AFN.AZ / Yol polisinin nömrələrlə bağlı qərarı narazılıq yaratdı

Yol polisinin nömrələrlə bağlı qərarı narazılıq yaratdı

Yol polisinin nömrələrlə bağlı qərarı narazılıq yaratdı


“Avtomobillərin dövlət qeydiyyat nişanındakı bəzi cizgilərin (defis, haşiyə) yerində olmaması ilə bağlı söhbət ciddi ajiotaj yaradıb. Doğrudan da, standartdan belə kənaraçıxma halları çoxdur”.

Bunu yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov deyib. Ekspert bildirib ki, bunların bəzilərini, xüsusən də haşiyənin olmamasını sürücülər ediblər, amma bəzi sürücülərə qeydiyyat nişanı elə defislərsiz verilib:

“Dövlət Yol Polisi 1 ay vaxt verib ki, hamı bunu aradan qaldırsın. Belə başa düşdüm ki, bu 1 aylıq müddəti 2 səbəbdən veriblər. Vaxtilə Dövlət Yol Polisinin qeydiyyat, imtahan, texniki baxış şöbələrində defissiz verilmiş nömrələrin elə həmin şöbələrin özündə qaydaya salınması təmin edilsin. Hətta Baş Dövlət Yol Polisi İdarəsinin rəsmisi deyib ki, kimin avtomobilinin nömrəsində defislər yoxdursa, gəlsinlər, ödənişsiz aradan qaldırılacaq. Əslində bu, o deməkdir ki, gətirin səhvimizi düzəldək. Nəqliyyat vasitəsini eyniləşdirməkdə heç bir problem yaratmayan bu xırda kənaraçıxmaya görə sürücüləri dərhal cərimələməyə yol verilməsin. Ona görə də kimin avtomobilinin nömrəsində bu cizgilər yoxdursa, 1 aylıq müddətdən istifadə edib düzəltdirin. Amma 1 aydan sonra "siz belə vermisiniz" deyəndə, Dövlət Yol Polisi güzəşt etməyəcək ki, niyə gedib düzəltdirməmisiniz”.

Qeyd edək ki, mexaniki nəqliyyat vasitələrinin dövlət qeydiyyat nişanları standartlarının tələbləri ilə əlaqədar DİN Baş DYP İdarəsi sürücülərə və avtomobil sahiblərinə müraciət edib.

DİN Baş DYP İdarəsi nəqliyyat vasitələri sahiblərinin və sürücülərin diqqətinə çatdırıb ki, nəqliyyat vasitələrinin dövlət qeydiyyat nişanlarında qanunvericiliklə nəzərdə tutulmuş standartların tələblərinin pozulması (defis simvollarının, çərçivə xəttinin silinməsi) hallarının aradan qaldırılması üçün 1 ay müddətində vaxt verilir, əks halda nəqliyyat vasitəsinin istismarı qadağan olunmaqla sürücülər inzibati məsuliyyətə cəlb ediləcək, eləcə də xüsusi texniki vasitələrin köməyi ilə qeydə alınan digər qayda pozuntuları ilə bağlı tərtib edimiş elektron protokolardakı görüntülərdə belə hallar aşkar olunduğu təqdirdə inzibati xətaya yol vermiş şəxslər haqqında əlavə inzibati tənbeh tədbiri görüləcəkdir.
13-10-2017, 16:10
Geri qayıt