Qardaşını öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib
İyunun 17-də Biləsuvar rayon sakini 1984-cü il təvəllüdlü Amil Şirqasımovun qəsdən öldürülməsi faktına görə rayon prokurorluğunda başlanmış cinayət işinin istintaqı yekunlaşıb.
Biləsuvar rayon prokurorluğundan AFN.az-a verilən məlumata görə, istintaqla 1987-ci il təvəllüdlü Abuzər Şirqasımovun rayonun, Xırmandalı kəndi ərazisində yaşadıqları evdə aralarında yaranmış mübahisə zamanı qardaşı Amil Şirqasımova bıçaqla xəsarətlər yetirərək xüsusi amansızlıqla qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Abuzər Şirqasımova Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə yekun ittiham elan edilib və barəsində məhkəmənin qərarı əsasında həbs qətimkan tədbiri seçilib.
Cinayət işi baxılması üçün Lənkəran Ağır Cinayətlər məhkəməsinə göndərilib.