Bakıda Soyqırım muzeyinin yaradılsın- Parlamentdə təklif+VİDEO


Bakıda Soyqırım muzeyinin yaradılsın-


Millət vəkili Qənirə Paşayeva bu gün Milli Məclisdə qarşıdan gələn 31 mart - Azərbaycanlılarının soyqırımı gününün növbəti ildönümü ilə bağlı çıxış edərək ermənilərin xalqımıza qarşı törətdiyi dəhşətli cinayətlərin, soyqırımların dünyada daha da geniş yayılması, duyurulması istiqamətində çalışmalarımızı artırmalıyıq deyib və təkliflərlə çıxış edib.



Millət vəkili çıxışında qeyd edib: "Bir neçə gün əvvəl dəvətimizlə ölkəmizdə səfərdə olan xarici qonaqlarla Bakıda görüşümüz zamanı onlara 31 mart - Azərbaycanlılarının soyqırımı günü, ermənilərin 20-ci əsrin əvvəllərində xalqımıza qarşı törətdiyi dəhşətli soyqırım, faciələr, işğalçı Ermənistanın 20-ci əsrin sonunda Qaradağlıda, Xocalıda törətdiyi dəhşətli soyqırım , Bağanis-Ayrım, Ağdaban faciəsi ilə də bağlı geniş məlumatlar verdiyimiz zaman onlar bu cinayətləri özündə əks etdirən muzeyin olub-olmaması və oranı ziyarət etmək istədiklərini söylədilər. Qonaqlara Quba soyqırımı memorial kompleksi barədə məlumatlar versək də, ölkəmizin paytaxtı Bakıda 31 mart soyqırımı, Xocalı soyqırımı, Qaradağlı soyqırımı, Bağanis-Ayrım ,Ağdaban faciəsi, ümumiyyətlə ermənilərin tarix boyu xalqımıza qarşı törətdiyi cinayətləri özündə əks etdirən bir muzeyin yaradılmasının vacibliyini buradan xüsusi vurğulayaraq, bu sahəyə cavabdeh qurumlara çağırış etmək istəyərdim. Bakıda soyqırım muzeyinin yaradılması çox vacibdir. Nəzərə alsaq ki, ölkəmizə gələn qonaqların və turistlərin əksəriyyəti Bakıya gəlir, belə bir muzeyin Bakıda yaradılması çox vacib və zəruridir. Bir neçə gün əvvəl İstanbulda səfərdə olduğum zaman ermənilərin "Daşnaksyutun" terror təşkilatının üzvü Misak Torlakyanın qətlə yetirdiyi Azərbaycan Xalq Cümhuriyəti qurucularımızdan, daxili işlər naziri olmuş, Qarabağ xanının nəvəsi Behbud xan Cavanşirin məzarını ziyarət etdik. Onu qətlə yetirənlər ədalət qarşısında cavab vermədilər. Biz onların tarix qarşısında cavab verməsinə nail olmalıyıq. Amma çoxları dünyada Behbud xan Cavanşir də daxil olmaqla, bir sıra Cümhuriyyət qurucularının məhz erməni quldurlarının qətlə yetirdiyini bilmirlər. Həmin muzeydə bu böyük şəxsiyyətlərimizlə də bağlı guşələrin olması çox vacib məsələdir. Mən buradan müvafiq dövlət qurumlarına müraciət edərək qısa zamanda Bakıda Soyqırım muzeyinin yaradılmasına çağırıram. Bu, həqiqətlərimizin təbliğində də, erməni yalanlarına qarşı mübarizədə də çox vacib bir məsələdir."

Millət vəkili Q.Paşayeva eyni zamanda bu gün MM-də “Mediasiya haqqında” qanun layihəsinin müzakirələrində çıxış edərək bu qanun layihəsini dəstəklədiyini və bu qanunun çox vacib olduğunu deyib, xüsusilə regionlarımızda vəkil çatışmazlığını nəzərə aldıqda bu institutun formalaşmasının öz müsbət təsirini verəcəyinə inandığını deyib. Millət vəkili bildirib ki, məhkəmələrə edilən ən çox müraciətlər arasında ailə münasibətlərindən irəli gələn mübahisələrin böyük yer tutduğunu nəzərə alsaq, bu mübahisələrin məhkəmələrə müraciət etmədən

"Mediasiya institutu" tərəfindən həll edilməli çox əhəmiyyətlidir. "Mediasiya institutu"nun cəmiyyətdə inam qazanmasının vacibliyini qeyd edən millət vəkili mediatorların seçilməsi məsələsinin də çox vacib olduğunu deyib. Millət vəkili Q.Paşayeva mediator olanların hansı keyfiyyətlərə malik olması, cəmiyyətdə, insanların inamsızlığına gətirib çıxara biləcək hərəkətlərə yol verməməsi kimi tələblərə ciddi diqqət yetirilməsinin vacibliyini qeyd edib.

Millət vəkili Q.Paşayevanın MM-də iclasda çıxış videosunun linkini burdan izləyə bilərsiniz.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu