Bakıdakı eldar şamlarına göbələk düşdü: ağaclar sürətlə quruyur


“Paytaxtın bir sıra ərazilərində xeyli əvvəl əkilmiş Eldar şamlarının quruması baş verir ki, bu da sakinlərimizi ciddi narahat edir”.


Bu barədə Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətinin yaydığı məlumatda qeyd olunub.

Bildirilib ki, məsələ ilə əlaqədar bir müddət əvvəl Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, AMEA-nın Botanika İnstitutu və Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin, Qida Təhlükəsizlıyi Agentliyinin mütəxəssislərinin iştirakı ilə xüsusi komissiya yaradılıb və müəyyən edilib ki, Abşeron yarımadasında mövcud Eldar şamlarının bir hissəsi sürətlə yayılan göbələk xəstəliyinə tutulub.

Vurğulanıb ki, bu kimi hallar tək Azərbaycanda deyil, qonşu Gürcüstanda da geniş şəkildə baş verib. Komissiyanın ilkin rəyinə görə, xəstəliyin başqa ağaclara keçməsinin qarşısının alınması və yaşıllıq sahələrinin qorunması üçün bu ağaclar çıxarılaraq utilizasiya edilməlidir. Ekologiya və Təbbi Sərvətlər Nazirliyi tərəfindən artıq belə qərar qəbul edilib.

Məsələ ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən Komisiya yaradılıb və xüsusi proqram hazırlanıb. Problemin aradan qaldırılması üçün birinci növbədə xəstə, qurumuş ağaclar çıxarılaraq utulizasiyaya göndərilir və eyni zamanda digər ağacların qorunması üçün onlar tərkibində mis olan xüsusi dərman preparatları ilə dezinfeksiya edilir.

Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi, digər aidiyyatı qurumlarla birgə paytaxtın bütün rayonlarında genişmiqyaslı tədbirlərin həyata keçirilməsinə başlanılıb. Utilizasiya edilən ağacların yerinə əkin mövsümündə yeni ağaclar əkiləcəkdir.

Qeyd edilməlidir ki, paytaxtın bütün ərazilərində xəstə, qurumuş, utulizasiya ediləcək ağacların siyahısı hazırlanıb və mərhələli şəkildə bu işlər Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi tərəfindən həyata keçiriləcəkdir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu