Azərbaycan Milli Neft Komitəsinin iclası keçirilib


Azərbaycan Milli Neft Komitəsinin iclası keçirilib


Energetika naziri Pərviz Şahbazovun sədrliyi ilə Azərbaycan Milli Neft Komitəsinin ötənilki fəaliyyətinə və qarşıda duran vəzifələrə həsr edilmiş iclası keçirilib. Milli Neft Komitəsinin sədri, Energetika naziri Pərviz Şahbazov Milli Neft Komitəsinin 2005-ci ildə təsis edildiyini diqqətə çatdırıb. Azərbaycanın “Dünya Neft Şurası”na üzv kimi qəbulunda Ümummilli Lider Heydər Əliyevin Neft Strategiyasının rolunu xüsusi qeyd edib. Bildirib ki, Dünya Neft Şurasının əsas qayəsi qlobal miqyasda karbohidrogen ehtiyatlarından insanların rifahı naminə istifadə edilməsidir və bu, Azərbaycanın enerji kursunun da başlıca hədəfidir. “Karbohidrogen ehtiyatları və düşünülmüş məqsədyönlü siyasət bütövlükdə regional inkişafı təmin edib”, deyə nazir enerji layihələrinin əhəmiyyətindən danışıb. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin siyasi iradəsi sayəsində Xəzər regionunun tərəfdaşlıq münasibətləri ilə dünyanın digər enerji mərkəzlərindən fərqli statusda olduğunu bildirib.



Çıxışda qeyd edilib ki, indiyə kimi ölkəmizdə hasil olunmuş 2 milyard 58 milyon ton neftin 746 milyon tonu müstəqillik dövrünə aiddir. Hazırda orta gündəlik neft hasilatı isə, təxminən, 770 min barreldir. Energetika naziri Pərviz Şahbazov neftlə bağlı fəaliyyətin bir neçə istiqamətdə həyata keçirildiyini deyib:

“Bu gün neft ehtiyatlarının işlənməsi, neft sənayesinin investisiya ilə təmin edilməsi ilə yanaşı, neftin qiymətinin sabitləşdirilməsi prosesində də iştirak edirik. Eyni zamanda, neftin qiymətlərdən asılılığının azaldılması üçün hasilatda səmərəliliyə nail olunması, neftdən əlavə dəyər yaradan məhsul kimi istifadə edilməsi istiqamətində tədbirlər görürük. Həmçinin, quruda və açıq dənizdə ilk dəfə neft hasilatının, neft sənayesində bir sıra mühüm ilklərin beşiyi kimi ölkəmizin dünyada tanıdılmasına çalışırıq”.

“Dünya Neft Şurası”nın 2023-cü ildə keçiriləcək 24-cü Dünya Neft Konqresinə ev sahibliyi etməsi üçün Bakının namizəd olduğunu deyən nazir lazımi dəstəyin qazanılmasında Milli Neft Komitəsinin üzərinə mühüm vəzifələrin düşdüyünü qeyd edib və müvafiq tapşırıqlar verib.

Sonra Milli Neft Komitəsinin illik fəaliyyətinə dair hesabat dinlənilib. Komitənin İdarəetmə aparatının rəhbəri Nazim Vəliyev Milli Neft Komitəsinin ölkəmizin neft-qaz sektorundakı maraqlarını “Dünya Neft Şurası” beynəlxalq təşkilatında fəal təmsil etdiyini vurğulayaraq, Bakı şəhərinin namizədliyi çərçivəsində görülmüş işləri diqqətə çatdırıb.

Energetika nazirinin müavini Elnur Soltanov isə çıxışında bildirib ki, 24-cü Dünya Neft Konqresinə namizəd 2019-cu ilin iyun ayında Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində keçiriləcək növbəti iclası zamanı gizli səsvermə ilə müəyyən ediləcək. Azərbaycanla yanaşı, Kanada, Birləşmiş Ərəb Əmirlikləri, Argentina və Qazaxıstan da namizəd ölkələr sırasındadır. İclasda üzv ölkələrin dəstəyinin qazanılması üçün aparılan təbliğat işləri barədə söhbət açılıb.

İclasda həmçinin Milli Neft Komitəsinin gələcək fəaliyyətinin digər istiqamətlərinə dair də müzakirələr aparılıb.

Azərbaycan Milli Neft Komitəsinin iclası keçirilib
Azərbaycan Milli Neft Komitəsinin iclası keçirilib
Azərbaycan Milli Neft Komitəsinin iclası keçirilib



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu