İlham Əliyev İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq nazirinin müavinini qəbul edib


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 3-də İtaliya Respublikasının xarici işlər və beynəlxalq əməkdaşlıq nazirinin müavini Edmondo Çiriellini qəbul edib.


Dövlət başçısı Azərbaycan-İtaliya ikitərəfli münasibətlərinin uğurla inkişaf etdiyini deyərək, bu baxımdan qarşılıqlı səfərlərin əhəmiyyətini vurğulayıb və cari ilin əvvəlindən indiyədək İtaliyanın 3 nazirinin, həmçinin bu gün nazir müavinin ölkəmizə səfərinin əlaqələrimizin çox yüksək səviyyədə olmasının göstəricisi kimi dəyərləndirib.

Prezident İlham Əliyev ölkələrimiz arasında münasibətlərin strateji tərəfdaşlıq müstəvisində inkişaf etdiyini qeyd edərək əlaqələrimizin böyük hissəsinin energetika sahəsi ilə bağlı olduğunu deyib, hazırda Avropanın enerji təhlükəsizliyi istiqamətində atılan addımların Azərbaycan-İtaliya əməkdaşlığını daha da gücləndirdiyini vurğulayıb.

Dövlət başçısı eyni zamanda İtaliyanın Azərbaycanın birinci ticarət tərəfdaşı olduğunu xatırladaraq ticarət dövriyyəsinin əsas hissəsinin Azərbaycanın neft-qaz ixracını təşkil etdiyini deyib və bu baxımdan əməkdaşlığımızın strukturunun genişləndirilməsi ilə bağlı əlavə addımların atılmasının zəruriliyini qeyd edib.

Prezident İlham Əliyev Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması və sülh gündəliyi haqqında məlumat verərək ölkəmizin İkinci Qarabağ müharibəsindən dərhal sonra Ermənistanla sülh müqaviləsinin imzalanması ilə bağlı təkliflərlə çıxış etdiyini diqqətə çatdırıb.

Azərbaycan Prezidenti Edmondo Çiriellinin ölkəmizə səfərinin məhsuldar olacağına əminliyini bildirib.

Azərbaycan-İtaliya əlaqələrinin minilliklərlə yaşı olduğunu qeyd edən Edmondo Çirielli münasibətlərimizin kökünün hətta antik dövrlərə gedib çatdığını vurğulayıb. Azərbaycanın İtaliya üçün çox önəmli ölkə olduğunu deyən qonaq Cənubi Qafqazda sabitlik baxımından ölkəmizin strateji əhəmiyyətini qeyd edib, Azərbaycanın regionda müstəqil və suveren siyasət apardığını vurğulayıb. İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq nazirinin müavini siyasi əlaqələrlə yanaşı, iqtisadi sahədə əməkdaşlığın da xüsusi əhəmiyyət kəsb etdiyini bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu