“İfrat” hidrometeoroloji termin imiş- Umayra Tağıyevadan AÇIQLAMA


“İfrat” hidrometeoroloji termin imiş-


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin iki gün öncə verdiyi “ifrat təhlükəli hidrometeoroloji hadisə” proqnozu ilə bağlı ajiotaj gündəmin əsas mövzusudur. Xatırladaq ki, qurum açıqlamasında ölkə ərazisində hava şəraitinin kəskin dəyişəcəyini, havanın temperaturunun birdən-birə 10 dərəcə düşəcəyini, güclü külək olacağını bildirib. Bu isə “ifrat təhlükəli hidrometeoroloji hadisə” başlığı ilə yayılaraq narahatlığa səbəb olub.

Bir sıra qurumlar da öz iş qrafiklərində dəyişiklik ediblər, məktəblərdə və bağçalarda iki günlük fasilə elan edilib. Buna rəğmən Bakı üçün xarakterik olan hava şəraitinin müşahidə edilməsi Milli Hidrometeorologiya Departamentinin yanlış proqnoz vermək ehtimalını gündəmə gətirib. AFN-in araşdırması zamanı isə məlum olub ki, “ifrat təhlükəli hidrometeoroloji hadisə” əslində hidrometeorologiyada termindir. Belə ki, beynəlxalq normalara əsasən küləyin sürəti 30-35, arabir 40 metr/saniyə, dənizdə dalğa 6-8 metr gözlənilirsə bu, artıq ifrat təhlükəli hidrometeoroloji hadisə sayılır.

ETSN-in Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva AFN-ə açıqlamasında bunu təsdiqləyərək bildirdi ki, dünya təcrübəsi var və hidrometeorologiya xidməti bütün dünyada təlimatlara uyğun öz işini qurur: “Hər hansı təhlükəli hadisə gözlənilirsə, bunun qiymətləndirilmə meyarları var. O meyarlar bunlardır: təhlükəli hidrometeoroloji hadisə, xüsusi təhlükəli hidrometeoroloji hadisə və ifrat təhlükəli hidrometeoroloji hadisə.

Əgər küləyin sürəti 30-35, arabir 40 metr/saniyə, dalğa 6-8 metr gözlənilirsə biz proqnoz xəbərini paylaşanda ifrat təhlükəli hidrometeoroloji hadisə başlığı ilə yaymalıyıq. Nəyə görə? Əgər 35 metr/saniyə güclü külək olubsa və biz adi başlıqla xəbərini paylaşmışıqsa, bu o deməkdir ki, biz işimizə məsuliyyətsiz yanaşmışıq. Biz Ümumdünya Meteorologiya Təşkilatının üzvüyük və bu meyarlara uymalıyıq. Bizim yaydığımız xəbərləri onlar da oxuyurlar və bu sahədə qəbul olunmuş təlimatlara uyğunlaşmalıyıq”.

Bundan sonra bu terminə rast gələcəyikmi proqnozlarda? U.Tağıyeva bildirdi ki, bundan sonra da belə hava şəriait gözlənərsə, bu barədə xəbərlər yayımlanacaq: “Biz öz vəzifə borcumuzu yerinə yetirəcəyik. Ümid edirik ki, insanlar da bizi başa düşəcəklər, çünki biz onların təhlükəsizliyi üçün bu məlumatları işıqlandırırıq”.

HƏBİBƏ




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu