BNA-nın ləğvi nəyisə dəyişəcəkmi?


Əlaqələndirmə Şurasının yaradılması və BNA-nın AYNA-ya birləşdirilməsi yeni bir yol ayrıcıdır, hər şeyə sanki yenidən başlamaq deməkdir.


AFN.az xəbər verir ki, bunu nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov Bakı Nəqliyyat Agentliyinin ləğv edilərək, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə verilməsinə münasibət bildirərkən deyib. O qeyd edib ki, seçilən yolun uğurlu olub-olmayacağını isə bəri başdan demək çətindir: "Son 20 ildə artıq üçüncü dəfədir ki, nəqliyyat sahəsində ciddi institusional dəyişiklik baş verir. Hər şey çevik fəaliyyətdən, müəyyən edilən dövlət siyasətinin nə dərəcədə uğurlu olması və icra mexanizmindən asılı olacaq. İctimai nəqliyyatda hazırda ən vacib məsələ iqtisadi problemdir. Bakıda 27 metrostansiyanın olması ayıbdır. Burada heç olmasa 127 metrostansiya olmalı idi. Bakı kimi şəhərdə şəhərətrafı qatarlar bütün kənd və qəsəbələri əhatə etməlidir. Mükəmməl avtobus marşurutları, tramvay xətləri, sanballı taksi sistemi olmalıdır. Hazırda isə bunların heç biri yoxdur”.

Ekspert bildirib ki, şəhərin ictimai nəqliyyatının idarə olunmasına ciddi yanaşma sərgilənməlidir: "Həmin yanaşma da vahid dövlət siyasəti çərçivəsində olmalıdır. Nəqliyyatı Əlaqələndirmə Şurasının əsas hədəfi də dövlət siyasətinin müəyyən edilməsilə bağlı olmalıdır. Mobilliyin təmin edilməsi, yol-hərəkət təhlükəsizliyinin təmini, yol-nəqliyyat infrastrukturu, ictimai nəqliyyatının inkişafı məsələlərini Əlaqələndirmə Şurası müəyyən etməlidir”.

Ekspert ictimai nəqliyyatın inkişafına nail olmaq üçün böyük sərmayəyə ehtiyac olduğunu düşünür.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu