BDU rektoru BMT-nin proqram rəhbər heyətinin illik yığıncağında çıxış edib
![](/uploads/posts/2025-02/elcin-babayev.jpg)
Avstriyanın paytaxtı Vyanada BMT-nin Kosmosdan Dinc Məqsədlərlə İstifadə üzrə Komitəsinin (COPUOS) 62-ci sessiyası çərçivəsində Beynəlxalq Kosmik Hava Təşəbbüsü (ISWI) üzrə proqramın rəhbər heyətinin illik yığıncağı keçirilib.
AFN.az xəbər verir ki, tədbirin əsas məqsədi müxtəlif ölkələrdə kosmosdan istifadə sahəsində elmi-tədqiqat cihazları və alətlərinin yerləşdirilməsi, eləcə də kadr hazırlığı üzrə beynəlxalq əməkdaşlığın gücləndirilməsidir. Yığıncaqda Beynəlxalq Kosmik Hava Təşəbbüsü proqramının ölkə üzrə milli koordinatorları hesabatlarını təqdim edib, həmçinin müvafiq sahələrdə yeni əməkdaşlıq imkanları müzakirə olunub.
Bakı Dövlət Universitetinin (BDU) rektoru, Azərbaycan üzrə milli koordinator Elçin Babayev "Azərbaycanda kosmik hava fəaliyyətləri" mövzusunda çıxış edərək, ölkəmizin bu sahədəki inkişafı və gələcək hədəfləri barədə ətraflı məlumat verib. Çıxışda Azərbaycanın kosmik tədqiqatlar sahəsindəki strateji addımları, elmi potensialı və beynəlxalq aləmdəki nüfuzu vurğulanıb. Rektor Elçin Babayev çıxışında BDU-nun gələcəkdə kosmik hava fəaliyyətləri ilə bağlı daha çox beynəlxalq əməkdaşlıq qurmağı və bu sahədə dünya səviyyəli layihələr həyata keçirməyi hədəflədiyini qeyd edib. Bu məqsədlə Universitetin müxtəlif beynəlxalq təşkilatlarla əlaqələrinin genişləndirilməsi, müasir elmi-texniki cihaz və avadanlıqların qurulması və işə salınaraq beynəlxalq elmi məlumat bazalarına inteqrasiya edilməsi istiqamətində işlərin davam etdiriləcəyini diqqətə çatdırıb.
Yığıncaq çərçivəsində həmçinin, iştirakçı ölkələr arasında kosmos və kosmik hava tədqiqatları sahəsində birgə layihələrin həyata keçirilməsi, elmi məlumatların mübadiləsi və yeni tədqiqat istiqamətlərinin müəyyənləşdirilməsi barədə müzakirələr aparılıb. Bu, beynəlxalq səviyyədə elmi tərəfdaşlıqların genişlənməsinə və kosmos tədqiqatlarının inkişafına mühüm töhfələr verir.