Dövlət Avtomobil Nəqliyyatı Xidməti sürücülər üçün təlim dərslərinə start verir


Dövlət Avtomobil Nəqliyyatı Xidməti sürücülər üçün təlim dərslərinə start verir


Azərbaycanın ilk “Nəqliyyat Təlim-Tədris Mərkəzi” MMC tərəfindən sürücülərin peşəkarlığının, bilik və bacarıqlarının artırılması üçün ekstremal şəraitdə sürmə təlimi dərslərinə start verilir.



DANX-dan AFN-ə verilən məlumatda bildirilir ki, “Driftket avadanlığı qoşulmuş avtonəqliyyat vasitələri ilə ekstremal şəraitdə sürmə təliminin keçirilməsinə dair hazırlığın” plan və proqramı əsasında keçirilən kurslara müdavimlərin cəlb edilməsi prosesinə 1 may tarixindən start veriləcək.

Kurslara 19 yaşı tamam olan şəxslər dəvət edilir.

Nəzəri dərslər və sürmə təlimi olmaqla kurslar 10 günlük müddəti əhatə edəcək. Tədris əyani vəsaitlərlə, avadanlıqlarla təchiz edilən tədris kabinetlərində təcrübəli, peşəkar müəllim və təlim ustalarından ibarət heyətlə təşkil olunacaq.

Məşğələlər başa çatdıqdan sonra nəzəri və praktik yoxlamadan keçən sürücülərə sertifikatlar təqdim ediləcək.

İnkişaf etmiş ölkələrin təcrübəsini nəzərə alaraq təhlükəsiz və ekstremal şəraitdə idarəetmə vərdişləri ilə bağlı kursların xüsusilə operativ nəqliyyat vasitələrinin sürücülərinə şamil edilməsi nəzərdə tutulur.

Qeyd edək ki, yanğından mühafizə, polis, təcili tibbi yardım, qəza-xilasetmə bölmələri, hərbi avtomobil müfəttişliyi və feldyeger rabitəsi orqanı, inkassatorlar, qiymətli yüklərin daşınması, milli operatora məxsus olan və poçtdaşımasında istifadə edilən, üstündə xüsusi qrafikalı rəngli sxemlər, yazılar və tanınma nişanları olan, xüsusi işıq və səs siqnalları ilə təchiz edilən avtomobillərin sürücüləri üçün qeydiyyat zamanı müvafiq güzəştlər tətbiq ediləcək.

Eyni zamanda peşəkarlığını artırmaq istəyən digər sürücülər də bu kurslara müraciət edə bilər. Sürücülərin peşə vərdişlərinin artırılması və ekstremal şəraitdə baş verə biləcək yol-nəqliyyat hadisələrinin qarşısının alınmasında bu kursların əhəmiyyəti böyükdür.

Bir müdavimin təhsil alması üçün sərf olunan xərc 138 AZN təşkil edir. Qeydiyyat üçün sürücülər telim_tedris_merkezi@mail.ru ünvanına daxil olub koordinatlarını yerləşdirə və ya 055 771 40 20, 050 363 78 07 nömrəli telefonlarla əlaqə saxlaya bilər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu