Xızı Rayon İcra Hakimiyyəti onlarla sakini yox sayır - VİDEO

Bir neçə gün əvvəl Xızı rayonu Sitalçay kəndinin sakinlərinin susuzluq problemi ilə bağlı şikayəti ictimailəşdirilib.
AFN.az xatırladıq ki, sakinlər yay aylarında susuzluqdan əziyyət çəkdiklərini, öz hesablarına kəndə su borusu çəkmək istədiklərini, lakin Xızı Rayon İcra Hakimiyyətinin başçısı Xəzər Aslanovun buna imkan vermədiyini bildirirlər. Şikayətçilər qeyd edirlər ki, Sitalçayın yaxınlığından keçən iki böyük su kanalından kəndə su çəkdirmək üçün bütün avadanlıqlar hazırdır: "Başçı deyir ki, pul verin su çəkilsin kəndinizə".
Sakinlərin sözlərinə görə, kəndin yaxınlığında X.Aslanova məxsus böyük zeytun bağı var və orada nədənsə su qıtlığı yaşanmır.
Qeyd edək ki, onların şikayətini millinet.tv ictimailəşdirib. Yazı AFN.az-da dərc edilməzdən əvvəl X.Aslanova zəng etsək də, o danışmadı. Daha doğrusu başçının otağındakı telefona cavab verən şəxs bizə 5 dəqiqə sonra zəng etməyi məsləhət görsə də, sonrakı zənglərimizə cavab verilmədi. Yazı ilə bağlı Xızı Rayon İcra Hakimiyyəti sosial şəbəkə üzərindən mövqe açıqlayıb. Mövqedə bildirilir: "Xızı rayonu Sitalçay kəndində əhalinin suya olan tələbatının yay fəslində artması, təbii su mənbələrində mövsümi olaraq suyun səviyyəsinin azalması səbəbindən kəndin bir hissəsində müvəqqəti çətinlik yaranıb. Hal-hazırda rayonun aidiyyəti qurumları tərəfindən su maşınları ilə əhaliyə suyun verilməsi təmin edilir. Kəndə yeni su xəttinin çəkilməsi nəzərdə tutulur.
Sosial mediada kənd sakinləri tərəfindən səsləndirilən ittihamlar əsassızdır. Mənbəyi olmayan məlumatların yayılması hüquqi məsuliyyət yaradır".
Göründüyü kimi, RİH problemi inkar etmir, amma təsdiq də etmir. Üstəlik, onlarla sakinin danışdığı, dediyi əsasında yazılan məqaləni "mənbəsi olmayan" adlandırır, KİV-ə əsassız olaraq hüquqi məsuliyyəti xatırladaraq hədə-qorxu gəlir . Əcəba, Xızı RİH-də hüquqi məsuliyyət anlayışı necə tövsif edilir? Bir kəndin sakinlərini mənbə saymamaq hansı peşəkarlıqdan və məsuliyyətdən irəli gəlir? Təəssüf ki, RİH-in rəsmi səhifəsi bu sualları cavablandırmayıb.