Qənirə Paşayeva MM-da Türkiyədə təhsil alan tələbələrin və ailələrinin müraciətini səsləndirib - VİDEO


Qənirə Paşayeva MM-da Türkiyədə təhsil alan tələbələrin və ailələrinin müraciətini səsləndirib -


Qənirə Paşayeva MM-da Türkiyədə təhsil alan tələbələrin və ailələrinin müraciətini səsləndirib və müvafiq qurumları dəstək göstərməyə çağırıb.



Millət vəkili, Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva Milli Məclisin plenar iclasında "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Preferensial Ticarət Sazişinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası qanununun layihəsi barədə çıxış edib. Ulu öndər Heydər Əliyevin 1 millət 2 dövlət düşüncəsi ilə qardaş Türkiyə ilə əlaqələrin daha da genişləndirilməsinin cənab Prezidentimiz İlham Əliyevin siyasətində xüsusi yer tutduğunu vurğulayan Qənirə Paşayeva bu qanun layihəsinin çox önəmli olduğunu bildirib. Millət vəkili "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Preferensial Ticarət Sazişinin təsdiq edilməsi haqqında" qanunun qardaş ölkə ilə Azərbaycanın bütün bölgələri, xüsusilə də ölkəmizin bir parçası olan Naxçıvan Muxtar Respublikası ilə qardaş Türkiyə bölgələri arasında iqtisadi - ticarət əlaqələrinin daha da güclənməsində böyük rolu olacağını deyib və qanun layihəsini dəstəklədiyini bildirib.

Millət vəkili Qənirə Paşayeva Milli Məclisdə həmçinin Türkiyədə təhsil alan onlarla tələbənin müraciətini də səsləndirib: “İyun ayının 15-dən etibarən Türkiyədəki dövlət və özəl olmasından asılı olmayaraq bütün yataqxanalar növbəti tədris ilinə hazırlıq üçün bağlanır. Bu isə qardaş Türkiyədə təhsil alan və yataqxanada yaşayan ailələrin övladları üçün böyük problemlər yaradır. Bu uşaqların iyunun 15-dən sonra harada qalacaqları bilinmir. Türkiyədə mənzil kirayə haqları bahadır, üstəlik kirayə qalan kammunal xərclər, aidiyyat xərcləri kimi xərclər də ödəməlidir ki, imkanları böyük olmayan ailələrin uşaqları üçün çox ciddi problem yaradar. Əgər bu uşaqların qısa zamanda ölkəmizə qayıtması təmin olunmazsa dövlət bundan sonra çox sayda tələbəyə dəstək olmalı olacaq. Nəzərə alsaq ki, Türkiyə universitetlərindən bu il məzun olan tələbələrin içərisində ölkəyə dönmək istəyənlərin sayı az deyil, onların da yaxın günlərdə ölkəyə dönə bilməməsi onların problemləri ilə yanaşı cəmiyyətdə də narahatlığı artıracaq. Eyni zamanda nəzərə almalıyıq ki, qardaş Türkiyədə də tədris ili başa çatır və təhsil alan tələbələrin bir hissəsi yeni dərs ilinə qədər ölkəyə qayıtmaq istəyir. Çünki onların bir hissəsinin ailələrinin onların tədris ili bitdikdən sonra da orada qalmalarını təmin edə bilmə imkanları azdır. Mən ötən gün Təhsil Nazirliyimizin qardaş Türkiyədəki səfirliyimizdə fəaliyyət göstərən nümayəndəsi ilə də geniş danışdım. Çünki bizə hər gün onlarla ailə müraciət edir və onların müraciətləri ilə bağlı geniş fikir mübadiləsi apardıq. Təxminən 2400 tələbə ölkəyə qayıtmaq üçün qeydiyyatdan keçib. Bu uşaqların ailələrinin bir çoxu uşaqlarının qayıtması üçün təyyarə biletlərini, yol xərclərini ödəməyə hazırdırlar. Sadəcə tələbələrin ölkəyə qayıda bilməsi üçün çarter təyyarə reyslərinin olmasını xahiş edirlər. Gələn tələbələr ölkəyə döndükdən sonra karantində qalmağa da hazır olduqlarını bildirirlər. İyunun 15-nə qədər çarter reysləri ilə bu uşaqların Azərbaycana qayıtmasına şərait yaradılmalıdır. Çoxlu sayda ailə bu məsələ ilə bağlı hər gün bizə müraciət edirlər. Aidiyyəti qurumları bu məsələyə xüsusi diqqət göstərməyə çağırıram. Yataqxanadan artıq çıxarılma mərhələsində olan, məzun olan və qayıtmaq üçün qeydiyyatdan keçən tələbələrin ölkəyə qayıtması məsələsinin yaxın günlərdə öz həllini tapması vacibdir.”

Arzu edənlər buradan izləyə bilərlər:




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu