AFN.AZ / "Kaspi" liseydə vergidən yayınmaq üçün “qara mühasibatlıq”-

"Kaspi" liseydə vergidən yayınmaq üçün “qara mühasibatlıq”-

"Kaspi" liseydə vergidən yayınmaq üçün “qara mühasibatlıq”-


“Kaspi” liseylərində “qara mühasibatlıq”la bağlı şübhələr ortaya çıxıb. Şübhələr də Bakının Bakıxanov qəsəbəsində yerləşən liseydə 565 min manatlıq mənimsəmə ilə bağlı cinayət işində dindirilən müəllimlərin dediklərindən yaranıb. Müəllimlər Bakı Ağır Cinayətlər Məhkəməsində verdikləri ifadələrində bildiriblər ki, aylıq maaşları 1100, 1200, 1500 manatdır. Lakin bu məbləğin kiçik bir hissəsi rəsmi qaydada ödənilir. Məsələn, liseydə ingilis dilini tədris edən Aysel Əzimovanın əməkhaqqısı rəsmi sənədlərdə 173 manat göstərilib. Bu məbləğ onun maaş kartına köçürülür. Amma dediyinə görə, aylıq maaşı 1200 manatdır. Qalan hissə ona nağd şəkildə ödənilir.

Aylıq 1500 manata liseydə riyaziyyat fənnindən dərs deyən müəllim Laiq Məmmədyarovun rəsmi maaşı isə faktiki aldığının üçdə biri qədərdir. Dediyinə görə, maaş kartına aylıq 500 manat köçürülür, qalanını nağd alır.

Başqa müəllimlər də eyni qaydada ifadə veriblər.

Bu müəllimlərin dindirilməsinin səbəbi isə başqadır. “Kaspi Liseyi”nin Bakıxanov filialının baş mühasibi Tural Məmmədov və mühasibi Fərahim Möhbalıyev həbsdədir. Onlar təhsilhaqqı kimi liseyin mühasibatlığına ödənilən pullardan 565 min manatı mənimsəməkdə ittiham olunur.

Liseydə elə müəllimlər var ki, onların övladları da orada təhsil alır. Onlar hər ay əməkhaqqını alanda övladlarının təhsili üçün aylıq ödənişləri də köçürürlər. Dindirilən müəllimlərin sözlərinə görə, hər ay ödəniş olunsa da, onlara qəbz verilmirdi, telefonlarına ödənişin qəbulu barədə mesaj göndərilirdi.

Həm ödənişlər qəbul edildiyi halda, qəbz verilməməsi, həm də əməkhaqlarının rəsmi sənədlərdə az göstərilməsi məsələsinə təqsirləndirilən baş mühasib Tural Məmmədov münasibət bildirib. Onun dediyinə görə, bütün bunlar liseyin rəhbəri Sona Vəliyevanın göstərişilə həyata keçirilib. T.Məmmədov bildirib ki, işçilərə görə verginin daha az ödənilməsi üçün maaşlar da rəsmi sənədlərdə qat-qat az göstərilirdi: “Sona Vəliyeva necə deyirdisə, biz də elə eləyirdik. Qəbzlər məsələsini də o demişdi ki, heç olmasa, öz müəllimlərimizə verməyək. Çünki saxta qəbzlər idi, lisey daxilində adi kompüter proqramıyla hazırlayıb çap edirdik. Kənar adamlara verirdik, öz müəllimlərimizə yox”.

T.Məmmədov maddi problemləri olduğuna görə liseyin pulundan götürdüyünü etiraf edib. Lakin məbləğin ittihamda göstərilən 565 min manatdan xeyli az olduğunu bildirib. O, həmçinin qeyd edib ki, F.Möhbalıyevin təqsiri yoxdur, onlar əlbir olmayıblar. Onun əməllərindən F.Möhbalıyevin xəbəri olmadığını da əlavə edib.

F.Möhbalıyev və T.Məmmədov Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə və ya israfetmə) maddəsilə ittiham olunur.

Qeyd edək ki, "Kaspi" liseyləri prezidentin köməkçisi Əli Həsənovun həyat yoldaşı Sona Vəliyevanındır.
5-07-2019, 12:59
Geri qayıt