Suvarma sistemini qura bilmirik deyə, "Vətən Bağı" Şəhidlər Parkında ağaclar quruyur - Emin Tarverdiyev


44 günlük Vətən Müharibəsində çoxları irəli çıxmağa, orduya, dövlətə dəstək olmağa çalışdı. Bunu səmimi edənlər də vardı, loru dillə desək, özünü gündəmə gətirmək üçün edənlər də. Müharibədən sonrakı fəaliyyəti ilə hər kəs öz niyyətinin nə qədər saf olduğunu nümayiş etdirmiş oldu. Çoxları qınına çəkildi, istiqamətini dəyişib yeni gündəmlərdə özünü "sınamağa" başladı. Müsahibimiz Emin Tarverdiyev isə yenə o ampluasındadır. Hələ də müharibədən əziyyət çəkən insanların, şəhid ailələrinin, qazilərin yanında olması ilə o, öz niyyətinin xalisliyini bir daha sübut etdi. Emin bəylə müsahibəmizdə indiyədək gördüyü işlər və yeni yaratdığı "Vətən Bağı" İB-nin fəaliyyəti haqda bir sıra suallara aydınlıq gətirdik.


- Emin bəy, “Vətən Bağı” Sosial Təşəbbüslər ictimai birliyi ilə bağlı hüquqi prosedurlar yekunlaşıbmı, təşkilat tam fəaliyyətə başlayıbmı?

- Demək olar ki, bəli. Cari ilin aprel ayından bu işlərlə məşğuluq. Artıq vergidən uçota alınmışıq, bank rekvizitlərimiz hazırdır. Əməli işə keçməyə start vermişik. Kənardan bəlkə də asan görünsə də, bir az vaxt aparan işlərdi.

- İctimai birliyin rayon şöbələrinin yaranması prosesi nə yerdədir?

- İlk olaraq Bakıda təşkilatlanma işləri aparırıq, bu iş tam sürətlə davam edir. Amma bizə Cəbrayıldan olan dostlar müraciət etdilər. “Vətən Bağı” Sosial Təşəbbüslər İctimai Birliyinin ilk rayon şöbəsini Cəbrayıl rayonu üzrə yaradacağıq. Özləri bu işdə maraqlıdırlarsa, bizim də borcumuz bu işə dəstək verməkdir. Hətta Cəbrayılda da “Vətən Bağı” Şəhidlər Parkını salmaq planlarımıza daxildi. Sadəcə, buna bir az zaman lazımdı. Bildiyimiz kimi, işğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsi işi aparılır. Bu da çox zaman alan bir prosesdir. Həmçinin işğaldan azad olunmuş ərazilərin yeni baş planları hazırlanır. Ona görə də bir az gözləmə mövqeyindəyik.
Biz hətta üzv kimi qəbul olunmaq istəyənləri belə “ələk”dən keçiririk, məsləhətləşmələr aparırıq. Çünki bizə bugün işimizə dəstək verən insanlar lazımdı. Bir az şablon kimi səslənsə də, bizim üçün keyfiyyət kəmiyyətdən önəmlidir.

- Təşkilatın fəaliyyətinə kimlərdən daha çox dəstək alırsınız?

- Əsasən ictimaiyyət nümayəndələrindən fəaliyyətimiz üçün dəstək alırıq. Ətrafımızda həmçinin xeyli şəhid valideynləri, qazilərimiz var ki, işlərimizin yaxşı mənada ictimaiyyətə çatdırılması üçün əllərindən gələni edirlər. Amma bu dəstəkdə jurnalist dostları da unutmaq olmaz. Çünki elə bir zamanda yaşayırıq ki, informasiya bolluğu kifayət qədərdi. Jurnaslitlərimiz isə “Vətən Bağı” Sosial Təşəbbüslər İctimai Birliyinə xüsusi yer ayırırlar. Fürsətdən istifadə edib bizə dəstək olan, yer ayıran, uğurlarımıza sevinən bütün media camiəsinə təşəkkürlərimizi çatdırırıq.

- Fəaliyyətinizdə hansı problemlərlə qarşılaşırsınız? Nə kimi çətinlikləriniz var?

- Şükürlər olsun ki, elə ciddi bir problemlərlə qarşılaşmamışıq. Çətinliklər isə onları dəf etməkdən ötrüdür. Ətrafımızdakı insanlarla o çətinlikləri aşmaq gücündəyik. Çünki biz bu yola qədəm qoyanda çətinlikləri də, problemləri də nəzərə almışdıq. “Yeriyən ayağa daş dəyər” – bizim isə birgə çıxdığımız bu yolda ayağımıza dəyəcək o daşları kənar edəcək komandamız var.

- Dövlət qurumları ilə əməkdaşlıq edirsinizmi? Sizə dəstək olan qurum varmı?

- Bildiyiniz kimi, bizim ilk işimiz Tərtərdə “Vətən Bağı” Şəhidlər Parkını salmaq olub. Bu işdə ilk dəstəyi də Tərtər rayon İcra Hakimiyyətindən almışdıq və bu dəstək davam edir. İcra Hakimiyyətinin başçısına və kollektivinə minnətdarlıq edirəm. Məlumdur ki, biz hələ də o parkın suvarma sistemini qura bilməmişik. Amma onların dəstəyi ilə o park maşınla hər həftə suvarılır.
Sualınız cavabı olaraq bildirim ki, xüsusi olaraq hələ ki, heç bir dövlət qurumu ilə əməkdaşlıq etmirik. Amma bu iş planlarımıza daxildir. Çünki məqsədimiz xalqımızın inkişafı, intibahı və rifahı yolunda töhfə verməkdi. Bu isə mütləqdir ki, dövlət qurumları ilə əməkdaşlıq edəsən.
İlk gördüyümüz işlərdə isə yanımızda olan özəl təşkilatlar var ki, fürsət düşmüşkən həmin özəl təşkilatlara da təşəkkürlərimizi çatdırmaq istəyirəm.

- “Vətən bağı” Şəhidlər Parkında vəziyyət nə yerdədir? Suvarma sistemi ilə bağlı kampaniyanız nəticə verdimi?

- Ötən ilin sentyabr ayında Tərtər rayonunda 3 hektar ərazidə “Vətən Bağı” Şəhidlər Parkını şəhid valideynləri, qazilərimiz və ictimaiyyət nümayəndələri ilə birgə təməlini qoyduq. 4000-dək meyvə ağacı həmin parkda əkildi. Noyabr ayında isə parkın qarşısında bulaq tikildi, “Dəmir Yumruq” və “Xarı Bülbül” metal konstruksiyaları quraşdırıldı.
Xüsusi olaraq qeyd edim ki, həmin parkda meyvə ağaclarının əkilməsi həm də simvolik olaraq məna daşıyır. Çünki şəhidlərimizin əksəriyyəti subay olublar. O ağacların bar verməsi şəhid valideynlərinə az da olsa təsəllidir.
Cari ilin may ayında Naftalan rayonunda təşkil olunmuş şəhid məclisindən sonra biz elə şəhid valideynləri və qazilərimizlə birgə yenidən həmin parka getdik. Tam səmimi deyim ki, oranı görəndə ürəyim dağa döndü. Heç kim inanmırdı ki, 8 ay öncə əkdiyimiz ağaclardan bəziləri bar vermişdi. Şəhid valideynlərinin o sevincini heç nə ilə ifadə etmək mümkün deyil. Amma suvarma sisteminin qurulmaması səsbəbindən kifayət qədər ağac qurumuşdu. Sonradan icra hakimiyyətinin başçısı Müstəqim Məmmədovla görüşdüm. Müstəqim müəllim belə işlərə diqqətcil və həssas adamdı, qeyd etdi ki, sentyabr ayında quruyan hər bir ağacı yenisi ilə əvəzləyəcəklər.
Suvarma sistemi ilə bağlı apardığımız kampaniya hələ ki, nəticə verməyib. Çünki suvarma sisteminin qurulması üçün 12 min manat civarında pul tələb olunur ki, hələ bu məbləğin 3 fazini toplamışıq. Amma qeyd edim ki, bununla kifayətlənmək olmaz. Hazırda 3 özəl təşkilatla parkın suvarma sisteminin qurulması üçün yazılı və şifahi şəkildə danışıqlar davam edir.

- Suvarma sisteminin qurulması ilə bağlı aidiyyatı qurumlara müraciət etmisinizmi?

- Xeyr, rəsmi olaraq heç bir quruma müraciət etməmişik.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu