Zelenski İlham Əliyevə zəng etdi

Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
AFN.az xəbər verir ki, o, İlham Əliyevə AZAL-ın təyyarəsinin qəzaya uğraması ilə bağlı lazımi köməklik göstəriləcəyini vəd edib və təyyarə faciəsi ilə bağlı Rusiya Federasiyasından izahat tələb edib
Prezidentlər həmçinin ikitərəfli əlaqələrin intensivləşdirilməsi barədə razılığa gəliblər.
Zelenski İlham Əliyevlə söhbəti haqda özünün X sosial şəbəkəsindəki paylaşımında məlumat verib.
O, həmçinin Azərbaycan Hava Yollarının J2-8243 reysinin qəzaya uğraması ilə əlaqədar Əliyevə və Azərbaycan xalqına başsağlığı verdiyini bildirib.
"Biz pilotların və təyyarənin bütün heyətinin qəhrəmanlığını qeyd etdik", - deyə Zelenski qeyd edib.
Onun sözlərinə görə, hazırda əsas prioritet əslində baş verənlərlə bağlı bütün suallara cavab verəcək hərtərəfli araşdırmadır. “Rusiya aydın izahat verməli və dezinformasiyanın yayılmasını dayandırmalıdır”, - deyə Zelenski bildirib.
O, həmçinin qeyd edib ki, Qazaxıstanın Aktau yaxınlığındakı qəza yerindən çəkilmiş foto və videolarda gövdəyə dəyən ziyan, deşiklər və çuxurlar aydın şəkildə görünür ki, bu da havadan müdafiə raket zərbəsini çox xatırladır.
“Biz bu vəziyyətdə Azərbaycanı bütün lazımi vasitələrlə dəstəkləyəcəyik və digər ölkələri də yardım göstərməyə çağıracağıq". deyə Ukrayna prezidenti bildirib.