“Dılı” sözünə görə qohumunu bıçaqladı - MƏHKƏMƏ
Lənkəran Ağır Cinayətlər Məhkəməsində Füzuli rayonunda qohumunu bıçaqlamaqda təqsirləndirilən Səlim Əsədovun (şərti) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Neymət Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə o, 3 il müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, hadisə 14 iyul 2023-cü il tarixdə, saat 23:30 radələrində yaşadığı Füzuli rayonu, Babı kəndi ərazisində qeydə alınıb.
Belə ki, Səlim Əsədov olaydan əvvəl həmkəndlilərinin işlətdiyi kafenin yanından keçib gedərkən obyektin həyətində tanışları ilə birlikdə oturub pivə içən həmkəndlisi və qohumu, zərərçəkmiş Qalib Fərəcov (şərti) onlarla oturub yeyib-içməsini təklif edib. O isə zərərçəkmiş şəxsə “Dılı” deyərək müraciət edib, onunla eyni masada oturmaq istəmədiyini bildirib. Qalib də özünün “Dılı” ləqəbi ilə çağırılmasından utandığına görə Səlimə “Dılı” sən özünsən” sözlərini söyləyib və onların arasında mübahisə yaranıb. Səlim Əsədov ərazidən uzaqlaşıb. Təqsirləndirilən şəxs bir neçə dəqiqədən sonra isə qohumu ilə aralarında baş vermiş mübahisəyə aydınlıq gətirmək üçün yenidən yaşadığı kəndin mərkəzinə qayıdaraq həmin vaxt kəndarası asfalt yolunun kənarında dayanıb sakinlərlə söhbət edən Qalib Fərəcovu kənara çağırıb, onunla təklikdə söhbət edəcəyini bildirib. Səlim söhbət zamanı üzərində gəzdirdiyi bıçaqla zərərçəkmiş şəxsin qarın nahiyəsindən qəsdən bir zərbə vuraraq ona xəsarət yetirib.
Hadisədən sonra Səlim Əsədov saxlanılıb və barəsində həbs qətimkan tədbiri seçilib.