Dövlət Neft və Sənaye Universitetinə rektor təyin edilib


Rüfət Əzizov Sumqayıt Dövlət Universitetinin rektoru vəzifəsindən azad edilib.


Bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Dövlət başçısının digər Sərəncamına əsasən, Rüfət Əzizov Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru təyin edilib.

Xatırladaq ki, R. Əzizov 2023-cü ilin sentyabrından SDU-nun rektoru vəzifəsini icra edirdi.

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru Mustafa Babanlı isə 2023-cü ilin iyulunda vəzifəsindən azad edilib.

Kimya elmləri üzrə fəlsəfə doktoru olan Rüfət Əzizov 2023-cü ildən Sumqayıt Dövlət Universitetinin rektoru vəzifəsini tuturdu.

Qeyd edək ki, 45 yaşlı Rüfət Əzizov 1998-ci ildə Beynəlxalq Mendeleyev Kimya Olimpiadası qalibi kimi Lomonosov adına Moskva Dövlət Universitetinin Kimya fakültəsinə imtahansız olaraq qəbul olub. Həmin universitetdə aspirantura təhsilinə davam edərək, 2006-cı ildə namizədlik dissertasiyasını müdafiə edib və Kimya Elmləri Namizədi (PhD) elmi dərəcəsi alıb.

2014-2016-cı illərdə ADA/Maastricht Universitetlərinin birgə MBA proqramını və 2018-2020 illərdə isə Oxford Universitetinin (Said Business School) ali biznes idarəçiliyi, Executive MBA proqramını bitirib.

“Cornell” Universiteti Ali İdarəetmə, “George Washington” Universiteti Layihələrin İdarə olunması və “Oxford” Universiteti Süni İntellekt Proqramlarını bitirib.

7 yanvar 2021-ci ildə elm və təhsil naziri Emin Əmrullayevin Əmri ilə Təhsil İnstitutunun direktoru vəzifəsinə təyin olunub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu