BSU-nun sabiq müəllimi dələduzluğa görə həbs edildi
Bakı Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən Yaqut Məmmədovanın barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
AFN.az pravda.az-a istinadən xəbər verir ki, hakim Elmar Rəhimovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, Y.Məmmədovanın şikayəti təmin edilməyib.
Nizami Rayon Məhkəməsinin hökmü ilə Yaqut Məmmədova iki il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Hökmdə qeyd edilib ki, o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.
İttihama görə, Y.Məmmədova Bakı Slavyan Universitetində (BSU) baş metodist vəzifəsində işləyərkən Nurəddin Abdullayevin övladını İ.M.Seçenov adına Moskva Tibb Universitetinə qəbul olunmasına kömək edəcəyinə dair yalan vəd verərək aldadıb. Belə ki, o, həmin şəxsin etibarından sui-istifadə etməklə 2018-ci ildə paytaxt ərazisində yerləşən restoranlardan birində zərərçəkmişdən 10 000 manat və digər bir kafedə 25 000 manat nağd pulunu ələ keçirib. Bununla da o, Nurəddin Abdullayevə qarşı ümumilikdə 35 000 manat miqdarında maddi ziyan vurmaqla dələduzluq edib.
Məhkəmə istintaqı zamanı ifadə verən Y.Məmmədova ona Cinayət Məcəlləsinin 178.2.3-cü (dələduzluq) və 178.2.4-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O qeyd edib ki, 1984-cü ildən BSU-da metodist işləyib, hazırda təqaüdə çıxıb. 2018-ci ilin yay aylarında işlədiyi ali məktəbdə əvvəllər dekan vəzifəsində çalışmış Fidan Qaraqurbanlı ilə söhbət zamanı sonuncu ona söyləyib ki, tanışının qızı instituta qəbul olunmaq üçün sənəd verib, lakin imtahanda topladığı bal qəbul üçün kifayət etməyib. Ondan həmin işi düzəldə bilən münasib tanışının olub-olmadığını soruşub. Həmin vaxt Y.Məmmədova F.Qaraqurbanlıya deyib ki, elə bir tanışı var, bir neçə ilə əvvəl həmin tanışı onun qohumunun instituta qəbul olunmasına kömək edib.
Növbəti gün F.Qaraqurbanlının adından ona bir qadın zəng edib görüşmək istədiyini bildirib və onunla restoranda görüş təyin edib. Y.Məmmədova ifadəsinin davamında zərərçəkmiş N.Abdullayevdən 35 000 manat pul aldığını etiraf edib. O bildirib ki, sonda N.Abdullayev qızının Moskva şəhərində deyil, Bakıda təhsil almasını istəyib. Sonda zərərçəkmiş təqsirləndirilən şəxsdən şikayətçi olub və Y.Məmmədova polis əməkdaşları tərəfindən saxlanılıb. İstintaq dövründə onun barəsində həbs qətimkan tədbiri seçilib.