Spikerdən Razi Nurullayevə yeni iş təklifi


Milli Məclisin bu gün keçirilən plenar iclasında Vergi Məcəlləsinin birinci oxunuşda müzakirəsi zamanı spiker Sahibə Qafarova deputat Razi Nurullayevə maraqlı təklif edib.


Spiker həmkarına çıxışından sonra parlamentin iqtisadi komitəsinə üzv seçilməsini təklif edib. Buna səbəb isə deputatın iş adamlarının iqtisadi durumu ilə bağlı çıxışıdır.

R. Nurullayev çıxışında bildirib ki, iki gün öncə 600-dən çox türk iş adamı Azərbaycanda qonaq olub: “İndi məni maraqlandıran məsələ budur ki, bu 600 nəfər iş adamının neçəsi Azərbaycanda işləmək istəyəcək? Mənim iş adamları ilə olan söhbətim və aldığım informasiyalar əsas verir deyim ki, az hissəsi. Bilirsiniz niyə? İş adamı pul qazanmaq istəyir, o potensialı görsə, yatırım edəcək, görməsə yox.

Rayonlarda, kəndlərdə fəaliyyət göstərən iş adamlarına bir sıra vergilərin minimuma endirilməsi vacibdir. Xüsusən, turizm obyektləri vergi siyasətinin qurbanına çevrilməsin.

Bakıda fəaliyyət göstərən turizm obyektinin qazancı, müştəriləri ilə rayon və kəndlərdə işləyən iş adamlarının qazancı eyni deyil. Rayon və kəndlərdə, onlar əsasən üç ay yay dövründə işləyir, qalan zaman isə qazandığını da vergilər şəklində geri ödəyir. İşləməyə, biznesi böyütməyə, obyekti genişləndirməyə stimulu qalmır.

İş adamı daha çox iş yeri yaratdıqca dövlətin yükünü azaldır. Ona görə də onlara pul kisəsi kimi baxmaq yox, dünyanı çiyinlərində saxlayan titanlar kimi yanaşmaq lazımdır.

Stimul, motivasiya, həvəs yaratmaq lazımdır, Yoxsa, əlimizdə olan bacarıqlı iş adamlarına pul kisəsi kimi yanaşıb elə onları məcazi mənada soyub-talamaq doğru deyil. Bütün bacarıqlı iş adamları ilə toplam və fərdi iş aparılsın, onların adları cəmiyyətə açıqlansın və dövlət özü onlara çox güzəştli şərtlərlə, illik 1-2 faizlə və ilk beş ilini ödənişdən azad etməklə istədikləri qədər kredit ayırsın. Mən sizi əmin edirəm ki, beş il ərzində bu ölkədə bir dənə olsun belə işsiz qalmayacaq, büdcə isə dolub-daşacaq”.(Qafqazinfo)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu