Türkiyəylə gediş-gəlişin sadələşdirilməsi hansı siyasi və iqtisadi üstünlükləri verir? - MÜZAKİRƏ


Aprelin 1-dən etibarən Türkiyə ilə Azərbaycan arasında şəxsiyyət vəsiqəsi ilə gediş-gəliş mümkün olacaq. Vizasız qalma müddəti 30 gündən 90 günədək artırılıb. Qeyd edək ki, ötən il dekabrın 10-da Azərbaycanla Türkiyə arasında qarşılıqlı olaraq vizadan azadetmə haqqında 2020-ci il fevralın 25-də Bakıda imzalanmış sazişə dəyişiklik edilməsi haqqında protokol imzalanıb. Qarşılıqlı səfərlər zamanı yaradılan bu şərait iki ölkə arasında siyasi, iqtisadi baxımdan hansı imkanlar yaradacaq?




Millət vəkili Sabir Rüstəmxanlı AFN-ə açıqlamasında bildirdi ki, iki ölkə arasında səfərlərlə bağlı qərar Milli Məclisdə təsdiq edilib: “Bu, mənim fikrimdir və həmin fikir alqışlanıb. Bu, Azərbaycan-Türkiyə münasibətləri tarixində yeni bir dövrün başlanğıcıdır. Ümumiyyətlə, Azərbaycan-Türkiyə münasibətləri dostluq deyil, qardaşlıq münasibətidir. Yeni imkanlar bir çox sahələrdə yeni bir hava yaradacaq. Bu, illər uzunu həm Türkiyə, həm Azərbaycanda xalqının gözlədiyi bir hadisədir”.



Millət vəkili Musa Qasımlı qərarı müsbət addım kimi dəyərləndirdi: “Tək millət, iki dövlət” olan Azərbaycan və Türkiyə arasında bütün sahələrdə münasibətlərin yüksək səviyyədə inkişaf göstəricilərindən biri heç şübhəsiz, hər iki ölkə vətəndaşlarının şəxsiyyət vəsiqəsi və kimlik kartı ilə yaxın günlərdə qarşılıqlı səfərlərə başlamaları olacaq. Belə səfərlərin mümkünlüyü bir zamanlar kimsənin xəyalına da gəlməzdi. Lakin bu xəyalı prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan gerçəkləşdirdilər. Müvafiq sənədlər imzalandı və parlamentlərdə təsdiq edildi. Sərbəst səfərlər qarşılıqlı münasibətlərimizin təməllərini daha da möhkəmləndirəcək, insanlarımız bir-birini daha yaxşı tanıyacaq”.



İqtisadçı-ekspert Natiq Cəfərli isə bildirdi ki, əvvəllər iki ölkə arasında gediş-gəlişlə bağlı müəyyən narahatçılıq var idi, çünki Türkiyə Azərbaycan vətəndaşlarına vizanı çoxdan ləğv etmişdi: “Azərbaycan tərəfində isə bu yaxınlarda ləğv edildi. Vizanın ardınca da şəxsiyyəti təsdiq edən sənədlə gediş-gəlişin bərpası, iki ölkə arasında postpandemiya dövründə turizmdə müsbət rol oynayacaq bir addımdır. Mən özüm şahidi olmuşam ki, kifayət qədər Türkiyə vətəndaşının Azərbaycana gəlmək istəkləri var idi. Gürcüstana vizasız, şəxsiyyət, sürücülük vəsiqəsi ilə gediş-gəliş çoxdan tətbiq olunmuşdu. Gürcüstandan Azərbaycana gəlmək istəyən türk vətəndaşları əvvəllər viza problemi ilə rastlaşırdılar. İndi bu maneələrin də aradan qaldırılması hər iki ölkə arasında ticarət dövriyyəsinin artmasına şərait yaradacaq. Çünki iş adamları artıq rahat gedib gələ biləcəklər. Əsasən də kiçik sahibkarlığın inkişafı ilə bağlı müəyyən addımlar ola bilər. Xüsusilə də Türkiyədən Azərbaycana turistlərin axınının sürətlənməsinə səbəb ola bilər. Ümumilikdə Türkiyədən bizə gələn tursit sayı çox deyildi. Əsasən Rusiya, Gürcüstan, ərəb ölkələrindən daha çox gəlirdilər. İndi postpandemiya dövründə maneəsiz şəkildə Türkiyədən gələn qardaşlarımızın da sayı kifayət qədər artacaq”.

NİGAR



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu