Baş Prokurorluqda əməliyyat müşavirəsi keçirilib


Yanvarın 8-də Baş Prokurorluqda 2020-ci ildə prokurorluq orqanları tərəfindən görülmüş işlərin və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş əməliyyat müşavirəsi keçirilib.



Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

İlk öncə ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, qazilərə şəfa dilənib.

Müşavirədə çıxış edən Baş prokuror Kamran Əliyev xalqımızın ümummilli lideri Heydər Əliyevin əsasını qoyduğu dövlətçilik konsepsiyasını və ordu quruculuğunu inamla reallaşdıran Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin həyata keçirdiyi hərtərəfli düşünülmüş müdrik dövlət siyasəti və səriştəli idarəçiliyi, zabitlərimizin, əsgərlərimizin qəhrəmanlığı sayəsində əbədi və əzəli torpaqlarımızın işğaldan azad edilərək tariximizin parlaq səhifələrinə həkk olunan şanlı qələbənin milli birliyimizin, haqqın və ədələtin zəfəri olduğunu bildirib.

“Qarabağ Azərbaycandır və nida” devizini gerçəkliyə çevirən ölkə başçısı İlham Əliyevin rəhbərliyi ilə azad olunmuş torpaqlarımızın qısa müddət ərzində bərpa ediləcəyinə əminlik ifadə olunmaqla, bu istiqamətdə “Qarabağ Dirçəliş Fondu”nun yaradılması və Qarabağın döyünən ürəyi olan Şuşanın “Azərbaycanın mədəniyyət paytaxtı” elan edilməsi xüsusi vurğulanmaqla, işğaldan azad olunmuş bölgələrdə məskunlaşma, layiqli yaşayış və iqtisadi fəallığın təmin olunacağı, həyata keçiriləcək quruculuq-bərpa işlərinin ölkəmizin sosial-iqtisadi inkişafının əsaslarını daha da möhkəmləndirəcəyi diqqətə çatdırılıb.

Qeyd edilib ki, dövlətimizin əldə etdiyi hərbi-siyasi qələbə 2020-ci ildə dünyada ciddi sosial-iqtisadi sınağa çevrilmiş yeni növ koronavirus (COVID-19) pandemiyasının yaratdığı çətinliklər fonunda əldə edilib. Çoxsaylı dövlətlərin böhran təhlükəsi ilə qarşılaşmasına baxmayaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın qayğısı nəticəsində ölkəmizdə pandemiyanın fəsadlarının minimuma endirildiyi, xəstəliyin geniş yayılmasının qarşısı alınmaqla sosial cəhətdən həssas əhali qrupuna davamlı dəstək və iqtisadi dayanıqlığı təmin etmək məqsədilə vaxtında və operativ qərarların verildiyi xüsusi vurğulanıb.

Ölkə rəhbərliyinin göstərişi ilə aiddiyyəti qurumların rəhbər şəxslərindən ibarət Nazirlər Kabineti yanında Operativ Qərargahın yaradılmasının mövcud şəraitdə idarəetmənin və kommunikasiyanın düzgün qurulmasında, xəstəliyin yayılmasının qarşısının alınması üçün ilk günlərdən çevik və zəruri qabaqlayıcı addımların atılmasında mühüm rol oynadığı bildirilib.

Qeyd edilib ki, pandemiyanın bütün dünyada, o cümlədən Azərbaycanda yaratdığı sosial-iqtisadi çətinliklərə baxmayaraq ölkə həyatının bütün sahələrində inkişaf tempi qorunub saxlanılıb, əhalinin maddi rifah halının yüksəldilməsi istiqamətində əməli addımlar atılıb. Ötən il Cənub Qaz Dəhlizinin son seqmenti olan TAP boru kəmərinin tam istismara verilməsi ilə tarixdə ilk dəfə olaraq Azərbaycan qazının Avropa məkanına daxil olması ölkəmizin tarixi nailiyyətlərindən biri hesab edilməklə xalqımızın firavanlığına və iqtisadi inkişafa böyük töhfə verəcəyi diqqətə çatdırılıb. Təsadüfi deyil ki, həyata keçirilən islahatlar mötəbər beynəlxalq təşkilatların hesabatlarında müsbət qiymətləndirilib, o cümlədən Dünya Bankının “Doing Business” hesabatında Azərbaycanın reytinqinin artaraq 190 ölkə arasında 28-ci yerdə qərarlaşması və 10 ən islahatçı ölkə sırasına daxil edilməsi əldə edilmiş uğurların bariz göstəriciləri olub.

Baş prokuror diqqətə çatdırıb ki, 2020-ci il Azərbaycan Respublikası Prokurorluğu orqanları üçün də uğurlu hesabat dövrü olub. Digər hüquq mühafizə orqanları ilə əlaqəli şəkildə ictimai-siyasi sabitliyin qorunması, cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, vətəndaşların hüquq və azadlıqlarının müdafiəsi sahəsində zəruri tədbirlərin görülməsi təmin olunub.

Əməliyyat müşavirəsində prokurorluq orqanlarının fəaliyyətinin dövlət səviyyəsində yüksək qiymətləndirildiyi qeyd edilməklə ölkə başçısının Sərəncamı ilə xidməti vəzifələrinin yerinə yetirilməsində fərqləndiklərinə görə prokurorluq orqanlarının 38 əməkdaşının yüksək dövlət mükafatları ilə təltif edilməsinin kollektivin böyük sevincinə səbəb olduğu vurğulanıb, bu münasibətlə İlham Əliyevə prokurorluq işçiləri adından dərin minnətdarlıq bildirilib, gündəlik fəaliyyətin daha yüksək tələblər səviyyəsində qurulacağına əminlik ifadə olunub.

Xüsusi olaraq vurğulanıb ki, prokurorluq orqanları tərəfindən Vətən Müharibəsi zamanı erməni hərbi birləşmələrinin beynəlxalq humanitar hüququ pozaraq dinc əhalini atəşə tutması, muzdluların iştirakı, terrorizm və sair cinayət faktlarının hər biri üzrə dərhal cinayət işlərinin başlanması, döyüş əməliyyatları şəraitində hadisə yerlərinin müayinəsi, maddi sübutların götürülməsi istiqamətində zəruri tədbirlər görülüb.

Bundan başqa, ölkə başçısının “Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında” 29 oktyabr tarixli Fərmanından irəli gələn vəzifələrin icrasının təmin olunması məqsədilə Baş Prokurorluğun İstintaq idarəsində başlanmış cinayət işləri üzrə aidiyyəti qurumlarla birlikdə erməni vandalizmi nəticəsində planlı şəkildə talan edilib, dağıdılmış tarixi, dini-mədəni abidələrə və digər əmlaklara dəymiş ziyanın, həmçinin atəşkəsin davam etdiyi illər ərzində əldən çıxmış faydanın məbləğinin müəyyən edilməsi məqsədilə prokurorluq orqanları tərəfindən digər qurumlarla əlaqəli şəkildə müvafiq işlərin davam etdirildiyi bildirilib.

Eyni zamanda işğal olunmuş ərazilərdə xarici ölkələrin konkret şirkətlərinin ekologiya və yerin təkinin istismarı qaydalarının kobud şəkildə pozulması ilə nəticələnən qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmaları faktları ilə bağlı cinayət işləri üzrə bütün təqsirli şəxslərin beynəlxalq hüquq normaları çərçivəsində məsuliyyətə cəlb edilməsi istiqamətində işlərin aparıldığı qeyd edilib.

Diqqətə çatdırılıb ki, prokurorluq orqanları tərəfindən Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə yaradılmış işğal nəticəsində vurulmuş ziyanın qiymətləndirilməsi və aradan qaldırılması üzrə Dövlət Komissiyasının və işğaldan azad edilmiş ərazilərdə məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının fəaliyyətində yaxından iştirak təmin edilir.

Əməliyyat müşavirəsində ötən ilin prokurorluğun tarixində də əlamətdar olması qeyd edilməklə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 1 may 2020-ci il tarixdə Baş prokuror vəzifəsinə təyinatla əlaqədar qəbul edilərkən verdiyi göstəriş və tapşırıqların prokurorluq orqanlarında genişmiqyaslı islahatların aparılmasını labüd etdiyi diqqətə çatdırılmışdır.

Həmin tapşırıqlardan irəli gələn vəzifələrin icrası məqsədilə Fəaliyyət Planı təsdiq olunmaqla qısa müddət ərzində prokurorluqda mütərəqqi struktur və kadr islahatları aparılmaqla prokurorluq orqanlarının cəmiyyətdə formalaşan yeni çağırışlara adekvat uyğunlaşması və fəaliyyətində şəffaflığın təmin edilməsi, işin çevikliyinin və səmərəliliyinin artırılması, dövrün tələblərinə cavab verən peşəkar dövlət təsisatı kimi yenidən formalaşdırılması məqsədilə zəruri tədbirlər görülmüşdür.

Eyni zamanda, prokurorluğun fəaliyyətini tənzimləyən normativ hüquqi bazanın yenilənməsi, sistemli hala salınması məqsədilə “İşin Təşkili Qaydaları”, həmçinin prokurorluq orqanlarının yaxın gələcəkdə fəaliyyət və inkişaf istiqamətlərini müəyyənləşdirən rəhbər sənəd kimi “Prokurorluğun 2020-2023-cü illər ərzində Strateji İnkişaf Konsepsiyası” hazırlanaraq təsdiq olunmuşdur.

Hesabat dövründə korrupsiyaya qarşı mübarizə diqqət mərkəzində saxlanılmaqla korrupsiya hüquqpozmasına yol vermiş 281 şəxs barəsində 180 cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün məhkəmələrə göndərilmiş, 49 milyon 153 min manat məbləğində ziyanın ödənilməsi təmin edilmiş, həmçinin 13 milyon 283 min manat dəyərində əmlak üzərinə həbs qoyulmuşdur.

Ötən il ərzində prokurorluq orqanları koronavirus infeksiyasının yayılmasının qarşısının alınması istiqamətində də üzərlərinə düşən vəzifələri səylə yerinə yetirərək, karantin, sanitar-gigiyena rejim qaydalarının pozulmasına qarşı kəsərli profilaktiki, cinayət-hüquqi və inzibati təsir tədbirləri həyata keçirərək, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarının icrasına nəzarət etmişlər.

Prokurorluq orqanlarında xidməti, icra və əmək intizamının daha da möhkəmləndirilməsi istiqamətində ciddi tədbirlərin görülməsi, bütün struktur qurumlarda möhkəm nizam-intizam şəraitinin yaradılması, aşkar olunan hər hansı nöqsan və çatışmazlıqlara qarşı prinsipiallıq mövqeyindən yanaşılmaqla müvafiq nəticələrin çıxarılması 2020-ci ildə də əsas vəzifələrdən biri kimi diqqət mərkəzində saxlanılmışdır.

Belə ki, hesabat dövründə xidməti fəaliyyətində yol verdikləri nöqsanlara görə 30 prokurorluq işçisi intizam məsuliyyətinə cəlb edilmiş, onlardan 2-si prokurorluq orqanlarından xaric edilmiş, 8 nəfər vəzifədən azad edilmiş, 15 nəfərə töhmət və ya şiddətli töhmət, 5 nəfərə isə digər intizam tənbehi tədbiri tətbiq edilmişdir.

Əməliyyat müşavirəsində Baş Prokurorluğun əlaqədar struktur qurumları və müvafiq tabe prokurorlar tərəfindən daxili işlər orqanları ilə əlaqəli şəkildə 2020-ci ilin nəticələrinə görə artımı müşahidə olunan cinayətlərin profilaktikası istiqamətində zəruri tədbirlərin görülməsi, eyni zamanda, cəzanın labüdlüyü prinsipinin təmin edilməsi məqsədilə, bağlı qalmış cinayətlərin açılması və təqsirkar şəxslərin cinayət məsuliyyətinə cəlb olunması üçün müvafiq tədbirlərin görülməsinin zəruriliyi diqqətə çatdırılmışdır.

Eyni zamanda, hesabat dövrü ərzində görülmüş müsbət işlərlə yanaşı, fəaliyyət istiqamətləri üzrə işin səmərəliliyinə mənfi təsir göstərən hallar Baş Prokurorluğun müvafiq struktur qurumlarının rəhbərlərinin iştirakı ilə ətraflı təhlil olunmaqla, istintaq işi və ibtidai araşdırmaya prosessual rəhbərliyin həyata keçirilməsi, hüquqi və fiziki şəxslərə vurulmuş zərərin ödənilməsi, vətəndaş müraciətlərinə baxılması və onların qəbulu ilə əlaqədar işin təşkilinin daim diqqət mərkəzində saxlanılması istiqamətində zəruri tədbirlərin görülməsi tələb olunmuşdur.

Xüsusilə, ölkə başçısının fəaliyyətinin prioritet istiqamətlərindən olan korrupsiya və rüşvətxorluğa qarşı mübarizə tədbirlərinin ardıcıllığının təmin edilməklə bütün neqativ təzahürlərin təxirəsalınmadan aradan qaldırılmasının vacibliyi vurğulanmışdır.

Sonda 2020-ci il ərzində görülmüş işlərin vəziyyətinin ümumiləşdirilməklə nəticələrinin təsdiq edilmiş cədvələ uyğun olaraq, Baş Prokurorluğun idarə və şöbələrində müzakirələrin aparılması, habelə Baş Prokurorluğun geniş kollegiya iclasının keçirilməsinə hazırlıqla əlaqədar müvafiq tapşırıqlar verilmişdir.

Əməliyyat müşavirəsinə yekun vuran Baş prokuror Kamran Əliyev ümidvar olduğunu bildirmişdir ki, Azərbaycan Respublikası Prokurorluğunun kollektivi 2021-ci ildə də öz səlahiyyət hədləri daxilində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən tədbirlərin reallaşdırılmasında, digər hüquq mühafizə orqanları ilə əlaqəli şəkildə cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsində, dövlətçiliyimizin maraqlarının və ölkəmizdə bərqərar olmuş dayanıqlı ictimai-siyasi sabitlik və əmin-amanlığın qorunmasında zəruri tədbilərin görülməsini təmin edəcəkdir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu