Neftçalada 65 yaşlı kişi qətlə yetirilib
Neftçalada həmkəndlisini qəsdən öldürməkdə şübhəli bilinən şəxs tutulub.
Bu barədə AFN-ə rayon prokurorluğundan məlumat verilib.
Bildirilib ki, aqustun 30-u saat 12 radələrində 1957-ci il təvəllüdlü Səxavət Əliyevin yaşadığı evdə öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Aparılan araşdırmalarla zərərçəkmişin həmkəndlisi, 1984-cü il təvəllüdlü Saleh Qurbanovun şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı kəsici-deşici alətlə xəsarətlər yetirərək Səxavət Əliyevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Neftçala Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.
Saleh Qurbanov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
İstintaq tədbirləri davam etdirilir.