Əsas Səhifə > Xəbər / Manşet / Son Dəqiqə / Banner / Müsavat > Prezidentə şikayət etdiyi üçün Ramiz Yediyarov vəkilin cəzalandırılmasını istəyir

Prezidentə şikayət etdiyi üçün Ramiz Yediyarov vəkilin cəzalandırılmasını istəyir


27-01-2018, 16:56.
title}
Prezidentə şikayət etdiyi üçün Ramiz Yediyarov vəkilin cəzalandırılmasını istəyir


Gədəbəy rayonunun İcra Hakimiyyətinin başçısı Ramiz Yediyarov vəkil Elçin Sadıqovdan Vəkillər Kollegiyasına şikayət edib. Bu barədə Sadıqov facebook səhifəsində yazıb.



Vəkildən şikayət onun Gədəbəy rayonundan olan sahibkarları müdafiə etməsi ilə bağlıdır. Həmin sahibkarlar hüquqlarının pozulduğunu iddia edir, onları dövlət qurumları, məhkəmələrdə vəkil Elçin Sadıqov təmsil edir.

E.Sadıqovun bildirdiyinə görə, hüquqlarının müdafiə etdiyi sahibkarların iddia etdikləri pozuntularla bağlı əlaqəli qurumlara müraciət edib.

“Hüquqlarını müdafiə etdiyim sahibkarların üzləşdiyi pozuntularla bağlı əlaqəli qurumlara, o cümlədən ölkə başçısına şikayət etmişəm. Gərəkli addımların atılmasını xahiş etmişəm. Bu, vəkil olaraq mənim hüququmdur. Məhz şikayət etdiyimə görə, Gədəbəy rayon İcra Hakimiyyətinin başçısı Ramiz Yediyarov Vəkillər Kollegiyasının Rəyasət Heyətinə məndən şikayət edib. Kollegiyada bu şikayətlə bağlı barəmdə intizam icraatına başlanıb”, vəkil bildirib.

İndiyədək bir neçə vəkil, xüsusilə də siyasi məzmunlu məhkəmə işlərinə çıxan vəkillər müxtəlif qurumların şikayəti əsasında Vəkillər Kollegiyasından uzaqlaşdırılıb.

Sonuncu dəfə bu həftənin əvvəllərində vəkil Fəxrəddin Mehdiyevin vəkillik fəaliyyətinə bir illik xitam verilib.

Vəkillər Kollegiyası Rəyasət Heyəti ötən il noyabrın 20-də vəkil Yalçın İmanovun bu qurumdan xaric olunması ilə bağlı məhkəməyə müraciət etmək haqda qərar qəbul edib. Məhkəmə qərar verənə qədər İmanovun vəkillik fəaliyyəti dayandırılıb.

F.Mehdiyev barəsində qərar Baş Prokurorluğun, Y.İmanov haqda qərarsa Penitensiar Xidmətin rəhbərliyinin şikayəti əsasında verilib.

İndiyədək bir neçə vəkil – Xalid Bağırov, Əlayif Həsənov, Elçin Namazov, Aslan İsmayılov və digərləri Kollegiyadan uzaqlaşdırılıb. Vəkillər bunu siyasi işlərə çıxmaları, yerli və beynəlxalq hüquq müdafiəçilərinin “siyasi məhbus” kimi tanıdığı şəxslərin hüquqlarını müdafiə etmələri ilə izah edib.

Ancaq Vəkillər Kollegiyası vəkillik fəaliyyəti dayandırılmış şəxslərin iddialarını rədd edir, onların məhz vəkillik sahəsini tənzimləyən qanunlara əməl etmədiklərinə görə, kollegiyadan kənarlaşdırıldığını bildirir. (Amerikanın Səsi)
Geri qayıt