AFN.AZ / XX əsrdə MKİ-nin qanlı əməlləri

XX əsrdə MKİ-nin qanlı əməlləri

Məlum olduğu kimi dünyada elə bir ölkə yoxdur ki, ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi orada öz rezidentliyini yaratmamış olsun; Birləşmiş Ştatlar buna hər il külli məbləğdə vəsait sərf edir. MKİ on illər boyu öz niyyətlərini həyata keçirmək üçün sözün əsl mənasında heç nədən, o cümlədən ən qanlı əməllərdən çəkinmir.

Otuz ilə yaxın bir müddətdə MKİ-nin ən iri, “xüsusi əməliyyatlar” deyilən əməliyyatlarının qısa siyahısı ilə tanış olun:

1953: İranın baş naziri M. Müsəddiqin devrilməsi ilə nəticələnən, lakin onun sağ qala bildiyi qəsd.
1958: Misir prezidenti C. Nasiri öldürmək planlarının baş tutmaması.
1959: Seylonun baş naziri S. Bandaranaikenin öldürülməsi.
1961: Konqo Respublikasının baş naziri P. Lumumbanın öldürülməsi.
1966: Qana prezidenti K. Nkrumanın devrilməsi ilə nəticələnən qəsd.
1967: Latın Amerikasının tanınmış inqilabçısı Çe Gevaranın ölümü ilə nəticələnən qəsd.
1969: Mozambik Azadlıq Cəbhəsinin sədri E. Mondlanenin öldürülməsi.
1973: Qvineya və Yaşıl Burun Adalarının Afrika İstiqlaliyyət Partiyasının baş katibi A. Kabralın öldürülməsi.
1973: Çili prezidenti S. Alyendenin öldürülməsi.
1974: Alyende hökümətinin keçmiş naziri K. Pratsın öldürülməsi.
1975: Keniyanın tərəqqipərvər xadimi C. Kariukanın öldürülməsi.
1975: Liberiya prezidentinin qardaşı – maliyyə naziri S. Tolbertin öldürülməsi.
1975-1980: Mozambik prezidentini öldürmək məqsədi ilə sui-qəsdlər.
1976: Alyende hökümətinin (Çili) keçmiş naziri O. Letelyerin öldürülməsi.
1977: Konqo Xalq Respublikasının prezidenti M. Nquabinin öldürülməsi.
1960-1981: Kubanın rəhbəri F. Kastronun öldürülməsini təşkil etmək üçün dəfələrlə cəhd göstərilməsi.
1979-1981: İranın başçısı Xomeynini öldürmək planları.
1981: Tehranda bomba partladılması, bunun nəticəsində hakim İslam Respublikası Partiyasının 72 xadimi, o cümlədən partiyanın baş katibi Behişti həlak olmuşdur.
1981: Zambiya prezidenti K. Kaundanı öldürmək cəhdi.
1981: Panama Milli qvardiyasının baş komandanı Torrixosun qəsdən hazırlanmış aviasiya qəzasında həlak olması.
1981: Liviyanın lideri M. Qəddafini öldürmək planları.

Burada MKİ-nin Latın Amerikası və ölkələrindəki bir çox qəsdlərinin adı çəkilməmişdir, onların sayı-hesabı yoxdur. Məsələn, “Konkord” əməliyyatı yaxşı məlumdur. Həmin əməliyyatın gedişində Mərkəzi və Cənubi Amerikada müxalifətin tam bir sıra liderləri öldürülmüşdür. Nikaraquada və Salvadorda baş verən hadisələri də xatırlamaq kifayətdir.

Bütün bunlar MKİ-nin ictimaiyyətə məlum olan əməliyyatlarının yalnız az bir hissəsidir. ABŞ-da çapdan çıxmış “Çirkin iş-2”: MKİ Afrikada” kitabının müəllifi, MKİ-nin keçmiş əməkdaşı F. Eyci yazır: “Heç bir kitab bütün qəsdləri, dövlət çevrilişlərini, qətlləri, muzdluların müdaxilələrini, bombardmanları tam təfsilatı ilə təsvir edə bilməz... Lakin bütün bu fəaliyyət növləri heç bir fasilə olmadan davam etdirilir”.

Amerikada çıxan “U. S. news and World report” jurnalı 1977-ci ilin noyabrında xəbər vermişdir ki, təkcə 1961-ci ildən 1976-cı ilədək MKİ ayrı ayrı “arzuedilməz” xadimlərə və bütöv hökümətlərə qarşı təqribən 900 iri gizli əməliyyat həyata keçirmişdir. MKİ-nin fəaliyyətini təhqiq edən Amerika senatı komissiyasının 1965-ci ilin axırında dərc olunmuş məruzəsində etiraf olunur ki, bu məqsədlə MKİ cinayətkar şəxslərin xidmətlərindən istifadə edir. Eynilə neofaşist və sol ekstremist terrorçu təşkilatlar kimi. Elə həmin məruzədə deyilir ki, “hökümətin yüksək vəzifəli əməkdaşları MKİ-də cismən ləğvetmə xidməti bölməsi yaradılması məsələsini müzakirə etmiş və bəlkə də buna razılıq vermişlər”.
Ümumplanet miqyasında fasiləsiz terrorizm! Lakin MKİ-nin terrorçuluq əməliyyatlarının xüsusiyyəti, onların beynəlxalq miqyasından əlavə, nədən ibarətdir?

Ən əvvəl bundan ibarətdir ki, digər – qeyri-dövlət terrorçuluq sistemlərindən fərqli olaraq MKİ bilavasitə deyil, yalnız vasitəçilərin köməyi ilə fəaliyyət göstərir. Hər bir əməliyyat başqalarının əli ilə, xarici agentlər vasitəsilə həyata keçirilir, onlar bu işlə guya özlərinin xeyrinə, öz məqsədləri naminə məşğul olurlar. Başqa cür desək, imperialist terrorizmi bir növ dolayısı ilə tətbiq edilir. MKİ bu işlə məşğul olarkən öz simasını gizlədir və bəzən bir deyil, bir neçə maska taxır.

Neofaşistlər öz həmvətənlərini özləri öldürürlər, solçular da belə hərəkət edirlər, MKİ geniş dünya meydanında, həm də yalnız və yalnız kənar şəxslər vasitəsilə fəaliyyət göstərir, - elə edir ki, izi itirsin və şübhələrdən də olmasa, barı bilavasitə məsuliyyətdən mümkün qədər yaxa qurtarsın. Bu metod, xüsusən, qətlləri bilavasitə həyata keçirən həmin o sağ və sol terrorçuların xidmətlərindən çox da riskə getmədən istifadə etməyə imkan verir. Beləliklə, əməliyyatlar bir növ agentura terrorizmi xarakteri daşıyır, bu agentlər heç bir bəyannamə vermir, heç bir ideologiya bəyan etmir və ümumiyyətlə guya ki, ancaq “informasiya yığmaqla” məşğul olurlar. Halbuki bu terrorçuluq sisteminin ixtiyarında külli miqdarda maddi vəsait və ən müxtəlif ölkələrdə bütöv bir icraçılar ordusu vardır.

Mənbə: Amerika imperializminin qanlı əməlləri
5-01-2017, 19:31
Geri qayıt