Sabiq direktorun korrupsiya iyi verən azadlığına kəskin reaksiyalar

Xəbərin çap versiyası
Tarix: 22-02-2019, 12:26    |    Xəbər oxunub: 728 dəfə
Sabiq direktorun korrupsiya iyi verən azadlığına kəskin reaksiyalar


Natiq Cəfərli: “Mükafat kimi cəzalar olacaqsa, büdcənin talanması davam edəcək”

Elçin Mirzəbəyli: “Düşünürəm ki, bu qərar cəzanın çəkindiriciliyi baxımından doğru deyil”



“Rabitə işi”ndə əsas fiqurlardan biri “Aztelekom” MMC-nin sabiq baş direktoru Məhəmməd Məmmədovun barəsindəki şərti cəzanın ləğvi ciddi müzakirə mövzusuna çevirilib. Məhəmməd Məmmədov büdcədən 4 milyon 500 min manat oğurlamaqda təqsirli bilinərək 2015-ci ildə istintaqa cəlb edilib. Elə ibtidai istintaq dövründə dövlətdən oğurlanan 4 milyon 500 min manat pulu ödəyib. Məhkəmədə barəsindəki ittiham təsdiqlənsə də, M.Məmmədov barəsində olduqca humanist hökm çıxarılıb. Dövlətin 5 milyon manata yaxın vəsaitini oğurlamış məmuru 6 il müddətinə şərti cəzaya məhkum edib məhkəmə zalından evinə yola salıblar.
AFN xatırladır ki, bir neçə gün əvvəl isə Xətai Rayon Məhkəməsi Məhəmməd Məmmədov barəsindəki şərti cəzanı ümumiyyətlə ləğv edib. Bununla da uzun illər “Aztelekom” İstehsalat Birliyinin baş direktoru vəzifəsini tutmuş, orada mənimsəmələrə yol vermiş Məhəmməd Məmmədovun cəzadan azad edilməsi prosesi yekunlaşıb. Yaxın zamanlarda onun bəraət üçün məhkəməyə müraciət etməsi və bu istəyinin də Azərbaycan məhkəməsi tərəfindən təmin edilməsi təəccüb doğurmamalıdır.
Azərbaycan mətbuatı bu məsələnin üzərinə getməlidirmi? Məsələnin yenidən araşdırılması mümkündürmü?

Sabiq direktorun korrupsiya iyi verən azadlığına kəskin reaksiyalar


“Böyük bir cinayətə görə cəzanın şərti verilməsi də elə böyük suallar doğurur”

İqtisadçı ekspert Natiq Cəfərli deyir ki, Azərbaycanda məhkəmə sistemində ciddi problemlərin olduğu kimsəyə sirr deyil. Başqa sahələrdə müəyyən dəyişikliklər olsa da, məhkəmə sistemində ciddi islahatlar, dəyişikliklər baş vermir: “Bu çox vacib məsələdir. Məhkəmələrin normal şəkildə fəaliyyəti, ədalətli qərarlar çıxarması iqtisadi islahatlar üçün də ən vacib addımlardan biridir. Azad və ədalətli məhkəmə sistemi olmayan ölkələrdə investisiyalar gəlmir, xarici investorlar belə ölkələrə o qədər də maraq göstərmirlər. Azərbaycanda bu tipli məhkəmə qərarlarının verilməsi bu fikrin dərinləşməsinə səbəb olur. Xətai rayon məhkəməsinin özbaşına belə bir qərar verməsinə inanmıram. Çox güman ki, belə bir qərarın verilməsinin arxasında daha ciddi güclər, daha səlahiyyətli məmurlar durur. Kifayət qədər faktlarla sübut olunmuş bir cinayət işi ortalıqda idi. Xalqın, dövlətin malının talanması faktları üzə çıxarılmışdı. Böyük bir cinayətə görə cəzanın şərti verilməsi də elə böyük suallar doğurur. Azərbaycanda bir məmurun büdcədən 4 milyon yarım pul oğurladığı sənəd-sübutlarla təsdiqlənir və məhkəmə belə bir şəxsə şərti cəza verir. Başqa bir məhkəmə həmin şərti cəzanı ləğv edir. Bunun adı nədir? Görünən odur ki, adam öz məsələsini həll edib. Belə hökm və qərarlar məhkəmələrin müstəqil olmadığını, tapşırıqlarla, zənglə çalışması fikirlərini daha da gücləndirir”.
Natiq Cəfərli hesab edir ki, prokurorluq məsələni yenidən araşdırmalı, Xətai Rayon Məhkəməsinin qərarı ən yüksək səviyyədə mübahisələndirilməlidir: “Məhkəmədə sübuta yetirilib, məmur 4 milyon 500 min manatı qaytarıb. Həmin məbləği qaytarması onun büdcəni talamasını etiraf etməsidir. Belə olan təqdirdə onun şərti cəzaya cəlb edilməsinə hansı əsaslar ola bilər? Belə çıxır ki, prokurorluğun araşdırması kifayət qədər əsaslı olmayıb və məhkəmə də həbslə əlaqəli olmayan hökm çıxarıb. Prokurorluq orqanları məsələnin yenidən araşdırılması, yeni və ədalətli məhkəmənin keçirilməsi üçün addımlar atmalıdır”.

Sabiq direktorun korrupsiya iyi verən azadlığına kəskin reaksiyalar


“Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli deyir ki, mətbuat bu məsələnin nə dərəcədə əsaslı olub-olmaması barədə araşdırma aparmalıdır: “Azərbaycanda cəzaların humanistləşdirilməsi mexanizmi işə salınıb. Məhkəmələrin bu mexanizmə uyğun qərarlar verməsi mümkündür. Bununla belə, hüquq fəlsəfəsinə uyğun olaraq cəzanın çəkindirici tərəfi də olmalıdır. Qəbul olunan qərar ictimaiyyətə hansı mesajı verir?”
Baş redaktor deyir ki, belə bir qərarın verilməsi Azərbaycan qanunverciliyinə görə mümkündür, mümkün deyil, bu qərarın müsbət və mənfi tərəfləri də araşdırılmalıdır: “İstənilən halda mətbuat istənilən məsələni araşdıra bilər”.
E.Mirzəbəyli vətəndaş mövqeyini ifadə edərək deyib ki, qəbul edilən qərar uğurlu deyil: “Cəmiyyətə müsbət mesajlar verməyən qərardır. Bütün hallarda məsələnin hüquqi aspektdən araşdırılmasına ehtiyac var. Bu iş üzrə yüngülləşdirici səbəblər olubmu? Olubsa hansılardır? Düşünürəm ki, bu qərar cəzanın çəkindiriciliyi baxımından doğru deyil”.
Qeyd edək ki, Məhəmməd Məmmədov həbsdən azad olunduqdan daha bir qalmaqalın mərkəzi fiquruna çevirilmişdi. Məlum olmuşdu ki, M.Məmmədov vəzifədə olarkən bir çox əmlaklarını istintaqdan gizlətməyi bacarıb. Əmlaklarını yaxınlarının adına rəsmiləşdirib. Həmin şəxslərdən biri də onun bacısı oğlu olub. Adı açıqlamayan həmin bacıoğlunun adına Məhəmməd Məmmədov vəzifədə olarkən Mingəçevirdə şadlıq sarayı və Bakıda çoxmərtəbəli binada yerləşən 2 mənzili rəsmiləşdirib. Həbsə düşüb çıxandan sonra isə bacıoğlu dayısının tələbinə məhəl qoymayıb, mülkləri geri qaytarmayıb. M.Məmmədov məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına şikayət edib. Onun şikayəti əsasında bacısı oğlu saxlanılıb. O, 3 gün həbsdə qaldıqdan sonra dayısına mülkləri qaytarıb. Qeyd edək ki, bu cür “praktikadan” məmurlar çox istifadə edir, əmlaklarının bəzilərini yaxın qohumlarının adına sənədləşdirirlər. Bəzi hallarda da bu cür hallarla rastlaşılır. İstintaq işinin materiallarında isə Məhəmməd Məmmədovun və ailə üzvlərinin mülklərinin siyahısı yer alırdı. Əgər Məhəmməd Məmmədov məmur yox, biznesmen olsaydı, onun mülklərinin siyahısı belə təəccüb doğurmazdı. Onun əmlaklarının siyahısını bir daha yada salaq:
Bakı şəhəri, Xəzər rayonu, Dübəndi bağ sahəsində 2 bağ evi, Bakı şəhəri, Xətai rayonu, Nəsrəddin Tusi küçəsində yerləşən 19 saylı yeni tikilidə 14 saylı mənzil, Abşeron rayonu, Fatmayi kəndində 145 və 145 A saylı bağ evləri, Nəsimi rayonu Mərdanov Qardaşları küçəsində yerləşən “Yurd” MTK-da 34 saylı mənzil və Binəqədi rayonu, Rəsulzadə qəsəbəsində yerləşən ticarət obyektləri var.
Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən istintaqa daxil olmuş 06.11.2015-ci il tarixli 150220205080 №-li məktubda isə göstərilib ki, Məmmədov Məhəmməd Əsgər oğlunun adına Bakı şəhəri, Xətai rayonu, Nəsrəddin Tusi küçəsi 19 saylı evin 14-cü mənzili, Bakı şəhəri, Xəzər rayonu, Dübəndi bağ sahəsi, “BTRİB” b/y-nin 5-6-cı Şimal küçəsində bağ evi, Bakı şəhəri, Binəqədi rayonu, Goradil kəndi, 226 saylı bağ sahəsi var. Bununla yanaşı, M.Məmmədovun oğlu Məmmədzadə Araz Məhəmməd oğlunun adına Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Zahid Qəmbərov küçəsi, ev 22/24-də yerləşən qeyri-yaşayış sahəsi, qızı Məmmədova Şüküfə Sabir qızının adına Bakı şəhəri, Binəqədi rayonu, Şövkət Məmmədova küçəsi, 15 saylı evin 51 saylı mənzili var.
M.Məmmədovun digər qızı Məmmədova Şeyda Məhəmməd qızının adına Bakı şəhəri, Nəsimi rayonu, Vladislav Plotnikov küçəsi, 21 a saylı evin 31 saylı mənzili, Bakı şəhəri, Səbail rayonu, F.Əmirov küçəsi, 2 saylı qeyri-yaşayış sahəsi aşkarlanıb.
Sabiq baş direktorun digər oğlu Məmmədzadə Babək Məhəmməd oğlunun adına isə Abşeron rayonu, Fatmayı kəndi, Qara Qarayev küçəsi, 145, 145a saylı fərdi yaşayış evi, Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov Qardaşları küçəsi, 117b saylı evin 34 saylı mənzili, Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, 91 saylı evin 23 saylı mənzili, Xaçmaz rayonu, Aşağıoba kəndində torpaq sahəsi olması müəyyən edilib. Onu da qeyd edək ki, Məhəmməd Məmmədov uzun illər Yeni Azərbaycan Partiyası Mərkəzi Nəzarət – Təftiş Komissiyasının sədri olub. Həbsindən sonra YAP strukturlarında tutduğu vəzifədən azad olunmuşdu.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail [email protected]







Diqqətinizi çəkə biləcək digər xəbərlər
DİN sürücülərə xəbərdarlıq etdi

DİN sürücülərə xəbərdarlıq etdi

Zamiqlə Röyanın

Zamiqlə Röyanın EHTİRASLI RƏQSİ — VİDEO

Mingəçevirdə ehtiyat su anbarının yaxınlığı yanır

Mingəçevirdə ehtiyat su anbarının yaxınlığı yanır

19 iyun 1920-triumviratın ölümü -

19 iyun 1920-triumviratın ölümü - Fətəli Xan Xoyskinin qətli

Azərbaycanlı “iş adamları”nın Dağıstandakı şok biznesi:

Azərbaycanlı “iş adamları”nın Dağıstandakı şok biznesi: Buradan adam oğurlayıb kölə edirlər

Bakıda yol polisi qaydanı pozaraq təhlükə yaradıb -

Bakıda yol polisi qaydanı pozaraq təhlükə yaradıb - VİDEO

Nikah və boşanmaların statistikası açıqlanıb

Nikah və boşanmaların statistikası açıqlanıb

Qənirə Paşayeva MM-in səhiyyə komitəsinin iclasında təkliflərlə çıxış edib -

Qənirə Paşayeva MM-in səhiyyə komitəsinin iclasında təkliflərlə çıxış edib - VİDEO

“Nar” Paralimpiya Oyunlarının iştirakçılarına dəstək olacaq

“Nar” Paralimpiya Oyunlarının iştirakçılarına dəstək olacaq

Yusif Mustafayev efirdə söyüş söydü -

Yusif Mustafayev efirdə söyüş söydü - VİDEO

Azərbaycanda yeni biznes-portal fəaliyyətə başlayıb

Azərbaycanda yeni biznes-portal fəaliyyətə başlayıb

Mələk Siyaranın əziz xatirəsinə -

Mələk Siyaranın əziz xatirəsinə - Fəxrəddin Nağıyev yazır

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur