Hüseyn Abdullayev məhkəmədə ağladı- YENİLƏNİB

Xəbərin çap versiyası
Tarix: 25-04-2019, 17:59    |    Xəbər oxunub: 569 dəfə
Hüseyn Abdullayev məhkəmədə ağladı-



AFM// Sabiq deputat və iş adamı Hüseyn Abdullayev bugünkü məhkəmə iclasında ilk dəfə ifadə verib.

"Qafqazinfo"nun xəbərinə görə, daha öncəki iclaslarda ifadə verməkdən imtina edən H.Abdullayev bir neçə şahid dindiriləndən sonra israrla ifadə vermək istədiyini bildirib.

Hüseyn Abdullayev ifadəsinə məhkəməni və proses iştirakçılarını salamlamaqla başlayıb: "Cənab hakim, xahiş edirəm mənim ifadəm sözbəsöz protokola yazılsın. Dediklərimin hamısını yazın. Mən 2018-ci ci il aprelin 21-də Türkiyədə qanunsuz saxlanılarkən BMT-nin Cenevre Konvensiyası pozulub. Cənab prokuror, mən başa düşmürəm, metal, pul məsələləri ilə bağlı ittiham hardan gəlir. Mən 2000-2018-ci illər ərzində metal biznesi ilə məşğul olmamışam. Mən qanuni yollarla 1991-1998-ci illərdə Ukraynada metal biznesi ilə məşğul olmuşam, oradan əlvan və qara metalı başqa ölkələrə ixrac etmişəm. 1991-ci ildə Culfa keçid məntəqəsi açılandan sonra İranla geniş ticarət əlaqələri qurmuşam. 1992-ci ildə Naxçıvan ağır blokadada olanda İnkişaf və Müdafiə Fondunun əsas sponsorlarından biri olmuşam. Əsgərləri geyim və ərzaqla təmin etmişəm. Ölkənin ilk rəsmi milyonçularından biri olmuşam. Belə tarixi, imkanları olan adam sizcə ittihamda yazıldığı kimi belə utancverici iş görər? Mən o günə qalmışam ki, kiməsə zəng edib 3 min manat tələb edim? Yazıblar ki, guya atamın, anamın adına aldığım mülklər qanunsuz yolla əldə edilmiş pulla alınıb.

Mən hansı gizli işi görmüşəm, bunu konkret deyin. Bizim xaricdə olan bank hesablarımıza gəlincə, mənim və anamın adına İsveçrə, mənim adıma Almaniya bankında hesablar olub. Bu pullar xaricdəki biznesimdən halal, qanuni yolla qazanılıb, vergisi də ödənilib.

İndi isə Nərimanov heykəlinin yanındakı başıbəlalı binadan danışım. 2005-ci ildə deputat seçildiyim üçün qanun mənə bizneslə məşğul olmağı qadağan edirdi. Mən də işləri anamla atamın adına keçirtdim. Onlar da deyilənlər kimi yüzlərlə yox, cəmi 1 bina tikdilər. O binanın da bütün ödənişləri edilib, bununla bağlı dövlət tərəfindən protokol da tərtib olunub. 2013-cü ildə mənə cinayət işi başlanıldı, ödədiyimiz vergini ikinci dəfə bizdən aldılar. Buna görə anamdan 1,8 milyon manat pul aldılar. İstintaq isə bu ödənilən məbləği görməzdən gəlib cinayət işinə xitam vermədi. Bütün bunlardan sonra mən məcbur qalıb doğma yurdumdan didərgin düşdüm, 2013-cü ildə Almaniyadan siyasi sığınacaq istədim, sağolsunlar razılıq verdilər. Burdakı adamlar məni deputat və mahnı bəstələdiyim üçün bəstəkar kimi tanıyırlar. Amma vaxtilə dəstək verdiyim, kömək etdiyim insanları bunları unudublar. Bunu bilirəm, amma eybi yoxdur. Mən bütün gəncliyimi dövlətçiliyimizin möhkəmlənməsinə, qorunub saxlanılmasına qurban vermişəm. Ölkədə sabitlik, kriminal dəstələrin baş qaldırmaması üçün həyatımı təhlükəyə atıb fəaliyyət göstərmişəm. Bundan da peşman olmamışam, heç vaxt dövlətimizə xəyanət etməmişəm".

H. Abdullayev çıxış edərkən bir neçə dəfə kövrəlib, Almaniyadan sığınacaq istəməyə məcbur qalması haqda danışarkən özünü saxlaya bilməyərək ağlayıb.

***

Bakı Hərbi Məhkəməsində sabiq deputat Hüseyn Abdullayev, anası Zeynəb Abdullayeva, Dövlət Sərhəd Xidmətinin əməkdaşları - Həbib İbrahimov, Zaur Quliyev, Pərviz Kazımov, Xalid Əliyev, Namiq Babayev, İntiqam Süleymanov və Nazim Əliyevin məhkəməsi keçirilib.

AFN-in "Qafqazinfo”ya istinadla verdiyi xəbərə görə, iclasda şahidlər ifadə verib.

Gözəl Bayraməliyeva deyib ki, Z. Abdullayeva onun baldızıdır: "Zeynəb xanım həyat yoldaşı rəhmətə gedəndən sonra çox ağladığı üçün gözləri ağrıyırdı, bir neçə ay yemək də yemədiyi üçün mədəsində xəstəlik yaranmışdı. Buna görə də müalicə üçün xaricə gedirdi. Hüseyn müəllim Azərbaycana gətiriləndən sonra da Zeynəb xanımın səhhəti pisləşdi, hər gün xəstəxanada olurdu. Ona görə mən onunla tez-tez telefonla danışırdım. İstintaqda məndən soruşdular ki, Hüseyn müəllim bizə külli miqdarda pul göndəribmi? Mən də dedim xeyr. Əmlakları, villaları, çoxlu pulu olub-olmamasını soruşdular. Mən də dedim yoxdur, bilmirəm. Bizim tayfada bütün xəstələrə, xeyri-şəri olanlara Zeynəb xanım kömək edirdi. Hərəyə 200-300 dollar verirdi. Hüseyn müəllim pulu anasına göndərirdi. Zeynəb xanım onun nömrəsini heç kimə vermirdi ki, hər adam zəng edib pul istəməsin”.

Məhkəmədə məlum olub ki, "Sovetski”də evlər plana düşən zaman Hüseyn Abdullayevin anası Zeynəb Abdullayevanın adına olan 10-a yaxın ev də sökülüb və dövlət tərəfindən kompensasiya verilib.

Prosesdə Z. Abdullayeva çıxış edərək mətbuatı məhkəmədə olanları düzgün işıqlandırmamaqda ittiham edib. Prosesdə iştirak edən jurnalistlər bu günə kimi məhkəmə iclaslarına buraxılmadıqlarını, bu barədə Ali Məhkəmənin sədri Ramiz Rzayevə müraciət etdikdən sonra ilk dəfə prosesdə iştirak etdiklərini bildiriblər.

Z.Abdullayeva daha sonra isə zərərçəkmiş Elnur Məmmədovun epizodu üzrə danışıb: "Onun kimi mərdimazar adam yer üzündə yoxdur. Elnur bizim obyekti icarəyə götürüb, amma pulu ödəməyib. Mən də ondan pulu istəmişəm. Elnurla mən danışmışam. Əgər buna görə Hüseyni tutublarsa, məni də tutsunlar. Əgər məni buraxırlarsa, Hüseyni də buraxsınlar. Mən özüm hər gün Elnura zəng edib obyektin arendasının pulunu istəyirdim, o niyə oğlumdan şikayət edib? Fəzail Ağamalıdan 1 faiz incimişəmsə, Elnurdan 500 faiz incimişəm”.

Bundan sonra Z.Abdullayevanın qızının sürücüsü Ceyhun Həsənquliyev deyib ki, zərərçəkmiş Elnur Məmmədovun yanına gedərək ondan icarə haqqını götürüb: "Hər dəfə 500, ya da min manat almışam, ümumi 4500 manat pul götürmüşəm. Orda da heç bir söz-söhbət olmayıb. Heç kimə hədə-qorxu gəlinməyib”.

Bir neçə epizodik şahidlər dindiriləndən sonra məhkəmədə fasilə elan olunub.

Prosesin ikinci hissəsində Vergilər Nazirliyinin hüquqşünasları mülki iddiaçı kimi çıxış etmək istədiklərini bildiriblər. Nümayəndə Qoşqar Bədirxanov deyib ki, H.Abdullayev və Z.Abdullayevaya məxsus olan şirkətlər külli miqdarda vergidən yayınıb. O, əlavə edib ki, "Araz İnşaat” MMC üzrə 1 milyon 269 min manat, "Kənan S” şirkəti üzrə 1802 manat vergidənyayınma olub.

H.Abdullayev və Z.Abdullayevaya onların "Kənan S” adlı şirkətinin olmadığını deyib. "Araz İnşaat” üzrə isə vergi borclarının olmadığını, səsləndirilən bu rəqəmin necə yaranmasının izah edilməsini istəyiblər.

Hakimlər VN əməkdaşından bu rəqəmi sübuta yetirməyi və "Kənan S”in həmin şəxslərə aid olduğunu göstərən sənədləri məhkəməyə təqdim etmələrini istəyiblər. Lakin Q.Bədirxanov onda bu sənədlərin olmadığını və vergi borcunun necə yaranmasını izah edə bilməyəcəyini deyib: "Mən bu sahənin mütəxəssisi deyiləm, yoxlama da aparmamışam. Baş Prokurorluq istintaq araşdırması zamanı bu nəticəni əldə edib, bizə mülki iddiaçı kimi tanınmaq üçün müraciət edib. Biz istintaqın verdiyi rəqəmlərə əsaslanaraq bu məbləğdə vergidən yayınmanı müdafiə edirik”.

Hakim VN əməkdaşından səyyar yoxlama aparıb-aparmadıqlarını soruşub. O isə istintaqdan sonra araşdırma üstünə araşdırma aparmaq səlahiyyətləri olmadığını deyib.

Baş prokurorluğun ittihamçısı da VN hüquqşünasına məhkəməyə hazırlıqsız, sənədlərsiz gəlməyi irad tutub.

Nazirliyin ikinci hüquqşünası Xəyal Əhmədov isə çıxışında bildirib ki, Z.Abdullayevaya məxsus Şıxov ərasizində yerləşən torpaq vergisindən 171 min manat ödənilməmiş qalıb. O deyib ki, Z.Abdullayevanın adına rəsmi sənəddə 4,3 hektar torpaq olub, lakin ekspertlər yerində ölçmə işləri aparanda müəyyən olunub ki, torpaq sahəsi 13, 48 hektardır. Buna görə də yaranan fərqin torpaq vergisi illər ərzində ödənilməyib və 171 min vergi borcu yaranıb.

Daha sonra əlavə edib ki, H.Abdullayev fiziki şəxs kimi vergi uçotuna durmadan qanunsuz sahibkarlıqla məşğul olub və dövlətə ödəməli olduğu 22 milyon 246 min vergini ödəməkdən yayınıb. Belə ki, H.Abdullayev 2011-ci ildə Yasamal rayonunda aldığı mənzilləri 2017-ci ildə baha qiymətə satıb. Bu mənzillərin satışından 110 milyon manat gəlir əldə edilib. Buna görə də dövlətə 22.246 milyon vergi ödənilməli idi.

İttihama münasibət bildirən H.Abdullayev deyib ki, onların sadəcə 4,3 hektar yeri olub, o da 2013-cü ildə başqa bir şirkət tərəfindən zəbt edilib: "İndi orada yük maşınları saxlayırlar, gedib baxa da bilərsiniz. O torpaq bizdə olduğu müddət ərzində də vergisini ödəmişik. Qalan 9 hektarın isə bizə aidiyyatı yoxdur. Mənim olmayan torpağa görə niyə vergi ödəməliyəm?”

Hakim VN əməkdaşından H.Abdullayevin həmin 9 hektardan necə istifadə etdiyini soruşub, o isə torpaqdan istifadə edilmədiyini bildirib. Daha sonra hakim ona belə bir sual ünvanlayıb: "Deyək ki, mənim sənəd üzrə bir ərazidə 1 hektar yerim var, onun ətrafında da 20 hektar boş ərazi var. Sahədən də istifadə olunmur. Siz mənim 1 hektardan artıq sahəni zəbt etdiyimi necə izah edə bilərsiz?”

VN əməkdaşı Xəyal Əhmədov isə həmin ərazidə olmadığını, ölçmə işlərində işirak etmədiyini, sadəcə istintaqın gəldiyini nəticəni müdafiə etdiyini deyib.

Hakim isə növbəti iclaslarda bu suallara cavab tapmaq üçün istintaqa cəlb olunan ekspertlərin dindiriləcəyini bildirib. VN hüquqşünaslarına da hazırlaşıb növbəti iclasda çıxış etməsi izah olunub.

H.Abdullayev 22 milyonluq ittihamla bağlı da danışıb: "Bu işlə bağlı utopik rəqəmlər səslənir. Xahiş edirəm açıqlansın ki, kimdən nə almışam, nə satmışam, neçəyə alıb neçəyə satmışam. Bunları konkret rəqəmlərdə deyib sübut edin. Sadəcə mənim və qohumlarımın bank hesabları izlənilib, ordan transfer olunan pullara görə vergi hesablanıb. Bu pulları isə mən 1990-cı illərdə qara və əlvan metal biznesimdən əldə etmişəm. Bu biznesim də Almaniyada, Ukraynada olub. Onların da bütün vergiləri ödənib, ödəməmişəmsə də bunu Almaniya tələb edə bilər. Mən 2000-ci ildən sonra nə 1 kq metal almışam, nə də satmışam. "Araz İnşaat”la bağlı da bir dəfə anamdan 1,8 milyon manat vergi pulu alıblar, amma rəsmiləşdirməyiblər. Mən heç nə etməmişəm, şükür ki, indi məhkəmə də ədalətli aparılır, pis deyil, təki axırı da yaxşı olsun”.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail [email protected]







Diqqətinizi çəkə biləcək digər xəbərlər
Məhkəmə hakimi polis rəisləri ilə bağlı DİN-ə müraciət etdi

Məhkəmə hakimi polis rəisləri ilə bağlı DİN-ə müraciət etdi

AzTV-də yeni təyinatlar:

AzTV-də yeni təyinatlar: tanınmışlar iş başında

“Google”-dan “Huawei”-yə zərbə -

“Google”-dan “Huawei”-yə zərbə - Əməkdaşlığı dayandırıb

Müəllimin ucbatından məktəbli Ruzi komaya düşdü –

Müəllimin ucbatından məktəbli Ruzi komaya düşdü – Video+Təfərrüat

Dövlətə xəyanətdə ittiham edilən şəxsə hökm oxundu

Dövlətə xəyanətdə ittiham edilən şəxsə hökm oxundu

Qarabağ qazisi ölkə rəhbərinə müraciət etdi -

Qarabağ qazisi ölkə rəhbərinə müraciət etdi - FOTOLAR

“…harda müxalif düşüncəli adam gördünüz, tüpürün üzünə” -

“…harda müxalif düşüncəli adam gördünüz, tüpürün üzünə” - Biabırçılıq

Təhsil sahəsinə ayrılan 50 milyon manat niyə xərclənməyib?-

Təhsil sahəsinə ayrılan 50 milyon manat niyə xərclənməyib?- ŞƏRH

ATU-da xəstəyə ilk hibrid müdaxilə icra edilib-

ATU-da xəstəyə ilk hibrid müdaxilə icra edilib- FOTOLAR

İsgəndər Həmidovun vəziyyəti pisləşdi-

İsgəndər Həmidovun vəziyyəti pisləşdi- xaricə aparılır

Dərsliklərin çəkisi yüngülləşdirilir

Dərsliklərin çəkisi yüngülləşdirilir

Xətaiyə yeni icra başçısı gəlir?

Xətaiyə yeni icra başçısı gəlir?

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur