Rza Rzayev yazır: "RÖVŞƏNİN QARDAŞI VƏ DOSTU OLMAQ..."


Rza Rzayev yazır:


Rza RZAYEV



Məmur işlədiyim vaxt qardaşım bir nəfər naxçıvanlı oğlanın xahişini etmişdi ki, sənədlərini qaydaya salım, Naxçıvana gedə bilsin. Sözsüz ki, qarşılamaq üçün aşağı düşdüm, qəbul otağına apardım, əyləşdik, sənədlərini qaydasına saldıq, çay da təklif etdik, ancaq içmədi. Adam o qədər utancaq, abırlı, tərbiyəli idi ki, davranışı ilə adamda təəccüb yaradırdı.



Bir anlıq belə birinin bu dövrdə özünə necə yer edəcəyini düşündüm. Sonra bildim ki, kriminal aləmdə tanınmış birinin qardaşıdır. Adam yaddaşımda ilişib qalmışdı, hər dəfə yadıma düşdükcə, soruşurdum qardaşımdan o oğlanı. O da arada işdən çıxanda yolda rastlaşdıqlarını söyləyirdi, təkrar onun haqqında fikirlərimi qardaşımla bölüşürdüm və bu hal səbəbsiz (qeyri-iradi) bir neçə dəfə təkrar olundu.

Üstündən nə qədər keçdiyini dəqiq xatırlamıram, bir vaxt eşitdim ki, həmin oğlanın qardaşını Rusiyada öldürüblər, çox pis oldum. Sonra lap dəhşətli xəbər aldım: bu oğlan qardaşını öldürən oğlanla aeroportda rastlaşıb və qardaşının qısasını alıb, daha sonra isə polisə təslim olub. O oğlanın adam öldürəcəyinə heç cür inanmaq mümkün deyildi, hələ də inanmağım gəlmir, amma ortada qardaş sevgisi varsa…

Filosoflardan biri deyib: "İnsanlar həmişə kişi ilə qadın arasında olan sevgidən yazırlar, danışırlar. Amma həyatda anaya, ataya, bacıya, qardaşa, övlada olan sevgi də var ki, bu, qadınla kişi arasındakı sevgidən daha əhəmiyyətli və daha güclüdür!"

Açığı deyim ki, oğlana olan hörmətim artdı. Hadisəni eşidəndən sonra da qardaşıma dedim ki, belə qardaşları gördükcə, səni daha çox istəyirəm və daha çox hörmət edirəm, qardaşım olduğuna görə şükür edirəm. Yəni, bəzən bir adamın hərəkəti həmin statusda olan insanlara əlavə sevgi, hörmət qazandırır – necə ki, başqasının qardaşı üçün etdiyi hərəkət qardaşını sənin gözündə daha da ucaldır, bu statusu daha dəyərli edir.

***

Eyni adda minlərlə insan var, amma elə olur ki, o adı bir nəfər daşıyır, sevdirir, tanıdır və əbədiləşdirir. Həmin ad çəkiləndə, hamı bilir kimdən gedir söhbət.

Son illər Rövşən adı çəkilən kimi, çoxları söhbətin Rövşən Lənkəranskidən getdiyini anlayırlar.

Rza Rzayev yazır:


Rövşənin düşdüyü yol ilə çoxları gedib, aralarında çox məşhurları olub, bu yolda öləni, yolundan çıxanı, yolda qalanı, hörmət qazananı, ad qazanıb və ad qoyub gedəni olub. Rövşən də ad qazanıb, ad qoyub məkanını dəyişənlərdəndir, adını əbədiləşdirənlərdəndir, hələ də haqqında danışılır, adını çox yerdə çəkirlər, adı gələndə ayağa qalxanlar, yerini dəyişənlər, geri çəkilənlər yenə də var və olacaq.

Kimisinin haqqında az, kimisinin haqqında çox danışılıb. Çoxu bu yolu tutanda, bu yola qədəm qoyanda kimsənin ondan xəbəri olmayıb, yəni, ilk cinayətini edəndə etdiyi cinayət sıradan olub, məna kəsb etməyib, anlam yaratmayıb, ya da cinayəti, əməli rəğbət doğurmayıb.

Bu yolda ad çıxaranların çoxu kiçik, böyük cinayətlər ediblər, kimlərin nə vaxt cinayət etdiyi, nə vaxt həbs olunduğu, nə vaxt ilk dəfə həbsə girdiyi və çıxdığı çoxluğa, topluma bəlli olmayıb, daha doğrusu, ictimai şüura, rəyə təsirsiz olub, toplumu bu hadisə maraqlandırmayıb.

İlk etdiyi cinayəti ilə ad çıxaranlar azdır, amma Rövşən ilk etdiyi cinayət ilə səs-küy saldı, kimsə tərəfindən qınanılmadı, çoxluq belə oğula "Halal olsun!" dedi, rəğbət qazandı. Hətta qərar verən də bu "cinayətə" və "cinayəti edənə" rəğbət bəslədi.

İlk cinayəti ilə həm cəmiyyətdə, həm də cinayətkar aləmdə adından söz etdirdi. Kimisi onun ürəkli olmasından, kimisi yaraşıqlı olmasından, kimisi tərbiyəsindən, kimisi əliaçıqlığından, kimisi dostluğundan, kimisi yaxşı qardaş olduğundan danışmağa başladı və bu başlama öz başlanğıcını onun atasına necə oğul olmasından və bu borcu necə yerinə yetirməsindən, Əzrayılı qabaqlamasından götürdü və ilk dəfə Əzrayıl ilə tanışlığı buradan başladı. Əzrayıl hələ belə can almaq görməmişdi: gənc bir oğlan günahsız atasının qatilinin canını necə aldısa, Əzrayıl da ürəkləndi, işini tez bitirdi.

Çoxları dərs götürdü, yazılmayan dərsliklərin hamısında bu hadisə birinci oldu, hər yerdə bu hadisədən danışıldı. Haqqında danışıla-danışıla, haqqında söz etdirə-etdirə böyüdü – çoxlarının "keçmədiyi", keçməyə ürək etmədiyi yerlərdən keçdi, yerini aldı. Bu aləmdə olanların çoxu özlərindən söz də etdiriblər, təmiz ad da qoyublar, böyük qardaş statusu da qazanıblar. Amma Rövşənin bu aləmə ilk və fərqli gəlişi, yaşının az olması, yaşından çox böyük işlərə baş qoşması, bu işlərdən baş çıxarması cəmiyyətin gözündə onun cinayətkar aləmin ünlü üzvlərindən fərqli görünməsinə səbəb oldu. Məgər, daha çox qan tökməklə, baş kəsməklə, çox pulla bu fərqli yeri, sevgini "almaq" olar?!

Rövşən sadəcə insanlara qarşı münasibətdə fərqli oldu – oğul kimi, dost kimi, qardaş kimi, yerli kimi və b. İnsanlar bu fərqi sevdilər. Rövşənin insanları sevməsi, insanlığa dəyər verməsi ondan "asılı" insanların şəxsi həyatında dönüş yaratdı, çoxları onun bir kəlməsi ilə öz problemlərini həll etdilər və bunların çoxunu o, ürəkdən və təmənnasız etdi.

Və ölümü bunu daha çox üzə çıxardı. Onu dəfn edənlərin çoxunun həyatında Rövşənin yaxşı mənada rolu var idi. Heç kim onun ölümünə inanmasa da, tabutunun aparılmasından, duruşundan bilirdilər – içindəki Rövşəndir.

Səhər açılmamış fb-a girirəm – baş xəbərlərin hamısı eyni, şəkillər eyni: "Qardaşı Rövşənin qisasını almaq istərkən həbs edilib" və s. Başlıqlar, əməliyyatın keçirildiyi yer çox şeyin doğru olmadığının göstəricisidir. Yazılanların çoxu uydurmaya oxşayır.

Duyğulanmışam günün çox vaxtını, tutulanların şəkillərinə baxıram, şəxsən tanımadığım adamların şəkillərinə bu qədər baxmaq təəccüb yaradır, elə bil, kimlərisə axtaran kimiyəm. Hacı Beyləqanski də oradadır – Rövşənin dostu. Rövşənlə olan keçmiş şəkillərindən yadımda qalıb.



Səhər isə qisas almaq istəyənlərin necə aparıldığının videosu yayılır. Şəkillərdə gördüyüm Hacı böyümüş, daha boylu-buxunlu, bədənli görünür. "Bu odurmu?" – deyə sual edirəm, təkrar baxıram – odur, amma görünüşü əvvəlkilərlə müqayisədə fərqlidir.

İnsan bir neçə saata bu qədər böyüyə bilərmi?! Fiziki olaraq mümkün deyil, deməli, onu fiziki böyük göstərən, onu içdən böyüdən, gözümüzdə böyük göstərən dostunun qisasını almaq hissidir. Bax bu, Rövşənin dostudur – Rövşənin dostu olmaq budur, Rövşənə dost olmaq budur!

Dost və qardaş – biri öndə, biri sonda gedir! Dost və qardaşın arasındakı məsafə də doludur, qollar bağlı, hər iki tərəfdən qollarına girmiş türk polisləri, amma onlar elə gedirlər ki, polislər onları aparmış kimi görünmür, polislər onlarla gedirmiş kimi görünür – başları dik, əzmli, iradəli, təmkinli, haqlı, həyəcansız, məqsədli!

Son dövrlər çoxlarımız çox şey gördük – yaxından və uzaqdan. Eşitdiklərimiz də oldu – "ola bilməz" dedik olanlara. Olanları sadalamaq istəmirəm. Cəmiyyətin bu günə qədər gördüyü və düşündüyü nə idi, dəyişən nə oldu?!

Bu gün çoxları vəzifəsini, pulunu, mövqeyini, xoş həyatını itirməmək üçün qardaşından da, atasından da, nəslindən də keçər və çoxları keçdi də. Kimisi qardaşının, atasının, övladının əvəzində təklif olunan pulun, vəzifənin tərəfində durdu, susdu – "olan-olub, həyat davam edir, ölənlə ölmürlər ki…" və s. dedilər. “Atamıza, qardaşımıza cavabdeh deyilik” deyənlər də oldu, vəzifəsini itirməsin deyə, arzuolunmaz qardaşın, atanın qapısını açmayanlar da var.

Adi gömrük işçisi olmaq üçün cəmiyyətimizdə ağlımıza, bəlkə də, gələn və gəlməyən "şeylərdən" keçənlər var.

Amma biri, özü də gömrük idarələrindən birinin rəisi, qardaşı üçün vəzifəsini də, pulunu da, xoş həyatını da, son qanını da, qardaşının qisasını almaq üçün qurban verir və qurban verməyə hazır olduğunu göstərir – nəticəni düşünmədən! Bax, bu, Rövşənin qardaşıdır – Rövşənin qardaşı olmaq budur, Rövşənə qardaş olmaq budur!

Son söz əvəzi – çəkəcəyim filmə, yazılarıma görə kimlərsə bizi cinayətkar aləmi, cinayətkarları təbliğ edirik deyə, suçlaya bilər və suçladılar da. Bir Rejissor olaraq milli kimlik məsələsi ilə məşğulam və bir fərd, şəxs bir millətin ifadəçisidir, biz bir azərbaycanlı kimliyi anladırıq – necə ki, dənizin suyunun tərkibini bilmək üçün həmin suyun hamısını içməyə ehtiyac yoxdur, bir qurtum bəs edər.

Rövşənin hərəkəti, yəni atasının qisasını alması başqaları tərəfindən təkrarlanmadı, yəni, ənənə, vərdiş halını almadı. Amma yenə də atası öldürülənlər oldu və kim bizə sübut edə bilər ki, Rövşənin qısasından sonra atalara ediləcək qəsdlər azalmadı, neçə ata qatili Rövşən kimi oğulların ola biləcəyindən, onun hərəkətinin xofundan, öldürəcəkləri ataların oğlanlarından qorxaraq bu məqsədlərindən əl çəkmədilər. Bunun əksini sübut etmək çətindir, çünki Rövşənin etdiyi hərəkətin təkrarının olmaması sübut edir ki, ata qatili olmaq istəyənlərin sayı azalıb. Əzizlərinin intiqamını alanlara qatil demək olmaz, onlar qisas alanlardır, qisasçıdırlar, bu gün bizə daha çox qisas hissi lazımdır. Biz hətta Qarabağı da ata, ana, bacı, qardaş, övlad qisasına çevirməyənə qədər geri ala bilməyəcəyik! Necə ki, yazmışdım – Zəhranın atası Zəhranın qisasını almaq üçün dövlətdən iş almalı deyil, düşməndən təkbaşına qisas almalıdır, ordunu gözləmədən özünü düşmən səngərinə atmalı, sona qədər döyüşməli, övladının qisasını almalıdır, nümunə yaratmalıdır – bu, düşməni qorxuya salacaq, xofda saxlayacaq!

***

Çoxdanın söhbətidir – hamımız şahid olmuşuq bu hadisəyə… Hələ indiki böyük və məsuliyyətli vəzifəsini tutmayana qədər bir əməliyyatçımız o vaxt məşhur olan, qabağından yeməyən, yetənə-yetən, yetməyənə söz tullayan, dönməz, cəsur, bir az da daha artıq risk edən, sifəti olan müxalifətçi baş redaktorun (indi onun haqqında belə düşünülmür) qoluna qandal vurdu.

Birlikdə evin önünə çıxdılar, əməliyyatçı ilə baş redaktorun boy-buxunlarındakı fərq də iqtidar ilə müxalifətin gücünün o vaxtkı göstəricisi idi. Əməliyyatçı təsadüfi seçilməmişdi – xarakterindən tutmuş boy-buxun və baxışlara qədər hər şey nəzərə alınmışdı. Baş redaktorun evindən silah çıxdı, sonra baxdılar ki, silahın içi boşdur, boşladılar. Sonra bu hadisənin üstündən az keçmiş müxalifətçi baş redaktor ailəsi ilə restorana daxil olarkən həmin əməliyyatçı ilə (indi məşhur generalımızdır, öz sahəsində ad qazanandır, sözünü keçirəndir) rastlaşır və başlayır ağzına gələni danışmağa, əməliyyatçının yanında olan tanışı baş redaktorun cavabını vermək istəsə də, əməliyyatçı buna imkan vermir, baş redaktorun ailəsi ilə bir yerdə olduğunu xatırladır, heç nə demədən, etmədən, hörmətlə oradan uzaqlaşır, söhbəti başqa vaxta saxlamağı tövsiyə edir.

Sonradan bu hadisə haqda baş redaktor özü də yazdı və əməliyyatçının bu hərəkətini təqdir etdi. Əməliyyatçının bu hərəkəti hamı tərəfindən rəğbətlə qarşılandı, hətta qatı düşmənləri tərəfindən belə. Bəlkə də, bu əməliyyatçını sonra çalışdığı sahədə daha böyük pillələrə daşıyan məhz bu xarakteri, bu hərəkəti, göstərdiyi bu nümunə oldu.

Elə dəyərlər var ki, hətta düşmənə qarşı da o dəyərlər qorunmalıdır, çünki ümumidir, hamı tərəfindən dəstəklənir, dəyişməzdir, dost-düşmən arasında fərqləndirilməməlidir. Baxın, biz yenə belə nümunənin, hərəkətin yanındayıq, tərəfindəyik, şəxsi mənada bizə heç bir yaxşılığı keçməmiş insanın başqasına etdiyi hərəkət səndə ona qarşı rəğbət yaradır, onu sənə doğma edir, onu özününki bilirsən və s.

Böyük bir sənətkarımız ağır xəstəliyə tutulub – hər zaman şəxsiyyəti ilə öndə olub, sənəti onsuz da öndə idi, xarakter insanıdır – ağır xəstəlik ilə üz-üzə olsa da, xaricdə müalicə imkanları olsa da, deyir: "Mən xalq artistiyəm, gedim xaricdə deyim ki, öz həkimlərimiz həkim deyil, ümidim sizədir, onlara inanmıram?!"

Baxın – şəxsiyyət olmaq, nümunə olmaq yenə də budur, bu, təkcə ondan gözlənilən idi, onu da etdi!

Ailə-uşaq yanında etik qaydaları aşmayan, adət-ənənələrə hörmət edən, qadın-uşaq yanında təmkin göstərən əməliyyatçının, ölüm ayağında belə öz həkiminin şərəfini düşünən, qoruyan sənət insanının, atasının qisasını alan oğulun, dostunun qisasını almaq istəyən dostun, qardaşının qisasını almaq istəyən və alan qardaşın yanındayam! Çünki bunlar nümunədirlər, çox azdırlar, təkdirlər, təkrarsızdırlar… Adi insan kimi bitərəf, amma sənət insanı kimi gözümdə bu cür böyüyən insanların tərəfindəyəm – insanları belə böyüdən tərəfin yanındayam!

Bax, bir sənət insanı kimi, belə əməliyyatçı, sənət insanı, övlad-oğul, qardaş və dost filmlərimin qəhrəmanlarıdır – bu filmləri çəksəm də, çəkməsəm də, çəkə bilsəm də, bilməsəm də, çəkməyə qoysalar da, qoymasalar da…



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu