AFN.AZ / "Təhsil Nazirliyi ləğv olunsa, lap əla olacaq"-

"Təhsil Nazirliyi ləğv olunsa, lap əla olacaq"-

"Təhsil Nazirliyi ləğv olunsa, lap əla olacaq"-


Ekspert Azərbaycan təhsili ilə bağlı lətifə yazıb: "Günlərin bir günü Ermənistanda Dəniz Nazirliyi yaradırlar. Jurnalist sual verir ki, axı Ermənistanda dəniz yoxdu, siz niyə Dəniz Nazirliyi yaradırsız? Qayıdır ki, Azərbaycanda təhsil yoxdu, amma Təhsil Nazirliyi ola bilirsə, bizdə niyə Dəniz Nazirliyi olmasın?"



Bu il təhsildə yeni qəbul modelinin tətbiqi həyata keçiriləcək. Belə ki, abituriyentlər artıq ali təhsil müəssisələrinə yeni model əsasında qəbul olunacaqlar. Əvvəllər repetitorlar başqa metodla şagirdləri hazırlayırdılarsa, bu ildən vəziyyət necə olacaq? Repetitorluq institutları ləğv olunur, yoxsa yenilənir?

Bütün bu məsələlərlə bağlı təhsil eksperti Kamran Əsədov Qaynarinfo-ya danışıb. O, sözlərinə belə başlayıb: "Təhsil Nazirliyi ləğv olunsa, vəziyyət lap yaxşı olacaq”.

"Təhsil Nazirliyi ləğv olunsa, lap əla olacaq"-


"Yeni modelə əsasən buraxılış imtahanlarının nəticələrinin qəbul imtahanlarında nəzərə alınması abituriyentlərin buraxılış imtahanlarına ciddi münasibətini formalaşdıra bilər. Amma etiraf edək ki, abituriyentlərimiz qəbul imtahanlarında orta məktəbdə əldə etdikləri biliklərlə iştirak etmirlər. Çünki buraxılış və qəbul imtahanlarında təqdim olunan test modelləri orta ümumtəhsil sistemində işləyən modelə uyğun deyil. Yəni, müəllimlərin özləri belə o suallara cavab verməkdə çətinlik çəkirlər. Qəbul imtahanlarındakı test tapşırıqlarının formatı fərqli olduğundan Azərbaycanda repetitorluq institutları formalaşır.

YENİ REPETİTORLUQ İNSTİTUTLARI FORMALAŞIR

Bu ildən etibarən də buraxılış imtahanlarının nəticələrinin qəbula birbaşa təsir göstərməsi yeni bir repetitorluq institutunu formalaşdıracaq. Belə ki, əvvəllər olduğu kimi təkcə ali məktəbə qəbul səviyyəsində deyil, eyni zamanda buraxılış imtahanları səviyyəsində də hazırlıqlar başlayıb. Əvvəl əsasən 10-11-ci siniflərdə oxuyan uşaqlar repetitor yanına gedirdilərsə, indi bu tendensiya 7-8-ci siniflərə qədər düşüb. Bu gün bizim orta ümumtəhsil məktəblərində istifadə olunan test tapşırıqlarının, KSQ-lərin (kiçik summativ qiymətləndirmə), BSQ-lərin (böyük summativ qiymətləndirmə) heç biri dövlət qəbul standartlarına uyğun deyil. Məhz buna görə də uşaqlar repetitor yanına getməyə məcbur olur. Deməli, şagirdlərin orta məktəbdə əldə etdikləri biliklərin qəbul və buraxılış imtahanlarında heç bir faydası yoxdur. Əminliklə deyirəm ki, Bakı məktəblərində və regionlarda 10-11-ci siniflərdə dərsə davamiyyət 50-60 faizdirsə, 5-ci saatdan sonra ümumiyyətlə dərs yoxdur. Halbuki dövlət 7-8-ci saatların da pulunu verir. Amma o pulu müəllimlər dərs keçmədən alırlar. Direktorlar bunun əvəzində uşaqları aylığa buraxırlar, hətta elə direktorlar var ki, şagirdlərdən illik 2-3, 5 min manat alırlar ki, məktəbə gəlməsinlər, yaxud həftədə 1 dəfə gəlsinlər. Məktəbləri ictimaiyyətin, medianın üzünə açsaq, jurnalistlər ani bir monitorinq aparsalar, görərlər ki, 10-11-ci siniflərdə dərs zamanı heç kim olmur. Dərsdə olanlar da məktəbə vaxt öldürmək üçün gələnlərdir.

9-CU SİNİFDƏN YUXARI ŞAGİRDLƏR REPETİTORLARDAN ASILI VƏZİYYƏTDƏDİR

Nəticələr hüquqi baxımdan orta məktəblərin adına yazılsa belə, o nəticənin əldə edilməsində Təhsil Nazirliyinin, məktəblərin heç bir rolu yoxdur. Bunlar dediyim kimi sırf repetitorların, hazırlıq kurslarının nəticəsidir.
Təsəvvür edin ki, dövlət həm o müəllimlərə maaş verir, həm də valideynlər öz ciblərindən hər ay bir fəndən hazırlığa görə 50-100, hətta 200 manat pul ödəməli olurlar.

Belə çıxır ki, biz dövlət məktəblərinə pul ayrılmasını dayandırıb, özəl məktəblər yaratsaq, daha sərfəli olar. Təsəvvür edin ki, hər il dövlət büdcəsindən azı 2 milyard manat vəsait təhsil sahəsinə ayrılır. Əgər bizdə təhsilə ayrılan vəsait fayda vermirsə, o pulu kənd təsərrüfatı sahəsinə ayırsınlar. Beləliklə, ölkədə kartof, soğan istehsalı artar, xaricdən asılılığımız da aşağı düşmüş olar".

DİREKTORLAR UŞAQ ALVERİ İLƏ MƏŞĞULDUR

Ekspert bildirib ki, təhsildə vəziyyət hətta o qədər iyrənc səviyyəyə çatıb ki, məktəb direktorları özləri uşaqları repetitorlara yönləndirir və bunun qarşılığında həmin müəllimlərdən uşaq alveri qarşılığında faiz alırlar:

"Bu gün təhsil təhsillikdən çıxma həddinə gəlib çatıb. Bu da qəbul imtahanlarının çətinliyinə görədir. Düşünürəm ki, qəbul imtahanları sadələşdirilsə, o qapılar geniş açılsa, həm valideynlərin vəsaiti cibində qalar, həm də təhsil özünə qayıdar. Təhsildə qısa müddət ərzində o qədər islahat aparılır ki, heç kim bununla ayaqlaşa bilmir. Yəni, bizim müəllimlərimiz qəbul qaydalarını artıq başa düşməkdə çətinlik çəkirlər. Hazırda ölkənin ümumtəhsil məktəblərində 150 minə yaxın müəllim çalışır. Amma onların əksəriyyətindən 2019-cu ildə qəbul qaydalarının necə olacağını, balların hesablanma qaydasını soruşsanız, böyük əksəriyyəti buna cavab verə bilməyəcək. Yəni qəbulla orta məktəblərdəki tədris ayrı-ayrı qütblərdə dayanıb. Yalnız bir qrup müəllim bunu bilir və böyük haqq qarşılığında da şagirdləri hazırlayırlar. Bu, onların haqqıdır, buna görə onları günahlandıra bilmərik.

Təhsilin əhatə dairəsi genişlənməli, əlçatanlıq təmin olunmalıdır. Təəssüf ki, bu gün qəbul qaydalarının tez-tez dəyişdirilməsi, təhsilin əlçatanlığına ciddi şəkildə mane olur".
10-01-2019, 12:55
Geri qayıt