Səfər Mehdiyev “Caspian Energy Club”un üzvləri ilə görüşdü - FOTOLAR
Son illər gömrük-sərhəd keçid məntəqələrinin buraxılış qabiliyyəti 3 dəfədən çox artıb.
AFN.az xəbər verir ki, bu fikirləri Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev iyulun 14-də DGK rəhbərliyinin və “Caspian Energy Club”un üzvlərinin iştirakı ilə keçirilən biznes forumda səsləndirib. Tədbirdə DGK rəsmiləri, “Caspian Energy Club”un sədri və baş icraçı direktoru Telman Əliyev, eləcə də 110-a qədər sahibkar iştirak edib.
“Caspian Energy Club”un sədri Telman Əliyev çıxış edərək forumun təşkilində göstərilən dəstəyə görə klub üzvləri adından Dövlət Gömrük Komitəsinə təşəkkürünü bildirib. O da qeyd olunub ki, Dövlət Gömrük Komitəsi ilə “Caspian Energy Club” arasında səmərəli, işgüzar münasibətlər qurulub və faydalı əməkdaşlıq COVİD-19 pandemiyası dövründə də davam etdirilib. O da vurğulanıb ki, qurumlar arasında birgə ikitərəfli işçi qrupu fəaliyyət göstərir, bu da gündəlik qarşıya çıxan məsələlərin operativ şəkildə həllinə, gömrük sistemində tətbiq edilən layihələrin, yeniliklərin birgə müzakirə edilərək sahibkarların fikir və rəylərinin öyrənilməsinə imkan yaradır.
Komitə sədri Səfər Mehdiyev artıq ənənə halını alan bu cür tədbirlərin xarici ticarət sahəsində fəaliyyət göstərən bütün maraqlı tərəflərin ehtiyaclarının öyrənilməsinə, problemli məqamların müəyyənləşdirilməsinə və gömrük sisteminin daha da təkmilləşdirilməsi ilə bağlı dayanıqlı həllərin işlənib hazırlanmasına mühüm imkanlar yaratdığını diqqətə çatdırıb.
Qeyd edilib ki, sərhədkeçmə proseslərinə sərf olunan 2-3 saatlıq müddət 4-5 dəqiqəyə endirilib, gömrük-sərhəd keçid məntəqələrinin buraxılış qabiliyyəti bir istiqamətdə 200 yük nəqliyyat vasitəsindən 700-ə çatdırılıb. Hazırda Gürcüstanla sərhəddə yerləşən gömrük-keçid məntəqələri vasitəsilə bir istiqamətdə ümumilikdə 1000-dən artıq nəqliyyat vasitəsinin keçidini təmin etmək mümkündür. Rusiya Federasiyası ilə ilə sərhəddə inşa olunan “Xanoba” gömrük postu fəaliyyətə başladıqdan sonra isə şimal istiqamətində gündəlik 2000-ə qədər nəqliyyat vasitəsinin keçidini təmin etmək mümkün olacaq. Komitə sədri vurğulayıb ki, sərhədkeçmə prosesində əldə olunan nailiyyətlər beynəlxalq ticarətin asanlaşdırılması ilə yanaşı, xarici ticarət iştirakçıları üçün münbit biznes mühitinin formalaşdırılmasına şərait yaradıb, vaxt və vəsait itkisinin qarşısı alınıb.
Səfər Mehdiyev gömrük orqanlarının fiskal sahədəki fəaliyyətindən bəhs edərək bildirib ki, maliyyə nəzarətinin gücləndirilməsi, uçotun düzgün qurulması, könüllü riayət mədəniyyətinin formalaşdırılması istiqamətində atılan addımlar nəticəsində dövlət büdcəsinə ödənilən vəsaitlərin miqdarında ciddi artım müşahidə olunur. Komitə sədri bu sahədə uğurların əldə olunmasında kölgə iqtisadiyyatının, inhisarçılığın aradan qaldırılması, korrupsiyaya qarşı mübarizə tədbirlərinin də əhəmiyyətli rol oynadığını diqqətə çatdırıb.
Sonda Dövlət Gömrük Komitəsinin sədrinə “Caspian Energy Club”un Fəxri üzvlük sertifikatı təqdim edilib. Eyni zamanda klubun üzvlərinə və bir qrup sahibkara səmərəli fəaliyyətlərinə görə “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 30 illiyi (1992-2022)” Azərbaycan Respublikasının yubiley medalı təqdim olunub.