Sentyabrda parlament seçkiləri keçirilə bilər
"Parlament seçkiləri sentyabrda keçirilə bilər".
AFN.az xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında hüquqşünas Qulamhüseyn Əlibəyli deyib.
Qulamhüseyn Əlibəyli bildirib ki, parlament seçkilərinin noyabrda keçirilməsi ümumi tələbdir, amma seçkilərin vaxtı dəyişdirilə də bilər: "Konstitusiyaya görə, növbədənkənar seçilmiş parlamentin səlahiyyətinin 5-ci ilində yeni seçkilər keçirilməlidir. Bu ilin fevralında 2020-ci ildə keçirilən növbədənkənar seçkilərlə formalaşan parlamentin səlahiyyətinin 4-cü ili başa çatıb, indi 5-ci ilidir. Ona görə də noyabrda Konstitusiyanın tələbinə görə mütləq şəkildə parlament seçkiləri keçirilməlidir. Lakin noyabrda Azərbaycanda digər mühüm tədbir də olacaq. Bu, iqlim dəyişikliyilə bağlı Bakıda keçiriləcək beynəlxalq konfransdır. Belə olan halda, parlament seçkilərinin təxirə salınması yox, qabağa çəkilməsi daha düzgün olardı".
Həmsöhbətimiz güman edir ki, seçkilər müəyyən müddətə irəli çəkiləcək: "Müharibə şəraiti olsaydı, seçkiləri geri çəkmək olardı. Amma indi müharibə şəraitində deyilik. Ona görə də parlament seçkilərinin yayda, yaxud da payızın ilk aylarında keçiriləcəyi ehtimalı daha böyükdür. Seçki mühüm dövlət xarakterli tədbirdir. Bu kimi tədbirlərin keçirilməsinə də kifayət qədər vaxt lazımdır. Bu səbəbdən güman edirəm ki, sentyabr ayı seçkilərin keçirilməsi üçün normal zamandır".
Qeyd edək ki, son zamanlar Azərbaycanda bu il ərzində parlament seçkilərinin keçiriləcəyi barədə informasiyalar geniş yayılmağa başlayıb. Hətta bunu deputatlar da təsdiqləyirlər. Deputat Qüdrət Həsənquliyev də Azərbaycanda bir neçə aydan sonra parlament seçkilərinin gözlənildiyini deyib:
"Bir neçə aydan sonra parlament seçkiləri olmalıdır. Amma yeni formalaşacaq parlamentin də 5 il fəaliyyət göstərəcəyini düşünmürəm. Çünki ölkədə köklü Konstitusiya islahatları aparılmalıdır. Biz çatdıra bilmədik, amma referendum keçirilməlidir".