Konstitusiya Məhkəməsi prezident seçkilərinin nəticələrini təsdiqləyib - YENİLƏNİB
Konstitusiya Məhkəməsi 2024-cü il fevralın 7-də keçirilmiş prezident seçkilərinin nəticəsini təsdiq edib.
APA-nın xəbərinə görə, müşavirədən sonra Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev Konstitusiya Məhkəməsi Plenumunun qərarını elan edib.
Qeyd edilib ki, Bakı Apelyasiya məhkəməsində 8, Sumqayıt Apelyasiya Məhkəməsində 1 şikayətə baxılıb, şikayətlər əsassız hesab edilib. Prokurorluğa isə seçki hüququnun pozulması ilə bağlı 1 şikayət daxil olub, şikayət öz təsdiqini tapmayıb.
Qərara əsasən, Konstitusiya Məhkəməsi prezident seçkilərinin nəticələrini təsdiqləyib.
Konstitusiya Məhkəməsinin qərarı ilə Mərkəzi Seçki Komissiyasının yekun protokoluna əsasən, İlham Əliyev 92.12 faiz səslə prezident seçkilərində qalib gəlib.
Qərardan sonra Azərbaycan Respublikasının Dövlət himni oxunub.
***
Konstitusiya Məhkəməsi Plenumunun növbədənkənar prezident seçkisinin yekunlarına həsr olunan iclasında sədr Fərhad Abdullayev fasilə elan edib.
Oxu.Az xəbər verir ki, Konstitusiya Məhkəməsinin hakimləri qərar vermək üçün müşavirəyə yollanıblar.
***
Konstitusiya Məhkəməsi Plenumunun növbədənkənar prezident seçkisinin yekunlarına həsr olunan iclasında Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov çıxış edib.
Oxu.Az-ın məlumatına əsasən, o, seçki qanunvericiliyinin tələblərindən irəli gələn prosedurların icra olunduğunu bildirib.
M.Pənahov deyib ki, seçki prosesində seçici siyahıları hazırlanıb, müvafiq olaraq dairə və məntəqə seçki komissiyalarına təqdim edilib.
MSK sədri seçki prosesi zamanı prezidentliyə namizədliyin irəli sürülməsi, prezidentliyə namizədlərin qeydə alınması barədə də məlumatlar verib.
***
Azərbaycan Konstitusiya Məhkəməsi Plenumunun iclası başlayıb.
“Report”un xəbərinə görə, toplantıda fevralın 7-də keçirilmiş növbədənkənar prezident seçkilərinin yekunlarına dair Mərkəzi Seçki Komissiyasının (MSK) protokolunun təsdiq edilməsi və seçkilərin nəticələri ilə bağlı məsələyə baxılır.
Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev məhkəmə heyəti və katibini təqdim edib.
İclasda məruzəçi hakim prezident seçkilərinin vaxtının təyin edilməsi, keçirilməsi və yekunları barədə məlumat verməyə başlayıb.
Bildirilib ki, MSK fevralın 7-də keçirilmiş növbədənkənar prezident seçkiləri ilə əlaqədar səsvermənin ümumi yekunlarına dair protokolun təsdiqi və seçkilərin yekunlarının təsdiq edilməsi üçün Konstitusiya Məhkəməsinə təqdim olunması barədə qərar qəbul edib və təqdim edilən sənədlər Konstitusiya Məhkəməsində yoxlanıb.