Böyük Britaniyanın Baş naziri tətilini ləğv etdi
Böyük Britaniyanın baş naziri Keir Starmer ölkədə davam edən miqrantlara qarşı iğtişaşlar fonunda tətilini ləğv edib.
AFN.az xəbər verir ki, bu barədə "Sky News" telekanalı məlumat yayıb.
Etirazlar başlayandan indiyədək ölkə üzrə 779 nəfərin saxlanıldığı bildirilir. Onlardan 359 nümayişçi ictimai asayişi pozmaqda ittiham olunub.
Böyük Britaniyanın onlarla şəhərində iğtişaşlara çevrilən etirazlar 10 gündən artıqdır ki, davam edir. İğtişaşlara səbəb İngiltərənin Southport şəhərində baş verən faciə olub. Belə ki, iyulun 29-da 17 yaşlı yeniyetmə Aksel Rudakubana uşaq rəqsi üzrə ustad dərsinin iştirakçılarına bıçaqla hücum edib. Üç qız həlak olub, daha səkkiz uşaq və iki böyük yaralanıb. Hücum edən şəxs saxlanılıb. Ölkə mediasının yazdığına görə, Rudakubananın kökləri Ruandalıdır, ailəsi vətənlərindəki soyqırımdan Böyük Britaniyaya qaçıb.
Aksiyalar zamanı onlarla hüquq-mühafizə orqanı əməkdaşı yaralanıb, bir neçə mağaza, polis məntəqəsi və avtomobil yandırılıb. Bir sıra hallarda sağçı fəallar Fələstinə dəstək və irqçiliyə qarşı paralel etiraz aksiyalarının iştirakçıları ilə toqquşublar. Son günlərdə müsəlman icmaları və solçu siyasi qüvvələrin nümayişləri nəzarətsiz immiqrasiya əleyhdarlarının nümayişlərindən daha çox etirazçı cəlb edib.