Məktəbəhazırlıq qruplarına qeydiyyatdan keçənlərin sayı açıqlandı
Avqustun 23-ü saat 10:00-a olan məlumata əsasən, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına 19 904 uşaq üçün elektron sorğu yerləşdirilib.
BŞTİ-dən verilən məlumata görə, valideynlər (digər qanuni nümayəndələr) elektron sistemi vasitəsilə özünün və övladının şəxsiyyət vəsiqəsi ilə qeydiyyatdan keçə bilər.
2021-2022-ci tədris ili üzrə məktəbəhazırlıq qruplarına 2016-cı ildə anadan olan uşaqlar cəlb olunurlar.
Qeyd edək ki, dövlət ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına uşaqların qəbulu ilə bağlı elektron qeydiyyat prosesi 14 sentyabr 2021-ci il saat 18:00-da başa çatacaq.
Məktəbəhazırlıq qruplarının yaradılmasında məqsəd beş yaşlı uşaqların məktəb təliminə hazırlığı ilə əlaqədar psixoloji dayanıqlığını artırmaq, əhatə olunduqları aləmə və təhsil mühitinə uyğunlaşdırmaq, onların ünsiyyət və birgə fəaliyyət bacarıqlarına yiyələnməsini təmin etməkdən ibarətdir.