Sumqayıtda inşa edilən kompleks məcburi köçkünlərin istifadəsinə veriləcək


Sumqayıtda inşa edilən kompleks məcburi köçkünlərin istifadəsinə veriləcək


Sumqayıt şəhərinin mərkəzində, Koroğlu prospektində inşa edilən və ötən il dekabrın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın iştirakı ilə açılış mərasimi olan 1005 mənzildən ibarət yaşayış kompleksi məcburi köçkünlərin istifadəsinə veriləcək.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən AFN-ə verilən məlumata görə, yeni mənzillərin bölgüsü üzrə ilk püşkatma mərasimi fevralın 22-də N.Nərimanov adına Mədəniyyət Evində keçirilib. Məcburi köçkün ailələrin nümayəndələri mövcud qaydalar əsasında onlar üçün əvvəlcədən ayrılmış otaq sayı üzrə bina və mənzilin nömrəsini müəyyənləşdirib. Bundan bir neçə gün sonra isə ailələrin yeni mənzillərə köçürülməsinə başlanacaq.

Püşkatmada iştirak edən Cəbrayıl rayonundan məcburi köçkün Yetər Quliyeva, Laçın rayonundan Taleh Abdullayev, Qubadlı rayonundan Namazalı Dünyamalıyev və başqaları mənzillərin bölgüsünün mövcud qanunvericilik normaları və sosial ədalət prinsipləri əsasında şəffaflıqla aparılmasından razı qaldıqlarını qeyd edərək, onların mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına qayğı və diqqət göstərən Prezident İlham Əliyevə və Birinci vitse-prezident xanım Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, kompleksə daxil olan mənzillərin hamısı tam təmirlidir və mətbəx mebeli, qaz sobası ilə təchiz olunub. Bundan başqa, mənzillərdə mərkəzləşdirilmiş internet və televiziya şəbəkəsi quraşdırılıb. Ərazidə sakinlərin asudə vaxtlarını səmərəli keçirmələri üçün iki istirahət guşəsi yaradılıb, uşaq meydançası quraşdırılıb. Kompleksin ümumi ərazisinin 67 faizində yaşıllıq və abadlıq işləri görülüb. Bu kompleks şəhərin memarlıq üslubuna uyğun inşa olunub, binaların fasadlarına xüsusi diqqət yetirilib, fərqli üslubda pəncərələr quraşdırılıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu