Xidməti müqavilələrlə bağlı yeni qaydalar hazırlanır


Xidməti müqavilələrlə bağlı yeni qaydalar hazırlanır


Faktiki olaraq daimi işdə çalışanların siyahısı vahid məşğulluq reyestrinə daxil ediləcək



İşəgötürən təşkilatlar qarşısında mülki-hüquqi müqavilə, yəni xidməti müqavilə əsasında çalışan işçilərlə bağlı yeni tələblər qoyulacağı, bununla da real olaraq daimi işlə məşğul olanların xidməti müqavilə əsasında çalışmasının qadağan ediləcəyi planlaşdırılır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdindəki Dövlət Məşğulluq Xidmətinin şöbə müdiri İsa Həsənov «Vergilər»” qəzetinə açıqlamasında bildirib ki, hazırda xidməti müqavilələrlə bağlı yeni qaydalar hazırlanır və yaxın vaxtlardan təsdiq olunması üçün aidiyyəti qurumlara təqdim ediləcək. Bu sahədə əsas yeniliklərdən biri xidməti müqavilə ilə çalışanların siyahısının elektron şəkildə hazırlanması olacaq: «Xidməti müqavilələrin izahı ilə bağlı «Məşğulluq xidməti haqqında»” Qanunda hər hansı anlayış yox idi. Həmin qanuna edilmiş dəyişikliklərdə isə mülki-hüquqi xarakterli müqavilələr haqqında konkret izahat verilib. Ümumiyyətlə, bu cür müqavilələr Mülki Məcəllə ilə tənzimlənir. Yəni bu cür müqavilələrlə işləyən işçilərlə işəgötürən təşkilat arasında hər hansı əmək münasibətləri yaranmır və Əmək Məcəlləsində işçilər üçün nəzərdə tutulan sosial hüquqlar həmin şəxslərə şamil olunmur. Halbuki Əmək Məcəlləsinə əsasən, hər bir işçi ilə əmək müqaviləsi bağlanmalıdır və müqavilədə iş rejimi, əməkhaqqı, əməkhaqqına əlavələr, istirahət və məzuniyyət müddəti, iş rejiminin zərərli olub-olmaması haqqında məlumatlar, işçinin və işəgötürənin vəzifə öhdəlikləri təsbit edilir. Bütün bunlar əmək müqaviləsi ilə çalışan işçilər üçün gələcəkdə bir sıra sosial üstünlüklərə təminat yaradır. O cümlədən işçi işlədiyi dövrdə hər hansı zədə, yaxud peşə xəstəliyi alarsa, bülletenə çıxarsa buna görə ödəniş almalı və bunlar əmək müqaviləsində əksini tapmalıdır. Xidməti müqavilə əsasında çalışanlar isə bu sosial hüquqlardan bəhrələnmək imkanına malik deyil»”.

Yeni hazırlanan qaydalar qanunvericilikdə nəzərdə tutulmuş iş rejimində çalışan, lakin mülki-hüquqi əsaslarla işə cəlb edilən işçilərin xidməti müqavilədən əmək müqaviləsinə keçirilməsini nəzərdə tutur. Belə ki, xidməti müqavilə adı altında uzun müddət eyni yerdə çalışanların müqavilələri dəyişdirilərək əmək müqaviləsinə daxil ediləcək. Nazirlik rəsmisi deyir ki, xidməti müqavilə əsasında çalışanların VÖEN-i olsa da, bu, bir çox hallarda formal xarakter daşıyır: «İşəgötürən tərəfin göstərdiyi xidmətin müqabilində ona verdiyi əməkhaqqından vergi və icbari sosial sığorta haqqı ödənilir. Bununla da işəgötürən vergi və sosial sığorta ödənişlərinə dair öhdəlikləri ona xidmət göstərən işçinin üzərinə qoyur. Həmin şəxsin işçi kimi digər sosial hüquqları, o cümlədən əmək məzuniyyəti, əməkhaqqına əlavələr, istirahət müddəti bütünlüklə itirilmiş olur. Çünki xidməti müqavilələrdə Əmək Məcəlləsində nəzərdə tutulmuş digər sosial müdafiə xarakterli hüquqlar əks etdirilmir”».

Yeri gəlmişkən, son illər Azərbaycanda daimi işçilərin xidməti müqavilə əsasında işə qəbuletmə hallarına daha çox rast gəlinir. Məqsəd işəgötürənin vergi orqanları qarşısında məsuliyyətini azaltmaq, vergilərdən və sosial ödənişlərdən yayınmaqdır. İ.Həsənov isə bildirir ki, əgər işçi 3-4 il eyni sahədə və müəssisədə çalışırsa, üstəlik hər gün saat 9:00-dan 18:00-dək işdə olursa, bu, artıq əmək münasibətidir: «Bu, onu göstərir ki, həmin həxs daimi işçi kimi çalışır və belə olan halda, onun xidməti müqavilə əsasında çalışan kimi rəsmiləşdirilməsi düzgün deyil. Ona görə də yeni hazırlanan qaydalara əsasən, xidməti müqavilələr yalnız konkret iş qrafiki olmayanlarla imzalanacaq. Tutaq ki, şirkət daxili kompüter şəbəkəsinə xidmət göstərilməsi üçün işçi axtarır, daxildən bir daimi işçi istəmirsə, hansısa mütəxəssisə müraciət edir. Belə şəxslər xidməti müqavilə ilə işləyə bilərlər. Yeni qaydalara görə isə maksimum 6 aylıq işlər xidməti müqavilə ilə tənzimlənə bilər. Hətta elə sahələr var ki, orada işçinin xidməti müqavilə ilə çalışma müddəti 3-4 aydan çox olmamalıdır. Bu, o deməkdir ki, işçinin mülki-hüquqi müqavilə əsasında çalışdığı iş yerləri müvəqqəti işlər hesab ediləcək”».

Nazirlik rəsmisi deyir ki, bəzi işəgötürənlər xidməti müqavilə əsasında işə götürdükləri işçiləri əmək müqaviləsinin tələblərinə uyğun şəkildə işlədir və bu, illərlə davam edir. Bu cür halların üzə çıxarılması üçün xidməti müqavilə əsasında çalışanların da siyahısı məşğulluq reyestrinə daxil ediləcək. Başqa sözlə, ölkədə faktiki məşğul əhali bütünlüklə qeydə alınacaq və bu zaman onların əmək, yoxsa xidməti müqavilə əsasında çalışdığı reyestrdə əksini tapacaq: «Bu qaydaların tətbiqinə bütün məşğul şəxslərin siyahısı tam dəqiqləşdirildikdən sonra başlanacaq. Çünki mülki-hüquqi şəxslər tərəfindən Dövlət Statistika Komitəsinə verilən məlumatda xidməti müqavilə əsasında işləyənlərin sayı faktiki göstəricilərin çox cüzi hissəsini təşkil edir. Məsələn, 2017-ci ildə xidməti müqavilə əsasında çalışan işçilərin sayının 8,1 min nəfərdən bir qədər artıq olduğu göstərilir. Halbuki belə işçilərin faktiki sayı dəfələrlə çoxdur. Heç kəsə sirr deyil ki, əksər xidmət sahələrində, o cümlədən ictimai iaşə və əyləncə obyektlərində xidməti müqavilə əsasında işləyənlər çoxluq təşkil edir».

Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqasının rəhbəri Sahib Məmmədovun sözlərinə görə, işçilərin xidməti müqavilə əsasında çalışması yalnız işəgötürənin maraq və mənafelərinə xidmət edir: «Xidməti müqavilə imzalayan işçi mütləq fiziki şəxs kimi vergi orqanlarında qeydiyyatdan keçməli və onun VÖEN-i olmalıdır. Bundan sonra o, işəgötürəndən aldığı əməkhaqqından sadələşdirilmiş vergi ödəməlidir. Belə olan halda, işəgötürənin həmin işçi qarşısında heç bir öhdəliyi yaranmır”».

S.Məmmədovun fikrincə, xidməti müqavilənin bağlanılması zamanı işçiyə ödənilən məbləğ əməkhaqqı kimi deyil, xidmət haqqı kimi rəsmiləşdirilir ki, bu da onun gələcək pensiya təminatında ciddi maneələr yaradır: «Bu baxımdan, faktiki olaraq daimi işlə məşğul olanların xidməti müqavilə əsasında çalışan işçi kimi rəsmiləşdirilməsinin qadağan edilməsi, hər şeydən əvvəl, vətəndaşların maraqlarına uyğundur. Hazırda xidməti müqavilə əsasında işləyən şəxslərlə əmək müqavilələrinin bağlanması həm vergi, həm də icbari sosial sığorta ödənişlərinin artımına və işçilərin hüquqlarının qorunmasına şərait yaradacaq”»



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu