmuşdu, Azərbaycan tərəfdə isə kişmişin arasında heroin tapılmışdı.

Ali Məhkəmə Baş Prokurorluğun protestini rədd etdi:


Aleksandr Kuzmin

Sürücü bildirmişdi ki, onun narkotik vasitədən xəbəri yoxdur və yalnız əməkdaşı olduğu “Kreys Vostok” MMC-nin tapşırığını yerinə yetirib. İranda yükü boşaldandan sonra qəbul edən tərəf maşının boş qayıtmaması üçün avtomobilə kişmiş yükləyib. Bu zaman sürücü heç bir danışıq aparmayıb, bütün işləri firmalar öz aralarında həll ediblər. Narkotiklə bağlı bütün əməliyyat sərhədin İran hissəsində baş verib.

Aydın məsələdir ki, sürücüdən sadəcə istifadə edilib. Lakin görünür, azərbaycanlı gömrükçülər və müstəntiqlər özlərinə çox əziyyət vermək istəməyiblər və narkotikin daşınmasında şübhəli şəxs kimi məhz sürücü Kuzmin saxlanılıb. Lakin nə belaruslu sürücünün, nə də onun vəkili İsmayıl Kəngərlinin gətirdiyi dəlillər işə kömək etməyib. Yalnız apellyasiya məhkəməsi bu dəlilləri əsas götürərək, şübhəli şəxsin təqsirkar olmadığı qərarına gəlib.

Fəqət məhkəmənin belə müstəqilliyi Baş Prokurorluğun qəzəbinə tuş gəlib və prokurorlar Ali Məhkəməyə kassasiya şikayəti veriblər. Bu arada bir maraqlı faktı qeyd edək ki, istintaq dövründə Aleksandr Kuzminə ölkənin hüdudlarını tərk etmək qadağan edilsə də, o, Belarusa getməyi bacarıb. Baş Prokurorluq bu faktı araşdırmalıdır.

Eyni zamanda, bütün istintaq prosesi boyunca onu nəzarətdə saxlayan müstəntiqlər təqsirsiz adamın azad edilməsindən sonra cəzalandırılmalıdırlar, belə ki, günahsız adamın həbsi barədə qərarın çıxarılmasına çalışıblar. Eyni zamanda, nəzərə alsaq ki, Kuzminin işində onun öz ölkəsinin hüquq-mühafizə orqanları da əziyyət çəkməli olublar, Baş Prokurorluğun bu protestini daha çox öz mundirinin şərəfini qorumaq cəhdi kimi qiymətləndirmək olar.

Ali Məhkəmənin qərarından şikayət vermək mümkün deyil. Bu səbəbdən, Baş Prokurorluq həm ölkəmizin istintaq orqanlarında, həm də sərhədin İran tayında müqəssirlərin axtarışı ilə məşğul olmalıdır. Yalnız bu halda həm əsl cinayətkar olan narkobaronları aşkar etmək, həm də müstəntiqləri bu biabırçı ləkədən qurtarmaq olar. Bu isə büynəlxalq miqyasda mundirin şərəfinin qorunmasına əsl nümanə ola bilər...



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu