Dərslər sentyabrın 1-i başlana bilər? - Nazirlikdən açıqlama


“Kim nə deyir desin, müstəqillik dövrümüzdə alınan ən yersiz, lazımsız, faydasız, zərərli qərarlardan biri və bəlkə də birincisi orta və ali məktəblərdə dərslərin sentyabrın 15-dən başlaması barədə qərardır. Fikrimcə, bu qərar təhsil sistemimizdə məqsədli şəkildə dolaşıqlıq yaratmaq üçün verilib”.


Bunu millət vəkili Fazil Mustafa sosial şəbəkə hesabında yazıb. Deputat düşünür ki, dərslər sentyabrın 1-dən başlasa, bu tədrisin keyfiyyətinə də öz təsirini göstərəcək: “Məhz bu qərara görə, Azərbaycanda bütün tədris planı allaq-bullaq olub. Yalan deyirlər, mayın 25-dən sonra heç bir məktəbdə normal dərs keçirilmir, bütün təhsil sistemimiz bu mənasız qərarın girovuna çevrilib. Heç bir ciddi əsaslandırması da yoxdur."

Onun sözlərinə görə, hava şəraitinin bu qərara aidiyyəti yoxdur: “Günəş elə getdi, külək belə əsdi- bunun modern binanın içindəki təhsilə nə dəxli? Günəş çox şüa yollasa, məktəb pəncərələrinin jalüzlərini aşağı salın, vəssəlam. Jalüz yoxdursa valideynlərə deyin pul yığıb düzəltsinlər. Müəllimlər də iyun ayının 15-dək olan mənasız uzatmalardan beziblər. Müzakirəyə çıxarın görək neçə faiz ağıllı tapılacaq ki, dərslərin 15 gün gec başlamasını dəstəkləsin? Mən tam əminliklə söyləyirəm, dərsləri sentyabrın 1-dən başlamaq qərarı verilsin, tədrisin keyfiyyətinə dərhal öz təsirini göstərəcək. Tədrisdə itirilən bir gün belə önəmlidir. Sentyabrın 1-i dərslər başlamalıdır!”

Millət vəkilinin sosial şəbəkələrdə müzakirələrə səbəb olan bu təklifi ilə bağlı Təhsil Nazirliyinə sorğu ünvanladıq. Nazirlikdən hazırda bu məsələnin müzakirə olunmadığı bildirildi: “Ümumi təhsil müəssisələrində tədris ilinin müddəti”nin təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin 24 fevral 2020-ci il tarixli Qərarının 2.3. nömrəli bəndinə əsasən, ümumi təhsilin ibtidai, ümumi orta və tam orta təhsil səviyyələri üzrə dərs məşğələləri hər il sentyabrın 15-də başlayır və növbəti il iyunun 14-də başa çatır. Hazırda bu prosesin dəyişdirilməsi müzakirə olunmur”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu