Bizə buna görə hücum olunmamalıdı - İlham Əliyev
Prezident İlham Əliyev martın 1-də Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu iclası və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasındakı çıxışında ölkəmizin bu il COP29 Konfransına ev sahibliyi etməsinin önəmindən də söz açıb.
İ.Əliyev bu barədə qərar qəbul olunan kimi ölkəmizin müxtəlif QHT-lərin və media təşkilatlarının hücumuna məruz qaldığını vurğulayaraq deyib:
“İqlim dəyişikliyi ilə bağlı bu qlobal tədbirə ev sahibliyi etmək istəyimizin olması bizim iradəmizi nümayiş etdirir. Bizə buna görə hücum olunmamalıdır, biz təqdir edilməliyik. Biz heç bir yanlış iş görməmişik. Lakin qərar qəbul olunan kimi bizə qarşı dərhal əlaqələndirilmiş, konsolidasiya olunmuş və çox ədalətsiz hücum edildi.
Əvvəlki illərdə Azərbaycana qarşı çoxlu hücumlar olmuşdur, biz buna adət etmişik, biz özümüzü müdafiə edə bilərik. Lakin mən sizə sadəcə məlumat vermək istəyirəm ki, COP29-un Azərbaycanda təşkil edilməsi barədə yekdil qərar beynəlxalq birliyin ölkəmizə hörmətinin əlamətidir. Bizim tədbirə ev sahibliyi etmək və bu işə töhfə vermək istəyimiz yaşıl gündəliyimizi nümayiş etdirir”.