Avropanın bəzi ölkələri hava məkanını Rusiya təyyarələri üçün bağlayır
İrlandiya hava məkanını Rusiya təyyarələri üçün bağlayacaq və avropalı tərəfdaşlarını da eyni addımı atmağa çağırır.
Bu barədə ölkənin xarici işlər naziri Saymon Koveni tviterdə bildirib.
"Biz, həmçinin Avropa İttifaqı xarici işlər nazirlərinin bugünkü iclasında razılaşdırılacaq genişmiqyaslı sanksiyaları və Ukraynaya yeni yardım paketini dəstəkləyirik”, - nazir əlavə edib.
Almaniya, İsveç, Belçika, İslandiya, Avstriya və Danimarka da Rusiya təyyarələri üçün hava məkanını bağlayıb.
***
Avstriya hava məkanını Rusiya təyyarələri üçün bağlayacaq.
"Report" xəbər verir ki, bu barədə Avstriyanın Ekologiya, Energetika, Nəqliyyat, İnnovasiya və Texnologiyalar naziri Leonore Qevessler bildirib.
"Artıq bütün lazımi hazırlıqları görmüşük. Qərar Rusiyanın Ukraynaya hərbi müdaxilə səbəbilə verilib", - nazir deyib.
Analoji addımı Danimarka hökuməti də atıb.
Danimarkanın xarici işlər naziri Jeppe Kufud tviterdə yazıb ki, Avropa İttifaqı xarici işlər nazirlərinin bugünkü iclasında ümumavropa qadağasına təkan veriləcək.
"Rusiyanın Ukraynaya əsassız hücumu ən sərt beynəlxalq sanksiyalar və qınaqla qarşılanmalıdır", - Kufud əlavə edib.