Gəncədə içməli su təchizatı və kanalizasiya infrastrukturu yenidən qurulur


Gəncədə içməli su təchizatı və kanalizasiya infrastrukturu yenidən qurulur


“Azərsu” Açıq Səhmdar Cəmiyyəti Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq bölgələrdə içməli su təchizatı və kanalizasiya layihələrinin icrasını davam etdirir.



Dövlət proqramı çərçivəsində respublikamızın ikinci böyük şəhəri, qədim tarixə və böyük sənaye potensialına malik Gəncədə içməli su təchizatı və kanalizasiya infrastrukturu yenidən qurulur. Gəncə şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması Azərbaycan Hökuməti və Almaniya İnkişaf Bankının (KFW bankı) birgə maliyyələşdirdiyi “II Açıq Kommunal İnfrastruktur Proqramı” çərçivəsində həyata keçirilir.

Gəncə şəhərini dayanıqlı və keyfiyyətli içməli su ilə təmin etmək üçün Göygöl, Qızılqaya mənbələri və Şəmkirçay su anbarının ehtiyatlarından istifadə olunması qərara alınıb. Bu məqsədlə ötən müddətdə Göygöl su mənbəyində məhsuldarlığı saniyədə 200 litr olan yeni drenaj sistemi yaradılıb. Gəncə şəhərində həcmi 4000 kubmetr olan su anbarı tikilib və mənbədən anbara qədər 24,3 km uzunluğunda magistral su kəməri çəkilib. Qızılqaya su mənbəyində bərpa-yenidənqurma işləri aparılıb, ümumi tutumu 12 min kubmetr olan 3 su anbarı, 11 km magistral su xətləri inşa edilib. Ötən müddətdə Göygöl və Qızılqaya mənbələrindən şəhərə suyun verilməsi təmin edilib. Gəncə şəhərinin içməli su tələbatının böyük hissəsi Şəmkirçay su anbarı hesabına təmin olunacaq. Məhsuldarlığı sutkada 140 min kubmetr olan sutəmizləyici qurğunun inşası yekunlaşmaq üzrədir. Sutəmizləyici qurğudan şəhərə suyun verilməsi üçün 27,5 km Şəmkirçay-Gəncə magistral su kəməri tikilib.

Ümumilikdə Gəncə şəhərində 855 km içməli su şəbəkəsinin tikintisi nəzərdə tutulur. Gəncə şəhərinin böyüklüyü nəzərə alınaraq içməli su təchizatı və kanalizasiya şəbəkələrinin yenidən qurulması işləri mərhələli şəkildə həyata keçirilir. İndiyə qədər 260 km içməli su şəbəkəsi yaradılıb, 144 çoxmənzilli yaşayış binasının daxili şəbəkəsi yenidən qurulub, 11620 ədəd su sayğacı quraşdırılıb. Gəncə şəhərində inşası nəzərdə tutulan 813 km kanalizasiya şəbəkəsinin 175 km-lik hissəsi tikilib. Tullantı sularının təmizləyici qurğulara ötürülməsi məqsədilə 55 km kanalizasiya kollektorunun 48 km-lik hissəsi inşa edilib. Gəncə şəhərində yaranacaq tullantı suları gələcəkdə Samux rayonu ərazisində inşa ediləcək və məhsuldarlığı sutkada 120 min kubmetr layihələndirilən təmizləyici qurğuda təmizlənib kənarlaşdırılacaq.
Qeyd edək ki, Gəncə şəhərində icra olunan layihədən 2035-ci ilədək perspektiv inkişaf nəzərə alınmaqla 450 min nəfər faydalanacaq. Layihə çərçivəsində gələcəkdə Göygöl rayonunun Murovdağ qəsəbəsi, Hacıməlik və Mollacəlilli kəndlərinin də içməli su təchizatı yaxşılaşdırılacaq.

Gəncədə içməli su təchizatı və kanalizasiya infrastrukturu yenidən qurulur
Gəncədə içməli su təchizatı və kanalizasiya infrastrukturu yenidən qurulur



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu